“25 mindən çox dövlət qulluqçusu süni intellekt üzrə təlimlərə cəlb olunacaq” - Rəşad Həsənov
Bu gün süni intellekt texnologiyalarının inkişafı mədəni müxtəlifliyin qorunması və rəqəmsal xidmətlərin əlçatanlığı baxımından yeni çağırışlar yaradır.
SİA xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Mədəniyyətlərarası rəqəmsal gələcək: Rəqəmsal və süni intellekt dövrünə qədəm qoyan cəmiyyətlər üçün mədəniyyətlərarası rəqəmsal bacarıq” adlı panel sessiyasında deyib.
O bildirib ki, süni intellekt çatbotları gündəlik həyatın müxtəlif sahələrində geniş istifadə olunsa da, bu texnologiyalar bütün cəmiyyətləri eyni dünyagörüşünə və mədəni perspektivə yönəltmək riski daşıyır. Nazir müavininin sözlərinə görə, süni intellekt sistemləri yaşlı valideynlərə qayğı kimi məsələlərdə fərqli cəmiyyətlərin mədəni dəyərlərini nəzərə almalıdır.
R.Həsənov qeyd edib ki, azərbaycandilli süni intellekt modellərinin inkişafı dövlət xidmətlərinin daha əlçatan olmasına kömək edəcək. Artıq nitqin mətnə çevrilməsi texnologiyalarının və mobil tətbiqdə agent əsaslı xidmətlərin tətbiqinə başlanılıb. İlin sonunadək bu xidmətlərin sayının artırılması planlaşdırılır.
Nazir müavini süni intellekt və kibertəhlükəsizlik sahəsində əhalinin biliklərinin artırılmasının da vacibliyini vurğulayıb. O bildirib ki, bu məqsədlə müxtəlif qruplar üçün təlim proqramları həyata keçirilir. Bu yaxınlarda başladılan “Digital Horizon” proqramı 275 qurumdan 25 mindən çox dövlət qulluqçusunu əhatə edir.
R.Həsənov uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunmasının da əsas istiqamətlərdən biri olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, bu sahədə Elm və Təhsil Nazirliyi ilə birgə işlər görülür, uşaqların sosial mediada qarşılaşa biləcəyi risklərin azaldılması üçün tədbirlər həyata keçirilir.
O, texnologiyaların uşaqların maraqlarına xidmət etməli olduğunu vurğulayaraq deyib ki, əsas məqsəd rəqəmsal mühiti daha təhlükəsiz və humanist etmək, eyni zamanda milli-mədəni dəyərləri qorumaqdır.
Nazir müavini qeyd edib ki, süni intellekt və rəqəmsal inkişaf strategiyalarının əsas meyarı texnologiyaların vətəndaşlığından, yaşından, dilindən və rəqəmsal bacarıqlarından asılı olmayaraq hər kəsə xidmət etməsi olmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB