“Cənubi Qafqazın gələcəyi əməkdaşlıq imkanları ilə müəyyənləşməlidir” - DEPUTAT DANIŞDI

“Cənubi Qafqazın gələcəyi əməkdaşlıq imkanları ilə müəyyənləşməlidir” - DEPUTAT DANIŞDI

“Azərbaycanla Ermənistan arasında sülh prosesi təkcə iki dövlət arasında münasibətlərin normallaşdırılması deyil, bütövlükdə Cənubi Qafqazın gələcək siyasi və iqtisadi arxitekturasının formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Regionun uzun illər davam edən münaqişələrdən sonra əməkdaşlıq məkanına çevrilməsi üçün real imkanlar yaranıb. Lakin davamlı sülhün təmin olunması dövlətlərin siyasi iradəsindən və konkret addımlarından asılıdır”.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar İskəndərov SİA-ya açıqlamasında bildirib.

Deputat qeyd edib ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmalar və sülh sazişinin mətninin paraflanması münasibətlərin normallaşdırılması istiqamətində mühüm mərhələ olub. Bununla belə, paraflanma ilə yekun sülh müqaviləsinin imzalanması fərqli anlayışlardır. Onun sözlərinə görə, Ermənistan Konstitusiyasında Azərbaycanla bağlı ərazi iddialarına dair narahatlıqların aradan qaldırılması Bakı üçün prinsipial əhəmiyyət daşıyır.

Vüqar İskəndərov vurğulayıb ki, müharibənin dayandırılması sülh prosesinin yalnız bir mərhələsidir. Əsas məqsəd gələcəkdə münaqişəyə qayıdışı mümkünsüz edən münasibətlər sisteminin qurulmasıdır. Bunun üçün tərəflərin siyasi iradəsi ilə yanaşı, qarşılıqlı etimadın möhkəmləndirilməsi və düşmənçilik ritorikasının azaldılması da vacibdir.

Deputatın fikrincə, regional kommunikasiyaların açılması, Zəngəzur istiqamətində bağlantıların yaradılması, TRIPP layihəsinin həyata keçirilməsi və Orta Dəhlizin imkanlarının genişləndirilməsi sülhün iqtisadi əsaslarını gücləndirə bilər. Bu layihələr region ölkələri arasında qarşılıqlı iqtisadi asılılığı artıraraq sabitliyin qorunmasına töhfə verə bilər.

O bildirib ki, davamlı sülhün təmin olunması üçün Ermənistan cəmiyyətinin də yeni regional reallıqlara uyğunlaşması vacibdir. Cəmiyyətlər arasında qarşılıqlı etimadın formalaşması və gələcək nəsillərin müharibə psixologiyasından uzaq böyüməsi sülh prosesinin mühüm tərkib hissəsidir.

Deputat əlavə edib ki, Azərbaycan üçün davamlı sülh suverenliyə, ərazi bütövlüyünə və qarşılıqlı hörmətə əsaslanan münasibətlər deməkdir. Bu prinsiplərin hər iki tərəf üçün eyni qaydada tətbiqi regionun gələcəyinin münaqişələr deyil, əməkdaşlıq imkanları əsasında formalaşmasına şərait yarada bilər.

Vüqar İskəndərovun sözlərinə görə, Cənubi Qafqazın qarşısında tarixi fürsət dayanır və bu fürsətin reallaşması bəyanatlardan deyil, götürülən öhdəliklərin yerinə yetirilməsindən asılıdır. Sülhün əsas uğuru isə yalnız müqavilənin imzalanması ilə deyil, onun uzun illər ərzində davamlı şəkildə işləməsi ilə ölçüləcək.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə