Azərbaycanda yaxın dövrdə ərzaq qiymətləri artacaq ? - İQTİSADÇI DANIŞDI

Azərbaycanda yaxın dövrdə ərzaq qiymətləri artacaq ? - İQTİSADÇI DANIŞDI

"Ərzaq məhsullarının qiymətlərində artım onların kateqoriyalarına görə fərqlənir. Buna görə də qiymət artımını yalnız ümumi inflyasiya səviyyəsi, Dövlət Statistika Komitəsinin açıqladığı göstəricilər və ya gələcək dövr üçün verilən inflyasiya proqnozları əsasında qiymətləndirmək düzgün olmaz. Məsələn, ərzaq inflyasiyasının son göstəricisi 6,2 faiz, sentyabr ayında isə 5,8 faiz təşkil edib. Lakin bu, bütün ərzaq məhsullarının eyni səviyyədə bahalaşması demək deyil".

Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova deyib.

Onun sözlərinə görə, bəzi məhsullarda qiymət artımı 20 faiz, digərlərində 15 və ya 18 faiz ola bilər:

"Ümumiyyətlə, ərzaq məhsullarının bahalaşmasının bir sıra səbəbləri var. Bunların sırasında mövsümi amillər, tələb və təklif balansının pozulması, eləcə də daha az nəzərə çarpan, lakin mühüm amillərdən biri olan süni qiymət artımı xüsusi yer tutur. Süni bahalaşma xüsusilə bayramqabağı dövrdə və ya tələb-təklif balansının pozulmasından sui-istifadə edildiyi hallarda müşahidə oluna bilər. Belə vəziyyətlərdə bəzi sahibkarlar məhsulların qiymətlərini artırırlar.

Qiymət artımının vətəndaşların gündəlik xərclərinə təsirinə gəldikdə isə, əgər ərzaq məhsullarının bahalaşma tempi sosial müavinətlərin, pensiyaların və əməkhaqlarının artım tempini üstələyirsə, bu, əhali üçün əlavə maliyyə yükü yaradır. Bu problem yalnız Azərbaycana xas deyil, müxtəlif ölkələrdə də müşahidə olunur.

Burada nəzərə alınmalı məqam odur ki, əməkhaqlarının, məsələn, 10 faiz artması ərzaq qiymətlərinin də mütləq 8 və ya 10 faiz artmalı olduğu anlamına gəlmir. Qiymətlərin formalaşmasına müxtəlif iqtisadi amillər təsir edir. Bununla belə, əhalinin zəruri ehtiyaclarının qorunması məqsədilə dövlət müəyyən məhsullar üzrə dəstək tədbirləri həyata keçirə bilər.

Azərbaycanda kənd təsərrüfatı və ərzaq istehsalının əhəmiyyətli hissəsinin özəl sektor tərəfindən həyata keçirildiyini nəzərə alsaq, qiymətlərin birbaşa tənzimlənməsi imkanları məhduddur. Buna görə də dövlətin müdaxiləsi əsasən müəyyən dəstək mexanizmləri vasitəsilə həyata keçirilir. Məsələn, çörək istehsalında mühüm xammal olan buğda ilə bağlı subsidiyalar və digər dəstək tədbirləri qiymət artımının məhdudlaşdırılmasına xidmət edə bilər. Lakin bütün ərzaq məhsulları üzrə eyni mexanizmlər tətbiq edilmir.

Əgər inflyasiyanın artım tempi yüksək olarsa, bu, ailələrin büdcəsinə əlavə yük gətirəcək. Məsələn, bir ailənin aylıq ərzaq xərcləri 400 manatdırsa və növbəti il üçün ərzaq inflyasiyası 5,5 faiz proqnozlaşdırılırsa, eyni həcmdə ərzaq almaq üçün ailənin xərcləri təxminən 22 manat artaraq 422 manata çata bilər. Bu isə ailənin əvvəlki istehlak səviyyəsini qoruması üçün əlavə vəsait ayırmalı olacağı deməkdir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə