Dəm qazından zəhərlənmələrin qarşısını necə almaq olar? - EKSPERT DANIŞDI

Dəm qazından zəhərlənmələrin qarşısını necə almaq olar? - EKSPERT DANIŞDI

Yay mövsümünün başa çatması və havaların soyuması ilə insanlar evlərində istilik sistemlərini işə salmağa başlayırlar. Sobalardan, kombilərdən, kaminlərdən və digər istilik qurğularından istifadə yenidən gündəlik həyatımızın bir hissəsinə çevrilir. Lakin bu zaman insan həyatı üçün ciddi təhlükə yaradan tüstü bacalarının vəziyyətinə xüsusi diqqət yetirilməlidir.

Bu fikirləri təhlükəsizlik üzrə ekspert Orxan Musayev SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, tüstü bacaları sadəcə evdəki tüstünü xaricə ötürən qurğular kimi görünsə də, onların düzgün işləməməsi insan həyatı üçün ciddi təhlükə yaradır:

”Dəm qazından zəhərlənmə, yanğın və digər faciələr məhz bu səbəbdən baş verə bilər.

Ekspert qeyd edib ki, ölkəmizdə hər il qış mövsümündə dəm qazından zəhərlənmə halları qeydə alınır və bu hadisələrin bir qismi ölümlə nəticələnir. Baş verən hadisələrin mühüm səbəblərindən biri tüstü bacalarının vaxtında təmizlənməməsi və texniki nasazlıqlardır.

Onun sözlərinə görə, bir çox fərdi evdə tüstü bacaları illərlə təmizlənmir. Çoxmənzilli binalarda isə tüstü bacalarının və havalandırma sistemlərinin təmizlənməsi mənzil-kommunal təsərrüfatı idarələrinin və ya müvafiq qurumların öhdəsinə düşsə də, bu işlər heç də həmişə lazımi qaydada həyata keçirilmir.

Ekspert diqqətə çatdırıb ki, əsas problemlərdən biri bacaların köhnəlməsidir. Sovet dövründə tikilmiş binalarda və köhnə fərdi evlərdə uzun müddət təmizlənməyən tüstü bacaları yararsız vəziyyətə düşə bilər. Bacalarda yaranan çatlar, zədələnmiş birləşmələr və tutulmuş kanallar dəm qazının yaşayış sahəsinə daxil olmasına səbəb ola bilər.

O bildirib ki, digər mühüm problem bacalara qeyri-peşəkar müdaxilədir. Bəzi hallarda ev sahibləri bacaları özləri açmağa və təmizləməyə çalışırlar. Lakin bu, təhlükəni aradan qaldırmaq əvəzinə, daha da artıra bilər. Yanlış müdaxilə bacanın zədələnməsinə və yanma məhsullarının evə sızmasına səbəb ola bilər. Buna görə də təmizləmə və texniki baxış işləri ixtisaslaşmış mütəxəssislər tərəfindən aparılmalıdır.

Orxan Musayev vurğulayıb ki, fərdi evlərdə tüstü bacalarının saz vəziyyətdə saxlanılması ev sahibinin məsuliyyətinə daxildir. Çoxmənzilli binalarda isə bu məsələdə binanın idarə edilməsinə cavabdeh olan qurumların öhdəlikləri mövcuddur. Lakin praktikada insanlar hansı quruma müraciət etməli olduqlarını bilmirlər.

Ekspertin fikrincə, bu sahədə aydın və vahid xidmət mexanizminin yaradılmasına ehtiyac var. Tüstü bacalarının təmizlənməsi yalnız müvafiq ixtisası və səlahiyyəti olan xidmətlər tərəfindən həyata keçirilməlidir. Vətəndaş fərdi evdə və ya çoxmənzilli binada yaşamasından asılı olmayaraq, müvafiq rəsmi xidmətə müraciət etmək imkanına malik olmalıdır. Belə bir sistem məsuliyyət bölgüsünü aydınlaşdırar, xidmətin keyfiyyətinə nəzarəti gücləndirər və insanların hara müraciət etməli olduqları ilə bağlı çaşqınlığını aradan qaldırar.

O əlavə edib ki, dövlət səviyyəsində nəzarət mexanizminin gücləndirilməsi də ölkədə dəm qazından zəhərlənmə hallarının qarşısının alınması üçün vacib addımlardan biridir.

Ekspert beynəlxalq təcrübədə geniş istifadə olunan dəm qazı detektorlarının əhəmiyyətini də xüsusi qeyd edib. Onun sözlərinə görə, dəm qazı detektoru evdə bu təhlükəli qazın mövcudluğunu aşkar etdikdə səs siqnalı verən cihazdır. Belə cihazlar təhlükənin vaxtında aşkarlanmasına və insanların müvafiq tədbirlər görməsinə kömək edir.

Orxan Musayev bildirib ki, bəzi Avropa ölkələrində, o cümlədən Böyük Britaniyada və Almaniyada dəm qazı detektorlarının quraşdırılması müəyyən yaşayış sahələri və istilik qurğuları üçün qanunla tələb olunur. Bu cür təhlükəsizlik tədbirləri zəhərlənmə riskinin azaldılmasında mühüm rol oynayır.

Ekspertin sözlərinə görə, ölkəmizdə dəm qazı detektorlarından istifadə hələ də geniş yayılmayıb. Halbuki bu cihazların evlərdə quraşdırılmasının təşviq edilməsi və müvafiq hallarda məcburi quraşdırılmasının nəzərdən keçirilməsi dəm qazı ilə bağlı faciələrin qarşısının alınmasına kömək edə bilər.

O vurğulayıb ki, tüstü bacalarının təmizliyi və təhlükəsizliyi sadəcə texniki məsələ deyil, həyat və ölüm məsələsidir. Ölkəmizdə hər il baş verən dəm qazı faciələrinin qarşısını almaq üçün real imkanlar mövcuddur. Bunun üçün hər kəs məsuliyyətli davranmalı, tüstü bacalarının vəziyyətinə nəzarət etməli, texniki baxış və təmizləmə işlərini vaxtında həyata keçirməli, təhlükəsizlik qaydalarına ciddi əməl etməlidir.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə