“Ermənistanın qeyri-konstruktiv bəyanatları sülh prosesinə kölgə salır” - MİLLƏT VƏKİLİ

“Ermənistanın qeyri-konstruktiv bəyanatları sülh prosesinə kölgə salır” - MİLLƏT VƏKİLİ

Ermənistanla sülh prosesinin Azərbaycanın təşəbbüsü və iştirakı ilə başladığını deyən Milli Məclisin deputatı Tural Gəncəliyev hesab edir ki, ölkəmiz regionda sülhün əldə olunması və sülh müqaviləsinin imzalanması istiqamətində əsas təşəbbüskar olub.

Deputatın sözlərinə görə, ötən ilin avqustunda sülh müqaviləsinin layihəsinin paraflanması prosesin mühüm mərhələsi olub. Lakin son zamanlar Ermənistan tərəfinin sülh prosesinə uyğun gəlməyən bəyanatları və müqavilənin imzalanma vaxtı ilə bağlı qeyri-müəyyən mövqe sərgiləməsi narahatlıq doğurur.

Bu fikirləri Milli Məclisin deputatı Tural Gəncəliyev SİA-ya açıqlamasında bildirib.

O qeyd edib ki, Ermənistan baş nazirinin 2031–2036-cı illər arasında sülh müqaviləsinin imzalanmasının mümkünlüyü ilə bağlı səsləndirdiyi fikirlər, eləcə də müxtəlif tarixlərin gündəmə gətirilməsi sülh prosesinə kölgə salır.

Deputatın fikrincə, Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya prosesi ilə bağlı məsələlərin ictimai müzakirəyə çıxarılaraq şişirdilməsi də gərginliyin artmasına səbəb olur. Onun sözlərinə görə, Azərbaycan əsgərinin və ya mülki vətəndaşının saxlanılması kimi insidentlərin diplomatik və siyasi kanallar vasitəsilə həlli mümkündür.

Tural Gəncəliyev vurğulayıb ki, Ermənistan cəmiyyətində və siyasi dairələrində revanşizm meyilləri hələ də qalmaqdadır. Deputat hesab edir ki, bu yanaşmalar sülh prosesini kövrək vəziyyətə sala və əldə olunmuş irəliləyişə zərbə vura bilər.

O bildirib ki, Ermənistan tərəfi baş verənlərdən nəticə çıxarmalı, məsələləri əsassız şəkildə şişirtməkdən çəkinməli və regionda gərginliyin artmasına şərait yaratmamalıdır. Sülh prosesinin konkret zaman çərçivəsi ilə məhdudlaşdırılması və qeyri-müəyyən son tarixlərin müəyyənləşdirilməsi isə regionda davamlı sülhün əldə olunmasına xidmət etmir.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə