VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunmuş mətbuat konfransı keçirilib
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas istiqamətlərini və əhəmiyyətini ictimaiyyətə çatdırmaq məqsədilə mətbuat konfransı keçirilib.
SİA xəbər verir ki, tədbirdə Azərbaycanın mədəniyyət nazirinin müavini Fərid Cəfərov, BMT-nin Sivilizasiyalar Alyansının direktoru Nihal Saad və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Sivilizasiyalararası Dialoq Mərkəzinin direktoru, səfir Xalid Fəthəlrəhman çıxış ediblər.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov bildirib ki, bu il “Bakı Prosesi”nin 15-ci ildönümü qeyd olunur. Onun sözlərinə görə, illər ərzində proses həm miqyasına, həm də iştirakçı auditoriyasına görə genişlənib. Forumda iştirak edən dövlətlərin, beynəlxalq və qeyri-hökumət təşkilatlarının, media nümayəndələrinin, gənc və dini liderlərin sayı artıb.
Fərid Cəfərov qeyd edib ki, bu il forum “Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülər qurmaq” devizi altında keçirilir. Mövzunun ölkələr və cəmiyyətlər arasında mövcud bərabərsizliklər və qarşıdurmalar nəzərə alınmaqla müəyyənləşdirildiyini bildirən nazir müavini vurğulayıb ki, əsas məqsəd müxtəlif cəmiyyətləri, dövlətləri və beynəlxalq təşkilatları bir araya gətirərək dünya əhalisini birləşdirə biləcək məsələləri müzakirə etməkdir.
O, gənclərlə bağlı təşəbbüslərin də genişləndirildiyini diqqətə çatdırıb. Bildirib ki, forumun rəsmi proqramında beynəlxalq tərəfdaşların gənclər panelləri nəzərdə tutulub. Gələcəkdə bu proqramların əlaqələndirilməsi, genişləndirilməsi və dünyanın müxtəlif bölgələrindən daha çox gəncin prosesə cəlb edilməsi planlaşdırılır.
BMT-nin Sivilizasiyalar Alyansının direktoru Nihal Saad forum çərçivəsində dinlərarası dialoqa həsr olunmuş plenar iclasın keçiriləcəyini bildirib. Onun sözlərinə görə, müxtəlif ölkələrdən olan dini xadimlər və mütəxəssislər dini icmaların sülhün qurulmasına, barışığa və sosial həmrəyliyə töhfəsini müzakirə edəcəklər. Eyni zamanda, müasir qlobal çağırışların həllində dini dialoqun əhəmiyyəti vurğulanacaq.
Nihal Saad forum çərçivəsində Qubada 100-dən çox yerli və əcnəbi gəncin iştirakı ilə Beynəlxalq Gənclər Forumunun təşkil edildiyini də qeyd edib. Tədbirdə icmaların üzləşdiyi çətinliklər müzakirə olunub, qarşılıqlı hörmət, etimad və birlik dəyərlərinin təşviqinə diqqət yetirilib. Proqram müxtəlif ölkələrdən olan gənclərin iştirakı ilə futbol oyunu ilə yekunlaşıb. O, idmanın müxtəlif icmaları bir araya gətirən mühüm vasitə olduğunu vurğulayıb.
ICESCO-nun Sivilizasiyalararası Dialoq Mərkəzinin direktoru, səfir Xalid Fəthəlrəhman isə VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas açar sözünün “ardıcıllıq” olduğunu bildirib. O qeyd edib ki, “Bakı Prosesi” sistemli fəaliyyət prinsipi əsasında davam edir və dialoqun qlobal problemlərin həllində aparıcı rolu, multikulturalizmin anlaşma və əməkdaşlıq üçün əhəmiyyəti, eləcə də sülh və təhlükəsizliyin ümumi qlobal məqsədlər kimi qəbul edilməsi forumun əsas istiqamətlərini təşkil edir.
Xalid Fəthəlrəhman ICESCO-nun forum çərçivəsində iki əsas mövzu üzrə müzakirələrdə iştirak edəcəyini bildirib. Birinci istiqamət müasir problemlərin, mübahisə və münaqişələrin sosial-mədəni köklərindən irəli gələn məsələlərin həlli üçün təşkilatın sivilizasiya və diplomatiya ilə bağlı yeni konsepsiyasını əhatə edir. İkinci istiqamət isə gələcək tədqiqat və təhlillərdə uzaqgörənliyin əhəmiyyəti, yeni baxışların formalaşdırılmasında qabaqlayıcı yanaşmanın tətbiqi ilə bağlıdır.
Mətbuat konfransının sonunda media nümayəndələrinin sualları cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB