"Qarabağ Milli Parkı bölgənin biomüxtəlifliyinin qorunmasında mühüm rol oynayacaq" - POLİTOLOQ
"Qarabağ Milli Parkının yaradılması, ilk növbədə, işğaldan azad edilmiş ərazilərdə təbii ekosistemlərin qorunması və bərpası baxımından əhəmiyyətlidir. Məlumdur ki, milli park Ağdərə, Xocalı, Kəlbəcər, Şuşa və Laçın rayonlarının ərazilərini əhatə edir".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə deyib.
_(1)_(1)_(1)_(1)_(1).jpg)
Onun sözlərinə görə, bu sərəncamın əsas məqsədi biomüxtəlifliyin mühafizəsi, təbii sərvətlərdən dayanıqlı istifadə və ekoturizmin inkişafıdır. Bu yanaşmanın Qarabağın gələcək inkişafında iqtisadi fəaliyyətlə ekoloji tarazlığın uzlaşdırılmasına imkan yaradacağı şübhəsizdir:
"Digər mühüm istiqamət Azıx-Tağlar Arxeoloji Parkı Dövlət Qoruğunun yaradılmasıdır. Xocavənd rayonunda yerləşən bu mağara düşərgələri qədim insan məskənlərinin öyrənilməsi baxımından xüsusi elmi əhəmiyyət daşıyır. Sərəncamda onların qorunması, bərpası, elmi əsaslarla tədqiqi və arxeoloji dəyərlərin beynəlxalq səviyyədə təbliği əsas vəzifələr kimi müəyyənləşdirilib.
Bu qərarların elmi və mədəni diplomatiya baxımından da əhəmiyyəti var. Arxeoloji abidələrin sistemli şəkildə araşdırılması, tapıntıların beynəlxalq elmi ictimaiyyətə təqdim edilməsi və mühafizə standartlarının tətbiqi Azərbaycanın qədim tarixinin öyrənilməsinə əlavə imkanlar yarada bilər.
İqtisadi baxımdan isə hər iki layihə ekoturizmin və mədəni turizmin inkişafına töhfə verə bilər. Qarabağın təbii landşaftları ilə qədim arxeoloji irsinin vahid turizm marşrutlarında birləşdirilməsi bölgənin cəlbediciliyini artıra, yerli məşğulluğa və xidmət sektoruna müsbət təsir göstərə bilər.
Ümumilikdə isə, bu sərəncamlar Qarabağın bərpasının təkcə yaşayış məntəqələrinin yenidən qurulması ilə məhdudlaşmadığını, təbii sərvətlərin və tarixi irsin qorunmasını da əhatə etdiyini göstərir. Verilən qərarların icrası ilə Qarabağ həm ekoloji mühafizə, həm də qədim mədəni irsin tədqiqi və tanıdılması baxımından əhəmiyyətli regional mərkəzə çevrilə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB