"Layihənin əsas məqsədi binalar qazla deyil, mərkəzləşdirilmiş sistem vasitəsilə qızdırılsın" - İQTİSADÇI

"Layihənin əsas məqsədi binalar qazla deyil, mərkəzləşdirilmiş sistem vasitəsilə qızdırılsın" - İQTİSADÇI

"Azərbaycanda mənzillərin qazla isidilməsindən istilik nasosları əsasında işləyən mərkəzləşdirilmiş istilik sisteminə keçid iqtisadi baxımdan səmərəli təşəbbüs ola bilər. Hazırda bu məsələ qərarlaşdırılmış layihə deyil, gələcək üçün nəzərdə tutulan hədəf kimi qiymətləndirilir".

Bu fikirləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

Onun sözlərinə görə, təklifin mahiyyəti ondan ibarətdir ki, yaşayış binaları fərdi qaydada qazla deyil, mərkəzləşdirilmiş sistem vasitəsilə qızdırılsın: "İstilik nasoslarının işləməsi üçün tələb olunan elektrik enerjisinin isə günəş panelləri hesabına təmin edilməsi nəzərdə tutulsun.

Belə bir sistem qurularsa, binaların istiliklə təchizatı üçün ayrıca qazanxanalar və nasos stansiyaları yaradılacaq, istilik mənzillərə mərkəzləşdirilmiş qaydada veriləcək. Elektrik enerjisinin günəş panelləri vasitəsilə istehsalı xarici enerji mənbələrindən asılılığı azalda və sistemin istismar xərclərini aşağı sala bilər. Nəticədə əhalinin mənzillərin qızdırılması üçün çəkdiyi xərcin əhəmiyyətli dərəcədə azalması mümkündür. Bununla belə, real qənaətin həcmi avadanlıqların səmərəliliyindən, quraşdırılma və texniki xidmət xərclərindən, eləcə də günəş enerjisinin sistemin tələbatını nə dərəcədə ödəməsindən asılı olacaq.

Bu təşəbbüsün dövlət üçün də iqtisadi üstünlükləri ola bilər. Əgər ölkə daxilində istilik məqsədilə istehlak olunan təbii qazın müəyyən hissəsinə qənaət edilərsə, həmin qaz ixraca yönəldilə bilər. Azərbaycan qazı xarici bazarlarda daxili tariflərdən daha yüksək qiymətə satdığı halda, ixracdan əldə olunan gəlirlər arta bilər. Beləliklə, dövlətin ilkin mərhələdə istilik infrastrukturu qurulmasına çəkdiyi xərclər uzunmüddətli perspektivdə əlavə ixrac gəlirləri hesabına qismən kompensasiya oluna bilər.
Digər mühüm məqam ekoloji amillərlə bağlıdır. İstilik istehsalında təbii qazdan istifadənin azaldılması və günəş enerjisinin payının artırılması karbon emissiyalarının aşağı salınmasına kömək edə bilər. Bu da Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizə və emissiyaların azaldılması istiqamətində götürdüyü öhdəliklərə töhfə verər.
Ümumilikdə, layihənin əsas üstünlüyü həm əhalinin istilik xərclərini azaltmaq, həm də dövlətin qaz ixracından əldə etdiyi gəlirləri artırmaq potensialıdır. Ancaq bunun reallaşması üçün ilkin investisiyaların həcmi, sistemin saxlanma xərcləri, günəş enerjisinin istehsal imkanları və əhalinin ödəyəcəyi istilik tarifləri əvvəlcədən dəqiq hesablanmalıdır.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə