“Multikulturalizm və tolerantlıq Azərbaycan xalqının həyat tərzidir” - Nazir müavini

“Multikulturalizm və tolerantlıq Azərbaycan xalqının həyat tərzidir” - Nazir müavini

Azərbaycan işğaldan azad edilmiş ərazilərdə dağıdılmış mədəni irsin bərpası sahəsindəki təcrübəsini beynəlxalq tərəfdaşlarla bölüşməyə hazırdır.

SİA xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı keçirilən mətbuat konfransında media nümayəndələrinin suallarını cavablandırarkən deyib.

O bildirib ki, Azərbaycan tarixən müxtəlif dinlərə, dünyagörüşlərinə və etnik qruplara mənsub insanların özlərini azad və təhlükəsiz hiss etdikləri məkan olub. Onun sözlərinə görə, multikulturalizm və tolerantlıq ölkəmizdə yalnız dövlət siyasəti deyil, həm də xalqın həyat tərzidir.

F.Cəfərov qeyd edib ki, forum çərçivəsində panellərdən biri Azərbaycanın münaqişədən zərər çəkmiş ərazilərdə maddi və qeyri-maddi mədəni irsin qorunması, bərpası və yenidən qurulması sahəsindəki təcrübəsinə həsr olunacaq.

Nazir müavini vurğulayıb ki, Azərbaycanın məqsədi bu təcrübəni dünya ilə bölüşmək və digər münaqişə bölgələrinin də həmin təcrübədən faydalanmasına şərait yaratmaqdır.

O əlavə edib ki, forumun əsas məqsədlərindən biri müxtəlif sektorlar arasında tərəfdaşlığın gücləndirilməsi, digəri isə gələcək nəsillərin imkanlarının genişləndirilməsidir.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə