"İnternet və sosial şəbəkələr yalnız özünü nümayiş etdirmək və pul qazanmaq vasitəsi deyil" - SOSİOLOQ
"İnternetin inkişafı, sosial şəbəkələrin yaranması və genişlənməsi, daha sonra isə süni intellektin bu sahəyə inteqrasiyası insanlara bir çox müsbət imkanlar yaratmaqla yanaşı, müəyyən mənfi təsirlər də göstərir. Bu təsirlər insanların hansı ölkədə yaşamasından asılı olmayaraq özünü büruzə verir".
Bu sözləri Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, sosial şəbəkələrdə adi istifadəçilərin, ziyalıların və tanınmış şəxslərin paylaşdıqları fikirlər, mövqelər, çıxışlar, statuslar və şərhlər hər zaman birmənalı qarşılanmır: "Cəmiyyətin tanınmış insanlardan gözləntiləri daha yüksək olduğuna görə onların gündəlik həyat tərzlərini nümayiş etdirmələri də müxtəlif reaksiyalara səbəb olur. Restoranlarda, toylarda, istirahət mərkəzlərində, alış-veriş məkanlarında və xarici ölkələrə səyahət zamanı çəkilən foto və videolar, eləcə də paylaşılan həyat tərzi görüntüləri bəzi insanlarda maraq və motivasiya yaratsa da, digərlərində narazılıq, qısqanclıq və hətta ruh düşkünlüyü doğura bilər.
Xüsusilə sosial şəbəkələrin gənclərin düşüncəsinə, həyat tərzinə və gələcəklə bağlı gözləntilərinə təsiri böyükdür. İnkişaf etmiş, təhsil və elm səviyyəsi yüksək olan cəmiyyətlərdə bu təsirlər daha çox müsbət istiqamətdə özünü göstərə bilər. Gənclər tanınmış şəxslərin uğurlarını görərək belə nəticəyə gəlirlər ki, zəhmət çəkərək, çalışaraq və öz üzərlərində işləyərək onlar da uğur qazana, maddi rifaha çata və dünyanı gəzə bilərlər.
Lakin təhsil və elmi inkişaf səviyyəsi zəif olan cəmiyyətlərdə sosial şəbəkələrin təsiri bəzən fərqli istiqamətə yönəlir. Bəzi insanlar tanınmış şəxslərin həyat tərzini olduğu kimi təkrarlamağa çalışır, zəhmət çəkmədən, davamlı çalışmadan və müəyyən məqsədlər uğrunda mübarizə aparmadan varlanmaq istəyirlər. Onlar hündürmərtəbəli binalarda geniş və təmirli mənzillərə, bahalı avtomobillərə, dəbdəbəli həyata sahib olmağı arzulayırlar. Bəzən isə başqalarında qısqanclıq yaradacaq həyat tərzi nümayiş etdirmək istəyini əsas məqsədə çevirirlər.
Amma unudurlar ki, tanınmış şəxslərin böyük əksəriyyəti də uğura asanlıqla nail olmayıb. Onların bir çoxu məktəb illərindən başlayaraq təhsil alıb, müxtəlif çətinliklərlə üzləşib, zəhmət çəkib, öz peşəsini təkmilləşdirib, karyera qurub və illər ərzində bugünkü mövqeyinə çatıb. Əlbəttə, hər kəsin həyat yolu fərqlidir və bütün uğurlar yalnız zəhmətlə izah edilə bilməz. Bununla belə, davamlı əmək, bilik və bacarıqların inkişafı uğur imkanlarını artıran mühüm amillərdir.
Ona görə də gənclər sosial şəbəkələrdə, internetdə, televiziya və radio proqramlarında, xəbər saytlarında və digər kütləvi informasiya vasitələrində gördükləri həyat tərzini kor-koranə təkrarlamamalıdırlar. Tanınmış şəxslərin uğurları onlar üçün sadəcə motivasiya mənbəyi olmalıdır. Əsas məqsəd həmin insanların sahib olduqlarını əldə etməkdən daha çox, onların uğura aparan yolundan nəticə çıxarmaq, oxumaq, işləmək, peşəni dərindən öyrənmək və daim öz üzərində çalışmaq olmalıdır.
Gənclər hər gün yeni biliklər əldə etməyə, bacarıqlarını artırmağa, seçdikləri peşədə təkmilləşməyə və cəmiyyətə fayda verəcək təşəbbüslər irəli sürməyə çalışmalıdırlar. Bu yanaşma yalnız onların şəxsi gələcəyinə deyil, ailələrinin rifahına və ölkənin iqtisadi inkişafına da töhfə verə bilər.
Bu gün gənclərin imkanları əvvəlki dövrlərlə müqayisədə daha genişdir. İnternet və sosial şəbəkələr yalnız özünü nümayiş etdirmək və pul qazanmaq vasitəsi deyil. Onlar alternativ təhsil almaq, yeni peşələr öyrənmək, beynəlxalq təcrübə qazanmaq, ideyaları reallaşdırmaq və öz həyatını qurmaq üçün də geniş imkanlar yaradır. Əsas məsələ bu imkanlardan hansı məqsədlə və necə istifadə etməkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB