Diplomatların Beynəlxalq Günü Kiçik təşəbbüsüm necə qlobal miqyas aldı -Abhay K.

Diplomatların Beynəlxalq Günü Kiçik təşəbbüsüm necə qlobal miqyas aldı -Abhay K.

Bu gün Diplomatların Beynəlxalq Gününün onuncu ildönümündə bu günün mənim iştirak etmədiyim ölkələrdə və şəxsən tanımadığım diplomatlar tərəfindən qeyd olunduğunu görmək məndə böyük sevinc və qürur hissi doğurur.

SİA xəbər verir ki, 2017-ci ildə Braziliyanın paytaxtı Braziliada Banqladeş, Braziliya, Fransa, Qana, Hindistan, İsrail, İtaliya, Meksika, Cənubi Afrika və Türkiyədən olan bir neçə diplomat dostumla birlikdə Diplomatların Beynəlxalq Gününü qeyd etmək təşəbbüsünü irəli sürdüm. O zaman atdığım kiçik addım bu gün beynəlxalq miqyas alıb.

Mən Diplomatların Beynəlxalq Gününün təsis edilməsi ideyasını 2017-ci il oktyabrın 12-də nüfuzlu onlayn nəşrlərdən birində dərc olunan “Dünyaya nə üçün Diplomatların Beynəlxalq Günü lazımdır?” adlı məqaləmdə irəli sürmüşdüm. Təklifim diplomatların və onların ailə üzvlərinin zəhmətini və fədakarlığını tanımaq məqsədilə 24 oktyabrın Diplomatların Beynəlxalq Günü kimi qeyd olunması idi.

Məqaləni Braziliyadakı diplomat dostlarımla paylaşdım və diplomatları, eləcə də onların ailə üzvlərini dəvət edərək şəhərdəki restoranlardan birində bu günün ilk qeyd olunmasını təşkil etdim. Çoxları dəvətimə müsbət cavab verdi. Diplomatların Beynəlxalq Günü üçün xüsusi loqo hazırlatdım və onu banner üzərində çap etdirdim. Beləliklə, ideyanın irəli sürülməsindən cəmi on iki gün sonra bir restoranda toplaşaraq Diplomatların Beynəlxalq Gününü ilk dəfə qeyd etdik.

2017-ci il oktyabrın 24-də Braziliada Diplomatların Beynəlxalq Gününün ilk dəfə qeyd olunması münasibətilə etdiyim çıxışı xatırlayıram. Həmin çıxışımda diplomatların ailələrinin böyük çətinliklərlə üzləşdiyini vurğulamışdım. Diplomatlar hər üç-dörd ildən bir bir qitədən digərinə köçməli, dil və mədəniyyət maneələrini aşmalı, qısa müddətdə yeni dostluqlar qurmalı, lakin növbəti təyinat zamanı bütün bunları geridə qoymalı olurlar. Onların fəaliyyəti öz ölkələrində geniş ictimaiyyət üçün, əsasən, görünməz qalır. Diplomatlar çox vaxt imtiyazlı həyat sürən, fəaliyyətsiz insanlar kimi stereotipik şəkildə təsvir olunurlar. Bu təsəvvür dəyişməlidir.

Diplomatların Beynəlxalq Gününün qeyd olunması geniş ictimaiyyətə diplomatların sülhün qorunması və dünyamızı bir-birinə daha da yaxınlaşdırmaq üçün gördükləri mühüm işlər haqqında daha çox məlumat əldə etmək imkanı verə bilər.

Həmin il ideyanın yaranması ilə onun həyata keçirilməsi arasında çox az vaxt var idi. Ümid edirdim ki, növbəti ildən etibarən Diplomatların Beynəlxalq Günü dünyanın hər yerində oktyabrın 24-də qeyd olunacaq.

Braziliya Xarici İşlər Nazirliyinin Mərkəzi Asiya şöbəsinin rəhbəri Rodrigo Alexandre de Carvalho demişdi: “Diplomatlar Günü müxtəlif mədəniyyətləri bir araya gətirmək üçün əla vasitədir. Ümid edirəm ki, bu ideya daha da inkişaf edəcək”.

Meksikanın Braziliyadakı səfirliyinin missiya rəhbərinin müavini Eleazar Velasco Navarro bildirmişdi: “Diplomatiyanı və diplomatların daha yaxşı dünya qurmaq naminə göstərdikləri səyləri qeyd etmək üçün xüsusi bir günün olması vacibdir”.

Banqladeşin Braziliyadakı səfirliyinin müvəqqəti işlər vəkili və nazir-müşaviri Nahida Rahman Shumona demişdi: “Diplomatların zəhmətinə görə onlara təşəkkür etmək və onları təbrik etmək məqsədilə Diplomatların Beynəlxalq Günü hər il qeyd olunmalıdır”.

Fransanın Braziliyadakı səfirliyinin nazir-müşaviri və missiya rəhbərinin müavini Gilles Pecassou bildirmişdi: “Diplomatların Beynəlxalq Günü əla ideyadır və ümid edirəm ki, hər il təşkil olunacaq”.

İsrailin Braziliyadakı səfirliyinin administrasiya rəhbəri Roye Ende demişdi: “Diplomatların Beynəlxalq Gününün qeyd olunması diplomatik ictimaiyyəti daha da yaxınlaşdırmaq üçün gözəl vasitədir. Ümid edirəm ki, bu gün müntəzəm olaraq qeyd ediləcək”.

Qananın Braziliyadakı səfirliyinin konsulu və administrasiya rəhbəri Eunice Amponash isə bildirmişdi: “Diplomatların gərgin iş qrafikinə baxmayaraq, belə bir tədbirdə iştirak etmək, öz mədəniyyətlərini bölüşmək və bir qədər dincəlmək üçün vaxt ayırmaları çox gözəldir”.

Diplomatların Beynəlxalq Gününün ikinci ildönümü 2018-ci il oktyabrın 24-də Braziliada və bir sıra digər paytaxt şəhərlərində müxtəlif ölkələrdən olan diplomatların iştirakı ilə qeyd edildi.

Diplomatların Beynəlxalq Gününün üçüncü ildönümü Madaqaskarın Antananarivu şəhərində ABŞ, Avropa İttifaqı, Afrika İttifaqı, Hindistan, Cənubi Koreya, Əlcəzair və Türkiyənin səfirlərinin, Rusiyanın müvəqqəti işlər vəkilinin, Misir nümayəndələrinin, eləcə də Vatikan və İsveçrədən olan diplomatların və digər ölkələrin təmsilçilərinin iştirakı ilə qeyd olundu.

Diplomatların Beynəlxalq Gününün dördüncü ildönümü dünyanın müxtəlif yerlərində diplomatların sosial şəbəkələrdə #InternationalDiplomatsDay və #ServingPeopleGlobally həştəqləri ilə paylaşdıqları mesajlar vasitəsilə qeyd edildi. Dubayda və Madaqaskarda tədbirlər təşkil olundu, dünyanın müxtəlif yerlərində tanınmış şəxslər və geniş ictimaiyyət də bu təşəbbüsə qoşuldu.

Diplomatların Beynəlxalq Gününün beşinci ildönümü qlobal miqyasda qeyd olundu. Nazirlər, parlament üzvləri, səfirlər, tanınmış şəxslər və akademiklər beynəlxalq münasibətlərin davamlılığının təmin edilməsində və sülhün qorunmasında bütün ölkələrin diplomatlarının oynadığı mühüm rolu yüksək qiymətləndirdilər.

Həmin gün Madaqaskarın Antananarivu şəhərində çıxış edərkən bildirmişdim: “Bəşəriyyətin son 10 000 ildə əldə etdiyi ən böyük nailiyyət mağaralardan çıxaraq Birləşmiş Millətlər Təşkilatını yaratmasıdır”. Məhz buna görə BMT-nin təsis olunduğu tarixi Diplomatların Beynəlxalq Gününün qeyd edilməsi üçün ən uyğun gün hesab etmişdim.

Madaqaskarın xarici işlər naziri Patrick Rajoelina, Hindistanın ittifaq naziri Hardeep Singh Puri, parlament üzvləri Shashi Tharoor və Achyuta Samanta, Hindistanın keçmiş xarici işlər katibi və milli təhlükəsizlik üzrə müşaviri Shivshankar Menon, səfirlər Navdeep Suri, Kishan Rana, Gurjit Singh və Mohan Kumar, Bəhreynin səfiri Houda Nonoo, Banqladeşin ali komissarı Shumona Iqbal, BMT-nin rezident əlaqələndiricisi Issa Sanogo, Böyük Britaniyanın səfiri David Ashley, Afrika İttifaqının xüsusi nümayəndəsi Madame Hawa, səfirlər Sanjay Panda, Namrata Kumar və Prasant Pise, İsrail, İrlandiya və ABŞ-dan olan bir sıra diplomatlar, eləcə də Nepalın tanınmış siması Medha Koirala və Raine Chawla bu tədbirlərdə fəal iştirak etdilər.

İştirakçılar və onların ailə üzvləri arasında sağlam həyat tərzini təşviq etmək və fiziki, eləcə də mənəvi sağlamlığın qorunmasına töhfə vermək məqsədilə yoqa sessiyası da təşkil olundu.

Diplomatların Beynəlxalq Gününün altıncı ildönümü Hindistanın Dubaydakı Baş Konsulluğu tərəfindən baş konsul, doktor Aman Purinin rəhbərliyi ilə qeyd edildi. Hindistanın Dubaydakı Baş Konsulluğu 2022-ci il oktyabrın 25-də X sosial şəbəkəsində belə bir paylaşım etmişdi:

“Baş Konsulluq dünən Dubaydakı diplomatik ictimaiyyətin üzvlərinin və yerli hakimiyyət orqanlarının yüksək vəzifəli nümayəndələrinin iştirakı ilə Diplomatların Beynəlxalq Gününü və Divali bayramını qeyd etdi”.

Mən də bu münasibətlə videomüraciət vasitəsilə dünyanın hər yerində fəaliyyət göstərən diplomatları və onların ailə üzvlərini təbrik etdim. Çıxışımda vurğuladım ki, “bacarıqlı diplomatları olan bir ölkənin müharibəyə başlamasına ehtiyac qalmır”. Diplomatlar dünyada fəaliyyətin fasiləsiz davam etməsinə mühüm töhfə verirlər. Buna görə də onların və ailə üzvlərinin göstərdikləri fədakarlığı xatırlamaq vacibdir.

Diplomatların Beynəlxalq Gününün yeddinci ildönümü dünyanın müxtəlif yerlərində qeyd olundu. Komor adalarının keçmiş xarici işlər naziri Souef Mohamed Al-Amine bu münasibətlə belə demişdi:

“Diplomatlar danışıqların aparılmasında, beynəlxalq əməkdaşlığın təşviqində və münaqişələrin sülh yolu ilə həllində mühüm rol oynayırlar. Bu gün həm də sülhün, təhlükəsizliyin və qlobal inkişafın təşviqi naminə çalışan dünyanın bütün diplomatlarının əməyinə ehtiram göstərmək üçün bir fürsətdir. Gəlin, bu gündən diplomat olan bütün şəxslərə minnətdarlığımızı bildirmək və onların daha yaxşı dünya naminə göstərdikləri səyləri yüksək qiymətləndirmək üçün istifadə edək”.

Diplomatların Beynəlxalq Gününün səkkizinci ildönümü İslamabadda yerləşən Diplomatik Biznes Klubunda qeyd olundu. Dünyanın müxtəlif ölkələrindən diplomatların bir araya gəldiyi tədbir onların qlobal birliyin və əməkdaşlığın gücləndirilməsinə verdikləri töhfələrə həsr olunmuşdu. “Diplomatlar – böhranları aradan qaldırır və sülhü formalaşdırırlar” mövzusu altında keçirilən tədbirdə beynəlxalq sabitliyin qorunmasında diplomatiyanın mühüm rolu vurğulandı.

Tədbirdə Maldiv adalarının ali komissarı Mohamed Thoha, Macarıstanın missiya rəhbərinin müavini Dr. István Grafjódi, Omanın səfir müavini Nasser Al Sulaimani, İordaniyanın missiya rəhbərinin müavini Abdulraheem Hasan, Keniyanın nazir-müşaviri Soita Khwatenge, eləcə də Fransa, Qırğız Respublikası və İrandan diplomatlar, Mərakeş və Tunisin fəxri konsulları və BMT-nin Ümumdünya Ərzaq Proqramının nümayəndəsi də daxil olmaqla, müxtəlif ölkələrdən yüksək səviyyəli rəsmi şəxslər iştirak etdilər.

Diplomatların Beynəlxalq Gününün doqquzuncu ildönümü beynəlxalq miqyasda qeyd olundu. Rusiya Federasiyası ilə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlər arasında iqtisadi, maliyyə və mədəni əməkdaşlığın əsas platformalarından biri olan Kazan Forumu 2025-ci ilin oktyabrında bu münasibətlə sosial şəbəkədə aşağıdakı paylaşımı etdi:

“Oktyabrın 24-ü Diplomatların Beynəlxalq Günü və bu il 80 illiyini qeyd edən Birləşmiş Millətlər Təşkilatının Günüdür.

Dünyada sülhün qorunmasında mühüm rol oynayan diplomatlara ehtiram göstərmək məqsədilə Diplomatlar Gününün qeyd olunması ideyasını Hindistanın səfiri Abhay Kumar irəli sürüb. Bu gün ilk dəfə 2017-ci il oktyabrın 24-də Braziliada qeyd edilib.

Diplomatların Beynəlxalq Günü bizə danışıqlar sənətinin və sülh yolu ilə dialoqun əhəmiyyətini xatırladır. Diplomatlar geniş biliyə, təmkinə və yüksək ünsiyyət bacarıqlarına malikdirlər. Onlar müxtəlif dövrlərdə münaqişələrin qarşısını alıb və ittifaqların yaranmasına töhfə veriblər. Müasir dünyada diplomatiya xarici siyasətin əsas alətidir; ölkələri birləşdirir və onlar arasında etimada əsaslanan münasibətlər qurur”.

O vaxtdan bəri bu ideya diplomatlar da daxil olmaqla, beynəlxalq ictimaiyyətin müxtəlif təbəqələri tərəfindən geniş dəstək qazanıb. Bu gün səhər yuxudan oyanarkən ilk düşündüyüm məsələ günün dünyanın hansısa yerində qeyd olunub-olunmaması idi. İnternetdə axtarış apararkən ideyanın necə inkişaf etdiyini və özünəməxsus müstəqillik qazandığını görmək məni heyrətləndirdi. Diplomatların Beynəlxalq Günü şəxsən heç vaxt görüşmədiyim diplomatlar tərəfindən mənim iştirak etmədiyim yerlərdə qeyd olunur, lakin ideyam həmin yerlərdə yaşamağa davam edir. Diplomatların Beynəlxalq Gününün onuncu ildönümünün dünyanın müxtəlif ölkələrində diplomatlar və xarici işlər nazirlikləri tərəfindən qeyd olunduğunu görmək mənə böyük sevinc bəxş etdi.

İndoneziyanın Kolombodakı səfiri və Şri-Lankadakı Diplomatik Korpusun duayeni Dewi Gustina Tobing bu günü Şri-Lankanın xarici işlər naziri Vijitha Herathın, eləcə də Şri-Lankada akkreditə olunmuş müxtəlif ölkələrin diplomatlarının və onların ailə üzvlərinin iştirakı ilə qeyd etdi.

Xarici işlər naziri Vijitha Herath tədbirdən sonra X sosial şəbəkəsində belə bir paylaşım etdi:

“Diplomatik Korpusun üzvləri və onların ailə üzvləri ilə birlikdə Diplomatik Korpusun duayeni və İndoneziyanın Şri-Lankadakı səfiri Zati-alilələri Dewi Gustina Tobing tərəfindən təşkil olunan toplantıda Diplomatların Beynəlxalq Gününü qeyd etdim.

Diplomatiya körpülər salır, fikir ayrılıqlarını aradan qaldırır və dialoq üçün imkanlar yaradır. Diplomatiya vasitəsilə qurulan dostluqlar beynəlxalq əməkdaşlığı və qarşılıqlı anlaşmanı gücləndirir”.

Kanadanın xarici diplomatik və konsulluq əlaqələrini idarə edən, beynəlxalq ticarəti təşviq edən, eləcə də beynəlxalq inkişaf və humanitar yardıma rəhbərlik edən dövlət qurumu – Kanadanın Qlobal Məsələlər Departamenti (Global Affairs Canada) X sosial şəbəkəsində bu münasibətlə aşağıdakı paylaşımı etdi:

“Bu gün, Diplomatların Beynəlxalq Günündə dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən kanadalı diplomatları təqdir edirik. Onlar öz bilikləri və fədakarlıqları ilə qlobal tərəfdaşlıqları gücləndirir, xaricdəki kanadalılara dəstək olur və getdikcə mürəkkəbləşən dünyada Kanadanın maraqlarını irəli aparırlar. Təşəkkür edirik!”

Abhay K. Hindistanın peşəkar diplomatıdır və “Nalanda: How it Changed the World” (“Nalanda: Dünyanı necə dəyişdi”) də daxil olmaqla, bir sıra kitabların müəllifidir.

Məqalədə ifadə olunan fikirlər müəllifə məxsusdur.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə