Evdə bəzən heç kimin dilə gətirmədiyi bir rəqabət yaşanır. Ən yaxşı stəkan, ən rahat kreslo, ən yumşaq dəsmal, ən gözəl qab... Bunların hər biri adi əşya təsiri bağışlasa da, ailə daxilində qəribə bir bölgünün yaranmasına səbəb ola bilir. Maraqlıdır ki, insan bəzən başqasına qonaqlıq verəndə ən yaxşı qablarını çıxarır, amma gündəlik həyatında həmin əşyalardan istifadə etməyə ürək etmir.
Bu vərdişin arxasında yalnız qənaət dayanmayıb. Bəzən insan gözəl əşyasını sındırmaqdan, köhnəltməkdən, dəyərini itirməkdən çəkinir. Elə buna görə də ən yaxşısını qoruyub saxlayır, gündəlik həyatını isə daha köhnə, daha adi əşyalarla davam etdirir. Nəticədə istifadə etmək üçün alınan məhsul öz əsas məqsədindən uzaqlaşır: yaşamaq üçün deyil, qorumaq üçün saxlanılır.
Eyni hal təkcə qab-qacaqda deyil, geyimlərdə, ətirlərdə, yataq dəstlərində və hətta evin müəyyən otaqlarında da müşahidə olunur. Bəzi insanlar xüsusi gün gələndə geyinmək üçün aldıqları paltarı illərlə şkafda saxlayırlar. O xüsusi gün isə ya gecikir, ya da heç gəlmir. Bahalı ətir yalnız əlamətdar hadisələr üçün qorunur, yeni yataq dəsti isə qonaq gələndə istifadə edilmək üçün gözləyir.
Beləcə, insan sahib olduğu şeylərdən faydalanmaq əvəzinə, onların gələcəkdə istifadə ediləcəyi ehtimalına bağlanır. Halbuki zaman keçdikcə əşyalar köhnəlir, zövqlər dəyişir, bəzi məhsullar yararsız hala düşür. Bir vaxtlar xüsusi gün üçün qorunan paltar dəbdən düşür, istifadə olunmayan ətirin qoxusu dəyişir, şkafın arxasında qalan əşya isə unudulur.
Burada daha maraqlı məqam insanın özünə münasibətidir. Başqaları üçün ən yaxşısını hazırlayan, ən gözəlini qonağına təqdim edən insan bəzən öz gündəlik rahatlığını ikinci plana keçirir. Sanki gözəl şeylərdən istifadə etmək üçün xüsusi səbəb, hətta bir növ icazə lazımdır. Adi günlər isə bu gözəlliklərə layiq görülmür.
Bəlkə də, problem əşyaları qorumaqda deyil, həyatı daim sonraya saxlamaqdadır. İnsan hər şeyi gələcək üçün saxlayanda indiki günün imkanlarını gözdən qaçırır. Halbuki gündəlik həyatın özü də xüsusi diqqətə layiqdir. Ən gözəl fincandan çay içmək, sevilən paltarı adi bir gündə geyinmək, rahat yataq dəstindən hər gecə istifadə etmək üçün mütləq bayram gözləməyə ehtiyac yoxdur.
Evin ən gözəl əşyaları vitrinlərdə, şkaflarda və bağlı otaqlarda qaldıqca insan onlara sahib olur, amma onlardan yararlanmır. Bəzən sahib olduqlarımızın qədrini bilmək onları qorumaqdan daha çox, vaxtında istifadə etməyi bacarmaqdır. Axı əşyaların ömrü olduğu kimi, bizim də hər günü yenidən yaşamaq imkanımız yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB