"İnsan ən çox itirməkdən qorxduğu həqiqətlər qarşısında özünü aldatmağa meyilli olur" - PSİXOLOQ
"İnsan bəzən başqalarına söylədiyi yalanlardan daha çox özünə söylədiyi yalanlara inanır. Çünki həqiqətlə üzləşmək yalnız reallığı qəbul etmək deyil, bəzən illərlə qurduğu ümidlərdən, inanclardan və emosional bağlılıqlardan imtina etmək deməkdir".
Bu fikirləri SİA-ya açıqlamasında PRİM Psixososial Reabilitasiya və İnkişaf Mərkəzinin rəhbəri, psixoloq Almara Məlikova bildirib.

Onun sözlərinə görə, məhz buna görə də özünü aldatmaq insan psixikasının ən mürəkkəb davranış mexanizmlərindən biri hesab olunur:
"Psixologiyada özünü aldatma insanın narahatedici həqiqətləri görməməzliyə vurması, onları təhrif etməsi və ya özünə daha məqbul izahlarla təqdim etməsi kimi izah olunur.
Psixoanalizin banisi Ziqmund Freydin müdafiə mexanizmləri haqqında nəzəri yanaşmasına əsasən, insan psixikası güclü emosional gərginlik yaradan həqiqətlər qarşısında inkar, sıxışdırma və rasionallaşdırma kimi mexanizmlərdən istifadə edə bilər. Bu zaman insan həqiqəti qəbul etmək əvəzinə, onu öz emosional təhlükəsizliyinə uyğun şəkildə mənalandırmağa çalışır.
Amerikalı sosial psixoloq Leon Festingerin 1957-ci ildə irəli sürdüyü koqnitiv dissonans nəzəriyyəsi isə bu davranışın digər mühüm səbəbini açıqlayır. İnsan öz inancları ilə real həyat hadisələri arasında ziddiyyət hiss etdikdə daxili narahatlıq yaşayır. Bu narahatlığı azaltmaq üçün bəzən davranışını dəyişmək əvəzinə, reallığı öz düşüncələrinə uyğun izah edir.
Məsələn, münasibətində davamlı laqeydlik görən insan “O, məni sevir, sadəcə sevgisini göstərə bilmir” düşüncəsinə sığına bilər. Yaxud uğursuzluq yaşayan biri öz səhvlərini təhlil etmək əvəzinə, bütün məsuliyyəti ətrafındakı insanların üzərinə ata bilər.
Peşəkar psixoloji təcrübəmdən çıxış edərək qeyd etmək istərdim ki, insan ən çox itirməkdən qorxduğu həqiqətlər qarşısında özünü aldatmağa meyilli olur. Çünki bəzən həqiqəti qəbul etmək insanın özünə verdiyi dəyəri, münasibətlərini və gələcəklə bağlı təsəvvürlərini yenidən qiymətləndirməsini tələb edir.
Lakin burada mühüm bir psixoloji məqam var: özünü aldatmaq hər zaman şüurlu yalan danışmaq demək deyil. Bəzən insan özü də yaratdığı izaha səmimi şəkildə inanır.
Qısamüddətli dövrdə bu mexanizm emosional gərginliyi azalda bilər. Lakin uzun müddət davam etdikdə insanın düzgün qərar verməsinə, sağlam münasibətlər qurmasına və şəxsi inkişafına mane ola bilər.
Mənim fikrimcə, psixoloji yetkinlik insanın özünü daim haqlı çıxarmasında deyil, yanıldığını qəbul edə bilməsindədir. Çünki insanın özünə qarşı dürüstlüyü bəzən ağrılı olsa da, daxili azadlığın və emosional sağlamlığın əsas şərtlərindən biridir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB