VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun konsepsiyaları və reallıqlar
Prezident İlham Əliyevin Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun (“Ortaq gələcək naminə dialoq: Bölünmüş dünyada körpülərin qurulması”) açılış mərasimindəki dərin məzmunlu nitqi Azərbaycanın qlobal dialoq mərkəzi kimi statusunu təsdiqləməklə yanaşı, milli dövlətçilik təfəkkürümüzün mənəvi təməli olan Azərbaycançılıq ideologiyasının tarixi və müasir fəlsəfəsini bir daha sistemli şəkildə ortaya qoydu.
Azərbaycanın qlobal sülh və mədəniyyətlərarası həmrəylik təşəbbüslərinin ("Bakı Prosesi") arxasında əsrlər boyu formalaşmış dövlətçilik ənənəsi, etno-mədəni harmoniyanı qoruyub saxlamaq bacarığı və tarixi varislik prinsipi dayanır. Prezident İlham Əliyevin dövləti idarəetmə strategiyasında Azərbaycançılıq yalnız müəyyən bir etnosun milli-mədəni özünütəsdiq konsepsiyası deyil, bu torpaqda yaşayan bütün xalqların, etnik qrupların və konfessiyaların ortaq dəyəri, birləşdirici bayrağıdır.

Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş Azərbaycançılıq məfkurəsi müasir dövrdə Prezident İlham Əliyev tərəfindən keyfiyyətcə yeni müstəviyə – Zəfər Doktrinası və Qlobal İnteqrasiya Modeli səviyyəsinə qaldırılmışdır. VII Ümumdünya Forumunun tribunasından verilən mesajların ən mühüm mahiyyəti ondan ibarətdir ki, 44 günlük Vətən Müharibəsində və lokal anti-terror tədbirlərində qazanılan tarixi Zəfər Azərbaycançılıq ideologiyasının praktiki qələbəsi idi. Ölkəmizdə yaşayan bütün etnik və dini icmaların nümayəndələri vahid Vətən uğrunda, eyni səngərdə çiyin-çiyinə vuruşaraq bu ideologiyanın sarsılmazlığını nümayiş etdirdilər.
Prezident İlham Əliyev nitqində Azərbaycanın daxili sabitlik və harmoniyanı necə qoruduğunu dünyaya nümunə kimi göstərmişdir. Ölkə daxilində bərqərar olan bu "multikultural ailə" modeli xarici siyasətdə "Bakı Prosesi" vasitəsilə bəşəriyyətin üzləşdiyi ksenofobiya, islamofobiya və irqçilik böhranlarına qarşı ən effektiv alternativ kimi çıxış edir. Azərbaycanın müasir multikulturalizm və tolerantlıq modeli təsadüfi siyasi konyuktura deyil, minilliklərlə ölçülən tarixi genetik yaddaşın nəticəsidir.

Qafqaz Albaniyası - Qədim polietnik konfederasiya
Qafqaz Albaniyası (m.ə. IV əsr – b.ə. VIII əsr) özündə 26 müxtəlif dildə danışan etnosu (alqarlar, leqlər, utilər, qarqarlar, silvlər və s.) vahid dövlət çətiri altında birləşdirən nadir tarixi konfederasiya idi. Albaniya dövründən başlayan bu etno-mədəni mozaika bir-birini təcrid etmək yox, zənginləşdirmək prinsipi üzərində qurulmuşdu. Albaniya dövrünün maddi-mənəvi irsi (Kiş məbədi, Xudavəng, Gəncəsər və s.) bu gün müasir Azərbaycan dövləti tərəfindən milli mədəniyyətin ayrılmaz hissəsi kimi yüksək səviyyədə qorunur və bərpa edilir. Albaniyanın dili və dinini yaşadan Uti icması bu gün də Azərbaycanda öz dini ayinlərini azad şəkildə icra edir.
Qafqaz Albaniyasındakı polietnik harmoniya bu gün müasir Azərbaycan Respublikasında tam bərqərar olunub. Azərbaycanda azərbaycanlılarla yanaşı ləzgilər, talışlar, avarlar, tatlar, udilər, yəhudilər, gürcülər, qusar saxurları və digər etnik qruplar, eləcə də islamın fərqli məzhəbləri, xristian və yəhudi icmaları vahid bir ailənin bərabərhüquqlu üzvləri kimi yaşayır və inkişaf edirlər.
Azərbaycanın dövlətçilik təfəkkürü fərqli imperatorluqlar və sülalələr dövründə formalaşaraq zənginləşmiş, müasir suverenliyimizin tarixi dayaqlarını təşkil etmişdir. Min ilə yaxın mövcud olmuş Şirvanşahlar dövləti Azərbaycanın ən uzunömürlü siyasi qurumlarından biridir. Ərəb, Monqol, Teymuri və Səfəvi təzyiqləri altında Şirvanşahlar diplomatik elastiklik vasitəsilə dövlətçilik varisliyini qoruyub saxlamışlar. Şirvanşahlar saray kompleksi, müdafiə istehkamları (Bakı, Şamaxı, Qəbələ) və Şirvan memarlıq məktəbi Azərbaycanın şəhərsalma və mədəniyyət tarixində mühüm mərhələdir.
Ağqoyunlu imperiyası Uzun Həsənin rəhbərliyi ilə Azərbaycanı Yaxın və Orta Şərqin ən qüdrətli hərbi-siyasi mərkəzinə çevirdi. Uzun Həsən Venesiya Respublikası, Roma Papası, Polşa və Macarıstan krallıqları ilə birbaşa diplomatik münasibətlər quraraq Azərbaycanın Avropa diplomatiyasındakı ilk qlobal tərəfdaşlıq modelini yaratdı. Uzun Həsənin qəbul etdiyi "Həsən padşah qanunları" vergi-maliyyə sistemini qaydaya salan və mərkəzi idarəetməni gücləndirən mühüm hüquqi abidədir.

Vahid Azərbaycan dövlətçiliyinin zirvəsi
Şah İsmayıl Xətai tərəfindən təməli qoyulan Səfəvilər dövləti tarixdə ilk dəfə bütün Azərbaycan torpaqlarını (Cənublu-Şimallı) vahid mərkəzləşdirilmiş dövlət bayrağı altında birləşdirdi. Azərbaycan (türk) dili orduda, sarayda və rəsmi dövlət yazışmalarında imperiyanın rəsmi dilinə çevrildi. Şah Abbasın islahatları ilə idarəetmə aparatı, diplomatik korpus və müntəzam ordunun təməli qoyuldu.
"Şərqin Napoleonu" adlandırılan Nadir Şah Əfşar Səfəvi imperiyasının ardınca nəhəng bir Avrasiya imperiyası qurdu. Nadir Şahın İslam dünyasında sünni-şiə təfriqəsini aradan qaldırmaq, Cəfəri məzhəbini V islam məzhəbi kimi qəbul etdirmək cəhdi məhz müasir interkulturalizm və dinlərarası dialoq ideyasının tarixi rüşeymi idi. XVIII əsrin ortalarında Nadir şahın qətlindən sonra Azərbaycan ərazisində 20-yə yaxın müstəqil və yarımüstəqil xanlıq (Qarabağ, Quba, İrəvan, Şəki, Naxçıvan, Təbriz, Urmiya və s.) yarandı. Bu dövr Azərbaycan dövlətçilik tarixinin həm ən ağrılı, həm də öyrənilməsi vacib olan dərsləridir.
Səfəvilər və Əfşarlardan sonra mərkəzi hakimiyyətin çökməsi fonunda xanlıqlar öz lokal ərazilərində dövlətçilik atributlarını (pul kəsilməsi, məhkəmə, vergi, müntəzam xan qoşunu) bərpa etdilər. Qarabağ xanlığı dövründə Pənahəli xan tərəfindən Şuşa qalasının salınması, Şəki xan sarayının inşası, poeziya və arxitekturanın inkişafı milli mədəniyyətin lokallaşaraq qorunmasını təmin etdi.
Azərbaycanı yenidən vahid bayraq altında birləşdirmək üçün mühüm cəhdlər edildi. Fətəli xan diplomatiya və hərbi güc vasitəsilə Şimal-Şərqi Azərbaycan xanlıqlarını (Dərbənd, Şamaxı, Bakı) birləşdirərək vahid dövlət yaratmağa çox yaxınlaşdı. Cənubi Azərbaycan torpaqlarını mərkəzləşdirməyə müvəffəq oldu.
Xanlıqların daxili çəkişmələri, feodal pərakəndəliyi və vahid milli ideologiyanın olmaması Azərbaycanın kənar imperiyalar (Çar Rusiyası və Qacarlar) arasında nüfuz dairəsinə bölünməsinə zəmin yaratdı. Gülistan (1813) və Türkmançay (1828) müqavilələri ilə xanlıqlar ləğv edildi, Vətən iki yerə bölündü.

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı nitqi Azərbaycanın keçdiyi bu şanlı və keşməkeşli tarixi yolun məntiqi yekunudur. Xanlıqlar dövrünün pərakəndəliyi göstərdi ki, milli birlik və vahid ideologiya olmadan dövlətin müstəqilliyini qorumaq imkansızdır. Məhz bu acı dərsdən nəticə çıkaran müasir Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin ətrafında sarsılmaz şəkildə birləşmişdir.
Müasir Azərbaycan dövləti Albaniyanın multikultural genetik kodlarını, Şirvanşahların şəhərsalma mədəniyyətini, Ağqoyunlu diplomatiyasını, Səfəvilərin mərkəzləşdirilmiş dövlətçilik təfəkkürünü və Əfşarların hərbi cəsarətini özündə sintez edərək regional liderə çevrilmişdir.
Bu gün Bakıdan dünyaya yayılan "Ortaq gələcək naminə dialoq" çağırışı minillik dövlətçilik irsimizin, zəngin ethno-mədəni mozaikamızın və sarsılmaz Azərbaycançılıq ideologiyamızın bəşəriyyətə sunduğu ən böyük töhfədir.
V.VƏLİLİ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB