"Müharibə enerji bazarından nəqliyyat xərclərinədək bir çox sahəyə təsir edir" - İQTİSADÇI DANIŞDI
"ABŞ-ın İranla müharibəsi dünya əmtəə və fond birjalarına ciddi təsir göstərir. Bu təsirlər təkcə qonşu dövlətlərlə məhdudlaşmır, qlobal miqyasda bütün ölkələrdə hiss olunur".
Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib.
_(2).jpg)
Onun sözlərinə görə, təsirin əsas kanallarından biri enerji qiymətlərinin bahalaşmasıdır. Müharibədən əvvəl neftin qiyməti 45–60 dollar intervalında olduğu halda, hazırda 100 dollar ətrafındadır. Enerji qiymətlərinin artması qlobal miqyasda daşıma və nəqliyyat xərclərinin yüksəlməsinə, eləcə də enerjidən intensiv istifadə edən sahələrdə məhsulların bahalaşmasına səbəb olur. Beləliklə, neftin qiymətinin artması daşınma və istehsal xərclərini yüksəldərək qlobal inflyasiyaya təkan verir. Bunun təsirlərini təkcə qonşu dövlətlər deyil, dünyanın əksər ölkələri hiss edir:
"İkinci mühüm məqam neftdən hazırlanan məhsulların, xüsusilə neft-kimya sənayesi məhsullarının bahalaşmasıdır. Bu sahədə qiymətlərin artması kənd təsərrüfatında istifadə olunan material və vasitələrin də bahalaşmasına gətirib çıxarır. Nəticədə ərzaq məhsullarının qiymətlərində artım müşahidə olunur.
Ümumilikdə, müharibənin əsas iqtisadi nəticələri qiymətlərin yüksəlməsi, daşımaların çətinləşməsi və qlobal inflyasiyanın artmasıdır. Bu proseslər bir tərəfdən ölkələrin iqtisadi artımına mənfi təsir göstərir, digər tərəfdən isə əhali üçün əlavə qiymət və sosial yük yaradır.
Müharibənin qonşu dövlətlərə mənfi təsiri xüsusilə nəqliyyat sahəsində özünü göstərir. Son dövrlərdə hava nəqliyyatında yaranan problemlər, biletlərin qiymətinin kəskin artması və yükdaşımalarla bağlı çətinliklər diqqət çəkir. Azərbaycan da İran ərazisindən tranzit keçməklə, o cümlədən Bəndər-Abbas limanı vasitəsilə ticarət əlaqələri qururdu. Mövcud tranzit marşrutlarının fəaliyyətində yaranan məhdudiyyətlər yük və sərnişin daşımalarını çətinləşdirir. Nəticədə qonşu ölkələr yalnız enerji qiymətlərinin artmasından zərər görmür, eyni zamanda əvvəl istifadə etdikləri daha əlverişli nəqliyyat marşrutlarını daha bahalı alternativlərlə əvəz etmək məcburiyyətində qalırlar.
Müharibənin fond birjalarına təsiri isə müxtəlif istiqamətlərdə özünü göstərir. Enerji bazarındakı gərginlik enerji şirkətlərinin səhmlərinə təsir etdiyi halda, ərzaq biznesi ilə məşğul olan bəzi şirkətlərin maliyyə göstəricilərində pisləşmə müşahidə oluna bilər. Eyni zamanda, qızılın qiymətində də eniş qeydə alınır. Ehtiyatlarını qızılda saxlayan fondlar və investorlar bu qiymət dəyişikliklərindən zərər görə bilərlər.
Azərbaycan da müharibənin iqtisadi təsirlərini hiss edən ölkələr sırasındadır. Bunun əsas səbəbləri İranla qonşu olmağımız, həmin ölkənin ərazisindən tranzit yüklərin daşınması və xüsusilə kənd təsərrüfatı məhsulları üzrə ticarət əlaqələrimizin mövcudluğudur. Bütün bunlar müharibənin ölkədə idxal inflyasiyasını gücləndirməsinə, qiymətlərin artmasına və ticarət əlaqələrinin çətinləşməsinə səbəb olur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB