Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Bu il forum “Parçalanmış dünyada körpülərin qurulması” mövzusu altında təşkil olunur.
SİA xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Bakı Prosesi 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə başlayıb. İlkin məqsəd Şərq və Avropa ölkələrinin mədəniyyət nazirlərini bir araya gətirmək, mədəniyyət məsələləri ətrafında müzakirələr aparmaq və dialoq üçün körpü yaratmaq olub.
Nazir müavini qeyd edib ki, 2010-cu ildə Prezident İlham Əliyev BMT Baş Assambleyasındakı çıxışı zamanı Azərbaycanın Mədəniyyətlərarası Dialoq Forumlarına ev sahibliyi edəcəyini bəyan edib. 2011-ci ildən etibarən Azərbaycanda altı forum keçirilib və bu il təşəbbüsün 15-ci ildönümü qeyd olunur.
F.Cəfərovun sözlərinə görə, illər ərzində forumun miqyası genişlənib, tədbirlərdə hökumət və beynəlxalq təşkilatların nümayəndələri, qeyri-hökumət təşkilatları, media təmsilçiləri, gənclər və gənc liderlərin iştirakı artıb.
O vurğulayıb ki, builki forumun əsas məqsədi cəmiyyətin müxtəlif təbəqələrini, hökumətləri və beynəlxalq təşkilatları bir araya gətirərək dünyanı birləşdirə biləcək məsələləri müzakirə etməkdir.
Nazir müavini bildirib ki, forumun rəsmi açılışı oktyabrın 27-də keçiriləcək. Bununla yanaşı, bəzi tədbirlərə artıq oktyabrın 26-dan başlanılıb.
Onun sözlərinə görə, Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi və BMT-nin Sivilizasiyalar Alyansının təşkilatçılığı ilə Qubada Beynəlxalq Gənclər Forumu düşərgəsi fəaliyyətə başlayıb. Oktyabrın 26-dan keçirilən düşərgədə 44 ölkədən 100-dən çox gənc lider iştirak edir.
F.Cəfərov əlavə edib ki, bu gün müxtəlif ölkələrdən biznes nümayəndələrini bir araya gətirən K Plus Konfransı da fəaliyyətə başlayıb. Sabah isə forumun rəsmi açılış mərasimindən sonra beynəlxalq təşkilatların və hökumət nümayəndələrinin birgə sessiyası keçiriləcək.
Nazir müavini diqqətə çatdırıb ki, builki forumun yeniliklərindən biri daha çox insanın prosesə cəlb edilməsi, xüsusilə mədəniyyətlərarası dialoqun akademik və elmi-tədqiqat aspektlərinə xüsusi diqqət yetirilməsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB