"Qarabağda təbiətin mühafizəsi və tarixi irsin qorunması bərpa prosesinin əsas istiqamətlərindəndir" - ŞƏRH EDİLDİ

"Qarabağda təbiətin mühafizəsi və tarixi irsin qorunması bərpa prosesinin əsas istiqamətlərindəndir" - ŞƏRH EDİLDİ

"Qarabağda Qarabağ Milli Parkının və Azıx-Tağlar Arxeoloji Parkı Dövlət Qoruğunun yaradılması ilə bağlı qərarlar regionun gələcək inkişafına kompleks yanaşmanın tərkib hissəsi kimi qiymətləndirilməlidir. Bu təşəbbüslər azad edilmiş ərazilərdə təbii sərvətlərin mühafizəsi, nadir ekosistemlərin gələcək nəsillər üçün qorunması və Azərbaycanın zəngin tarixi irsinin sistemli şəkildə öyrənilməsi baxımından yeni imkanlar yaradır".

Bu sözləri SİA -ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, Qarabağ Milli Parkının Ağdərə, Xocalı, Kəlbəcər, Şuşa və Laçın rayonlarının ərazilərini əhatə etməsi onun ekoloji baxımdan geniş əhəmiyyətini ortaya qoyur. Bu ərazilərdə təbii landşaftların, bitki və heyvan növlərinin qorunması, ətraf mühitə təsirlərin idarə olunması və təbii ehtiyatlardan məsuliyyətli istifadə mühüm vəzifələr sırasındadır. Milli park statusu həm də iqtisadi inkişafın ekoloji tələblərlə uzlaşdırılması üçün institusional əsas yaradır. Başqa sözlə, Qarabağın bərpası zamanı yalnız infrastrukturun qurulması deyil, təbiətin qorunması və ekoloji davamlılığın təmin edilməsi də prioritet istiqamət kimi nəzərə alınır.

Azıx və Tağlar mağaralarının dövlət qoruğu statusu alması isə Azərbaycanın qədim tarixinin araşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu arxeoloji məkanlar insanlığın keçmişini öyrənmək, qədim məskunlaşma proseslərini araşdırmaq və əldə olunan elmi nəticələri beynəlxalq tədqiqatlarla müqayisə etmək üçün mühüm potensiala malikdir. Abidələrin qorunması ilə yanaşı, burada müasir elmi metodların tətbiqi, arxeoloji materialların sistemləşdirilməsi və tədqiqat nəticələrinin beynəlxalq elmi mühitdə təqdim edilməsi də vacibdir. Bu fəaliyyət Azərbaycanın mədəni irsinin tanıdılmasına və elmi əməkdaşlığın genişlənməsinə xidmət edə bilər.

Qəbul edilən qərarların digər perspektivli tərəfi turizm imkanlarının genişləndirilməsidir. Qarabağın zəngin təbiəti ilə qədim tarixini birləşdirən marşrutların yaradılması bölgəyə marağı artıra bilər. Ekoturizm və arxeoloji turizmin inkişafı yerli əhali üçün yeni məşğulluq imkanları yaratmaqla yanaşı, mehmanxana, nəqliyyat, ictimai iaşə və digər xidmət sahələrinin fəaliyyətinə də müsbət təsir göstərə bilər.

Bütün bunlar göstərir ki, Qarabağda həyata keçirilən bərpa prosesi çoxşaxəli məzmun daşıyır. Ərazilərin yenidən qurulması ilə yanaşı, təbiətin mühafizəsi, tarixi yaddaşın qorunması və elmi potensialın inkişafı da bu strategiyanın mühüm istiqamətlərindəndir. Sərəncamların ardıcıl və səmərəli icrası Qarabağın həm ekoloji davamlılıq, həm də arxeoloji və mədəni irsin tədqiqi baxımından tanınan mərkəzlərdən birinə çevrilməsinə şərait yarada bilər. Əsas nəticə isə bu sərvətlərin yalnız bu gün üçün deyil, gələcək nəsillər üçün də qorunub saxlanılması olacaq".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə