"İdman yalnız qələbə və medallardan ibarət deyil. İdman həm də sağlam nəsil, güclü cəmiyyət və ölkənin gələcəyinə qoyulan sərmayədir. Prezident İlham Əliyevin FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləməsi də məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının belə tədbirlərdə iştirakı Azərbaycanda idmanın inkişafına, xüsusilə uşaq və yeniyetmələrin idmana cəlb olunmasına verilən önəmin göstəricisidir". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, Azərbaycan artıq beynəlxalq idman tədbirlərinin keçirildiyi ölkə olmaqla yanaşı, bu sahədə öz təşkilatçılıq təcrübəsini və müasir infrastruktur imkanlarını da nümayiş etdirir:
"Lakin mən hesab edirəm ki, belə tədbirlərin ən böyük uğuru təkcə onların yüksək səviyyədə təşkilində deyil, yaratdığı uzunmüddətli təsirdədir. Bu gün meydançaya çıxan 15 yaşlı yeniyetmə sabah ölkəsinin bayrağını beynəlxalq arenada yüksəldən idmançı ola bilər. Bu çempionatın 189 ölkənin komandasını və üç mindən artıq futbolçu ilə rəsmi nümayəndəni Bakıda bir araya gətirməsi ayrıca diqqətəlayiq hadisədir. Dünyanın müxtəlif guşələrindən gələn yeniyetmələr burada yalnız futbol oynamırlar. Onlar Azərbaycanı tanıyır, mədəniyyətimizlə tanış olur, ölkəmiz haqqında şəxsi təəssüratlar qazanırlar. Bu isə idmanın yaratdığı ictimai diplomatiya imkanlarıdır. Azərbaycan millisinin Timor-Leste üzərində 6:0 hesablı qələbəsi, Prezident İlham Əliyevin oyundan sonra gənc futbolçularla görüşərək onları təbrik etməsi də tədbirin yaddaqalan məqamlarından oldu. Dövlət başçısının bu diqqəti gənc idmançılar üçün böyük mənəvi stimul olmaqla yanaşı, onların üzərinə gələcək uğurlar üçün əlavə məsuliyyət qoyur.
Burada bir məqamı da xüsusi vurğulamaq istərdim. Böyük turnirlərə ev sahibliyi etmək mühümdür, amma həmin turnirlərin yaratdığı imkanları ölkə futbolunun inkişafına çevirmək daha vacibdir. Uşaq futbolu, bölgələrdə idman infrastrukturu, istedadların vaxtında aşkarlanması və peşəkar hazırlıq sistemi daim diqqətdə saxlanılmalıdır. Bu gün Azərbaycan dünya futbolunun gələcəyini Bakıda qarşılayır. Sabah isə həmin gələcəyin içərisində daha çox azərbaycanlı futbolçu görmək əsas hədəflərimizdən biri olmalıdır. Çünki böyük futbol böyük stadionlardan əvvəl kiçik yaşlı uşaqların arzularından başlayır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB