"Qarabağda yeni iş yerləri yaradılır və sahibkarlıq fəaliyyəti genişlənir" - DEPUTAT DANIŞDI

"Qarabağda yeni iş yerləri yaradılır və sahibkarlıq fəaliyyəti genişlənir" - DEPUTAT DANIŞDI

"Böyük Qayıdış prosesi Vətən müharibəsi ilə bilavasitə bağlıdır. Azərbaycan cəmiyyəti və ölkə rəhbərliyi torpaqlarımızın işğaldan azad olunacağına inanır, bunun üçün ciddi hazırlıq işləri aparırdı. Eyni zamanda, Ermənistanın işğal altında saxladığı əraziləri hansı vəziyyətə saldığı da yaxşı məlum idi".

Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, evlər və sosial obyektlər dağıdılmış, kommunikasiya xətləri sökülərək aparılmış, meşələrə və çaylara ciddi ziyan vurulmuşdu:

"Azərbaycan dövləti böyük Zəfərdən sonra görüləcək işləri əvvəlcədən planlaşdırmışdı. Biz yaxşı bilirdik ki, bütün vədlərə baxmayaraq, bərpa və yenidənqurma işlərini əsasən öz gücümüzə arxalanaraq həyata keçirməli olacağıq.

Bunun nəticəsidir ki, 44 günlük Vətən müharibəsindən qısa müddət sonra Zəngilan rayonunun Ağalı kəndinə ilk sakinlər qayıtdılar. Hazırda azad edilmiş ərazilərdə 44 yaşayış məntəqəsində insanlar yaşayır və işləyirlər. Bu ərazilərdə 100 minə yaxın insanın məskunlaşması və iqtisadi fəaliyyətlə məşğul olması istiqamətində işlər davam etdirilir.

Burada təkcə yaşayış evləri tikilmir, məktəblər, uşaq bağçaları və icma binaları inşa olunur, yeni iş yerləri yaradılır. Böyük şirkətlər bərpa olunan ərazilərdə öz obyektlərini qururlar. Kənd təsərrüfatı müasir tələblərə uyğun şəkildə inkişaf etdirilir. Keçmiş məcburi köçkünlər də böyük həvəslə öz doğma torpaqlarına qayıdırlar. Onların bir qismi artıq şəxsi biznesini qurub, digərləri isə dövlətin təqdim etdiyi güzəştli kreditlərdən yararlanaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar.

Eyni zamanda, azad edilmiş ərazilərə səfər edən Azərbaycan vətəndaşlarının və xarici turistlərin sayı artır. Həmin ərazilərin iqtisadi potensialı hərtərəfli öyrənilir və hər bir regionun xüsusiyyətlərinə uyğun iqtisadi inkişaf modeli formalaşdırılır. Bəzi ərazilər turizm mərkəzi kimi inkişaf etdirilir, digərlərində təbii sərvətlərin hasilatı və emalı nəzərdə tutulur. Digər bölgələrdə isə mədəni tədbirlərin və beynəlxalq tədbirlərin keçirilməsi üçün imkanlar yaradılır.

Üç yeni beynəlxalq hava limanının inşası, ali təhsil müəssisələrinin yaradılması və digər infrastruktur layihələri Azərbaycanın öz torpaqlarında genişmiqyaslı quruculuq işləri apardığının göstəricisidir. Azərbaycan öz suverenliyini bərpa etməklə yanaşı, azad edilmiş ərazilərin yenidən qurulması və inkişafı istiqamətində də mühüm təcrübə nümayiş etdirir. Biz həm döyüşməyi, həm də qurub-yaratmağı bacaran xalqıq.

Vaxtaşırı sosial şəbəkələrin erməni seqmentində bəzi istifadəçilərin öz hakimiyyətlərinə ünvanladıqları suallarla da qarşılaşırıq: Ermənistan 30 il ərzində nə etdi, Azərbaycan isə qısa müddətdə hansı işləri gördü? Bu müqayisənin fərqini artıq Ermənistanın bəzi sakinləri də görürlər.

Bərpa və yenidənqurma işləri davam edir və sonuncu keçmiş məcburi köçkün doğma torpağına qayıdana qədər bu proses davam etdiriləcək. Bu işlərin arxasında Azərbaycan xalqının iradəsi, Prezident İlham Əliyevin düşünülmüş siyasi kursu və ardıcıl fəaliyyəti dayanır. Dövlət başçısı mütəmadi olaraq azad edilmiş ərazilərə səfərlər edir, görülən işlərlə tanış olur, layihələrin icrasını qiymətləndirir və yeni inkişaf istiqamətlərini müəyyənləşdirir.

Artıq Böyük Qayıdış real prosesə çevrilib. Böyük Zəfərin davamı olan bu proses Azərbaycanın müasir tarixində mühüm yer tutur və gələcək nəsillər üçün də əhəmiyyətli bir irs formalaşdırır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə