Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran vəzifələrin dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Çıxışda Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli maraqların qorunması, təhlükəsizliyin təmin edilməsi və gələcək inkişaf istiqamətləri ilə bağlı məsələlər diqqət mərkəzində olub.Yeni Azərbaycan Partiyasının yaranması müstəqil Azərbaycanın mürəkkəb ictimai-siyasi proseslərdən keçdiyi dövrə təsadüf edib. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan partiya ölkəmizdə dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, siyasi sabitliyin təmin olunması və milli maraqların müdafiəsi istiqamətində mühüm rol oynayıb. Bu gün də Heydər Əliyevin siyasi irsi Azərbaycanın inkişaf strategiyasının əsas istiqamətlərindən biri kimi əhəmiyyətini qoruyur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət ölkənin beynəlxalq mövqelərinin gücləndirilməsi və milli maraqların ardıcıl müdafiəsi ilə xarakterizə olunur.Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ölkəmizin müasir tarixində yeni mərhələnin başlanğıcıdır. 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ildə suverenliyimizin tam bərpa olunması dövlətimizin gücünü və xalqımızın birliyini nümayiş etdirdi. Qarşıda duran əsas vəzifələr əldə edilmiş nailiyyətlərin qorunması, regionda dayanıqlı sülhün təmin edilməsi, azad edilmiş ərazilərin bərpası və ölkəmizin inkişafının davam etdirilməsidir. Bu gün Azərbaycan yeni reallıqlar şəraitində gələcək hədəflərini müəyyənləşdirərək regional əməkdaşlıq və iqtisadi tərəqqi üçün əlavə imkanlar yaradır.Müasir dünyada təhlükəsizlik anlayışı yalnız hərbi güclə məhdudlaşmır. İnformasiya və ideoloji təhlükəsizlik, iqtisadi dayanıqlıq, milli-mənəvi dəyərlərin qorunması da dövlətin gücünü müəyyən edən mühüm amillərdir. Xüsusilə rəqəmsal informasiya mühitində yanlış məlumatların və müxtəlif manipulyasiyaların yayılması cəmiyyətin məlumatlılığını və tənqidi düşüncəsini daha da vacib edir. Buna görə də milli maraqların qorunması, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi və müasir çağırışlara uyğun ideoloji fəaliyyətin təşkili xüsusi əhəmiyyət daşıyır.Ölkəmizin gələcək inkişafında iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığın dəstəklənməsi, yeni iş yerlərinin yaradılması və regionların inkişafı da mühüm yer tutur. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri, Böyük Qayıdış proqramı və yeni infrastruktur layihələri Azərbaycanın inkişaf gündəliyinin əsas istiqamətlərindəndir. Eyni zamanda, gənclərin təhsili, müasir texnologiyalara yiyələnməsi və ictimai həyatda fəal iştirakı ölkənin gələcək potensialının gücləndirilməsinə xidmət edir.Yeni Azərbaycan Partiyasının VIII Qurultayı partiyanın qarşısında duran təşkilati və ideoloji vəzifələrin yeni dövrün tələblərinə uyğun müəyyənləşdirilməsi baxımından da əhəmiyyətlidir. Partiyanın cəmiyyətlə əlaqələrinin gücləndirilməsi, gənclərlə işin təkmilləşdirilməsi və müasir kommunikasiya imkanlarından səmərəli istifadə edilməsi qarşıdakı mərhələdə xüsusi önəm daşıyır. Siyasi təşkilatların fəaliyyəti yalnız qəbul edilən qərarlarla deyil, onların həyata keçirilməsi və cəmiyyətin inkişafına verdiyi töhfə ilə də ölçülür.Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışı Azərbaycanın yeni tarixi şəraitdə qarşısında duran hədəfləri bir daha gündəmə gətirir. Dövlət müstəqilliyinin möhkəmləndirilməsi, suverenliyin qorunması, iqtisadi tərəqqinin davam etdirilməsi və milli həmrəyliyin gücləndirilməsi ölkəmizin gələcək inkişafının əsas istiqamətləridir. Əldə edilmiş nailiyyətlərin davamlı nəticələrə çevrilməsi isə ardıcıl siyasət, səmərəli idarəetmə və cəmiyyətin ümumi səylərini tələb edir. Azərbaycanın qarşısında duran yeni vəzifələrin uğurla yerinə yetirilməsi dövlətçilik ənənələrinin qorunması və müasir inkişaf imkanlarından səmərəli istifadə olunması ilə sıx bağlıdır.
YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB