Yeniyetmələrlə davranarkən valideynlər necə yanaşmalıdırlar? - PSİXOLOQ DANIŞDI

Yeniyetmələrlə davranarkən valideynlər necə yanaşmalıdırlar? - PSİXOLOQ DANIŞDI

“Yeniyetməlik dövrü uşağın həyatında çox vacib və eyni zamanda həssas bir mərhələdir. Bu dövrdə yeniyetmələr həm böyümək və müstəqil olmaq istəyir, həm də özlərini hələ uşaq kimi hiss edərək qayğıya və sevgiyə ehtiyac duyurlar. Onlar fikirlərinə hörmət edilməsini, qərarlarının nəzərə alınmasını istəyirlər”.

Bu fikirləri psixoloq Vüsalə Əmiraslanova SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, buna görə də valideynlər bu mərhələdə xüsusilə həssas və diqqətli olmalıdırlar:

Müşahidə edirəm ki, bəzi valideynlər övladlarına bir tərəfdən “Artıq böyümüsən, özün kimi davran”, digər tərəfdən isə hər hansı qərar vermək istədikdə “Sən hələ kiçiksən, öz yerini bil” kimi ifadələr işlədirlər. Bu cür ziddiyyətli yanaşma yeniyetmədə çaşqınlıq yarada bilər.

“Burada əsas məsələ uşağın etibarını qazanmaq, ona bacardığımız qədər dürüst yanaşmaq, sevgi göstərmək və verdiyimiz sözün üstündə durmaqdır. Valideynlə övlad arasında etimadın formalaşmasının ən yaxşı yollarından biri dürüstlükdür. Bununla yanaşı, valideynlər lazım gəldikdə cəza və mükafatlandırma üsullarından istifadə etməyi, ailədə müəyyən qaydaların mövcudluğunu da unutmamalıdırlar. Əsas odur ki, bu qaydalar ədalətli və ardıcıl şəkildə tətbiq edilsin.

Valideynlər öz aralarındakı münasibətləri və tərbiyə məsələlərindəki mövqelərini də uzlaşdırmalıdırlar. Əks halda, uşaqlar valideynlərin fərqli yanaşmalarından istifadə edərək istəklərinə çatmağa çalışa bilərlər. Yeniyetmələr bəzən özlərini ailədəki digər uşaqlarla müqayisə edir, istədiklərini əldə etmək üçün müxtəlif üsullara əl atırlar. Buna görə də valideynlərin razılaşdırılmış mövqedən çıxış etməsi, eyni zamanda övladlarına sevgi və anlayışla yanaşması çox vacibdir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə