Yolda avtomobili xarab olan sürücü özünü və digər hərəkət iştirakçılarını necə qorumalıdır? - AÇIQLANDI
Sürücü avtomobilində nasazlıq olduğunu hiss edərsə, mütləq dönmə işığını sağa yandırmalı və ya qəza işıqlarından istifadə edərək yavaş-yavaş yolun sağ kənarına çəkilməlidir. Avtomobilin hərəkət zamanı qəfil sönməsi halları az olsa da, sürücü, adətən, yaranan nasazlığı əvvəlcədən hiss edə bilər. Məsələn, qaz pedalına basdıqda avtomobilin reaksiyasının zəifləməsi, sürətin azalması və avtomobilin hərəkətində qeyri-adi dəyişikliklərin yaranması nasazlıq əlamətləri ola bilər.
Bu sözləri SİA-ya avtomobil ustası Sahil Ağabəyli deyib.

O bildirib ki, belə hallarda sürücü avtomobili tədricən yolun sağ kənarına çəkməli, dönmə işığını və ya qəza işıqlarını yandırmalıdır. Xüsusilə qəza işıqlarından istifadə etmək arxadan gələn sürücülərin yolda təhlükəli vəziyyət yarandığını vaxtında görməsinə kömək edir. Təəssüf ki, bəzi sürücülər qəza vəziyyəti olmadığı halda da qəza işıqlarından istifadə edirlər. Bu isə yanlış sürücülük vərdişidir:
“Avtomobil təhlükəsiz şəkildə dayandırıldıqdan sonra sürücü kapotu açaraq nasazlığın səbəbini müəyyənləşdirməyə çalışa bilər. Əgər yanacaq sızması və ya detalların bir-birinə toxunması nəticəsində qığılcımlanma və alışma təhlükəsi varsa, yanğınsöndürəndən istifadə etməklə alovun qarşısını almağa çalışmalıdır.
Avtomobilin yenidən işə salınması ilə bağlı problem yaranarsa, sürücü ustası ilə əlaqə saxlamalı və ya avtomobildən anlayışı olan şəxsdən ilkin məsləhət almalıdır. Problem yerində həll edilə bilirsə, usta lazımi köməyi göstərə bilər. Nasazlığı yerində aradan qaldırmaq mümkün deyilsə, avtomobili evakuator vasitəsilə ustaya aparmaq lazımdır.
Bir məqamı da qeyd edim, Ayça xanım: avtomobil tam dayandıqdan sonra qəza dayanma nişanını, yəni xəbərdaredici üçbucağı avtomobilin arxasında, təxminən 20–30 metr, zərurət olduqda isə daha uzaq məsafədə yerləşdirmək lazımdır. Bu nişan arxadan gələn sürücülərə qarşıda dayanmış avtomobilin olduğunu bildirir. Qəza dayanma nişanı hər bir avtomobildə olmalı olan vacib təhlükəsizlik vasitəsidir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB