"Bütün bunlar seçki günündə Tramp üçün ciddi siyasi məğlubiyyət ehtimalından xəbər verir" - ŞƏRH
"ABŞ-da 3 noyabr aralıq seçkilərinə hazırlıq prosesi intensiv şəkildə davam edir. Həm hakimiyyət düşərgəsində, həm də cəmiyyətin özündə ciddi siyasi fəallıq müşahidə olunur. ABŞ cəmiyyəti üçün xarakterik olan seçki aktivliyi bu dəfə də yüksək səviyyədə özünü göstərir". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, artıq indidən əhali arasında, demək olar ki, bütün ştatlarda vaxtından əvvəl səsvermə kampaniyasına qoşulmaq çağırışları davam edir:
"Keçmiş dövlət xadimləri fəallaşıblar. Barak Obama Ohayo ştatında Donald Trampın əleyhinə izdihamlı mitinq keçirib və bütün Amerikada əks-səda doğuran təsirli bir şüar səsləndirib: Xaos, qəddarlıq, korrupsiya, səriştəsizlik. Obama Trampın iki illik prezidentlik dövrünü bu dörd sözlə xarakterizə edib. Obamanın səsləndirdiyi bu şüar hazırda bütün ABŞ-da Trampa qarşı səfərbərlik ruhunu gücləndirməyə xidmət edir.
Aparılan rəy sorğuları olduqca ciddi nəticələr ortaya qoyub. Böyük Britaniyanın tanınmış şirkətlərindən biri onlayn qaydada, təxminən 2 min ABŞ vətəndaşı arasında keçirdiyi sorğunun nəticələrini açıqlayıb. Sorğunun nəticələrinə görə, əhalinin 70 faizi Trampın əleyhinədir və onun həyata keçirdiyi siyasətdən narazıdır.
Maraqlı məqamlardan biri də budur ki, rəy sorğularında iştirak edənlərin 50 faizindən çoxu ötən seçkilərdə Trampı dəstəkləyən şəxslərdir. Bu, olduqca ciddi amildir və Tramp üçün mühüm mesaj hesab olunur. Hazırda ABŞ cəmiyyətində Nümayəndələr Palatasında və Senatda qüvvələr nisbətinin Trampın ziyanına dəyişəcəyi ilə bağlı gözləntilər mövcuddur.
Əsasən Trampın komandasındakı korrupsiya, koordinasiyanın olmaması, səriştəsizlik, xaos, eləcə də dünyanın müxtəlif bölgələrini münaqişələrə və toqquşmalara cəlb etmək cəhdləri ona qarşı əsas arqumentlər kimi əhali arasında səsləndirilir. Gözləntilərə görə, ABŞ parlamentində qüvvələr nisbətinin Trampın əleyhinə dəyişməsi ehtimalı var. Nümayəndələr Palatasının 435 üzvünün hamısı, Senatın isə 35 üzvü yenidən seçiləcək.
Nəzərə alsaq ki, hazırda ABŞ Senatında qüvvələr nisbəti 51-49-dur. Yəni 51 senator Respublikaçılar Partiyasını, 49 senator isə Demokratlar Partiyasını təmsil edir. Bu dəfəki seçkilərdə həmin nisbətin Trampın ziyanına əhəmiyyətli dərəcədə dəyişəcəyi gözlənilir. Hər halda, analitiklərin fikirləri bu istiqamətdədir. Bütün bunlar seçki günündə Tramp üçün ciddi siyasi məğlubiyyət ehtimalından xəbər verir. Hətta vaxtilə Trampın seçkilərdə qalib gəldiyi və üstünlük qazandığı ştatların bir çoxunda əhali hazırda ciddi narazılıq ifadə edir.
Obamanın iki il əvvəl Trampın qalib gəldiyi ştatlarda xüsusilə fəallaşması belə bir nəticəyə gəlməyə əsas verir ki, Demokratlar Partiyası Trampa səs verilmiş ştatlarda ictimai rəyi dəyişdirməyi əsas seçki taktikalarından biri hesab edir. Bu isə Tramp üçün yeni bir təhlükədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB