İctimai yerlərdə davranış mədəniyyəti niyə zəifləyir? - RƏY

İctimai yerlərdə davranış mədəniyyəti niyə zəifləyir? - RƏY

Davranış, ümumilikdə, insanın əxlaqının və mənəvi dünyasının təzahürüdür. İnsanların bir-birinə münasibəti istər ailədə, istər cəmiyyətdə, istərsə də ictimai məkanlarda müəyyən mənəvi və hüquqi normalarla tənzimlənir. Lakin davranış mədəniyyəti dedikdə, ilk növbədə, insanın daxili tərbiyəsi, əxlaqi prinsipləri və başqalarına göstərdiyi hörmət nəzərdə tutulur.

Bu sözləri SİA-ya Sosial və ailə məsələləri üzrə müstəqil araşdırmaçı-ekspert Ramal Əliyev deyib.

O sözlərinə belə davam edib: “Hesab edirəm ki, cəmiyyətdə davranış qaydaları mütləq əxlaqi meyarlara söykənməlidir. Çünki hər bir davranışı qanunla tənzimləmək mümkün deyil. Məsələn, yaşlı bir qadının əlindəki yükü götürüb ona kömək etmək, ictimai nəqliyyatda yaşlılara və ehtiyacı olanlara yer vermək, qonşularla mehriban münasibət qurmaq, küçəni təmiz saxlamaq, heyvanlara və təbiətə qayğı ilə yanaşmaq — bunlar təkcə hüquqi tələb deyil, insanın mənəvi məsuliyyətinin göstəricisidir.

Bu dəyərlərin kökündə bizim milli-mənəvi irsimiz, ailə tərbiyəmiz və dini dəyərlərimiz dayanır. Azərbaycan cəmiyyətində böyüyə hörmət, kiçiyə qayğı, qonşuluq haqqına riayət, qohumluq münasibətlərinin qorunması, qonaqpərvərlik və başqasının haqqına girməmək tarixən yüksək qiymətləndirilən xüsusiyyətlər olub.

Təəssüf ki, son dövrlərdə bu dəyərlərin bir qisminin zəiflədiyini müşahidə edirik. İctimai yerlərdə yüksək səslə danışmaq, ətrafdakı insanları narahat etmək, zibili yerə atmaq, ictimai nəqliyyatda yaşlılara qarşı laqeydlik göstərmək və başqalarının şəxsi sərhədlərinə hörmət etməmək kimi hallar davranış mədəniyyətinin ciddi problemə çevrildiyini göstərir.

Bunun səbəblərindən biri qloballaşma və sosial şəbəkələr vasitəsilə müxtəlif həyat tərzlərinin, düşüncə modellərinin və davranış formalarının sürətlə yayılmasıdır. Əlbəttə, başqa mədəniyyətlərlə tanış olmaq özlüyündə mənfi hal deyil. Əksinə, bu, insanın dünyagörüşünü genişləndirə bilər. Ancaq problem ondadır ki, bəzi insanlar xarici mədəniyyətlərdən gördükləri hər davranışı düşünmədən mənimsəyir, onu öz milli-mənəvi dəyərləri ilə müqayisə etmir. Nəticədə cəmiyyətimizə xas olan bəzi müsbət xüsusiyyətlər arxa plana keçir.

Burada məsələ Avropa və ya başqa xalqların mədəniyyətini bütövlükdə tənqid etmək deyil. Hər bir cəmiyyətin müsbət və mənfi tərəfləri var. Əsas məsələ faydalı olanı öyrənmək, özümüzə və milli-mənəvi dəyərlərimizə uyğun olmayan davranışları isə kor-koranə təqlid etməməkdir.

Digər mühüm səbəb ailə tərbiyəsi və şəxsi nümunə məsələsidir. Uşaq davranış mədəniyyətini ilk növbədə ailədə öyrənir. Əgər valideyn özü ictimai yerdə qaydalara əməl etmirsə, başqalarına hörmət göstərmirsə, övladından bunun əksini gözləmək çətindir. Məktəb, ailə, media və cəmiyyət bu məsələdə bir-birini tamamlamalıdır. Çünki davranış mədəniyyəti yalnız nəsihətlə deyil, gündəlik həyatdakı nümunələrlə formalaşır.

Mən hesab edirəm ki, çıxış yolu klassik milli-mənəvi dəyərlərimizə yenidən sahib çıxmaqdan keçir. Qonşuluq haqlarını, qohumluq münasibətlərini, böyüyə hörməti, kiçiyə mərhəməti, ictimai qaydalara riayət etməyi və başqasının haqqını qorumağı yenidən gündəlik həyatımızın ayrılmaz hissəsinə çevirməliyik.

Eyni zamanda, davranış mədəniyyətini yalnız yaşlılara yer verməklə və ya zibili zibil qutusuna atmaqla məhdudlaşdırmaq olmaz. Bu, həm də fərqli düşünən insana hörmət etmək, mübahisə zamanı təhqirə yol verməmək, qadınlara və uşaqlara qarşı nəzakətli olmaq, ictimai əmlakı qorumaq və başqasının rahatlığını nəzərə almaq deməkdir.

Ən vacib məqam budur ki, əxlaq insanın yalnız tək qalanda deyil, başqaları ilə münasibətdə də özünü göstərməlidir. İnsan küçədə, ictimai nəqliyyatda, ailədə və sosial şəbəkələrdə eyni mənəvi prinsiplərə sadiq qalmalıdır.

Unutmamalıyıq ki, cəmiyyətin mədəniyyət səviyyəsi yalnız onun təhsili, iqtisadi inkişafı və müasir binaları ilə ölçülmür. Həmin cəmiyyətin üzvlərinin bir-birinə, yaşlılara, uşaqlara, təbiətə və ictimai mühitə münasibəti də onun mədəniyyətinin əsas göstəricilərindəndir.

Mənim qənaətim budur ki, müasir olmaq öz köklərindən uzaqlaşmaq deyil. Müasirliklə milli-mənəvi dəyərləri uzlaşdırmaq, inkişaf edərkən insanlığımızı və əxlaqımızı qorumaq lazımdır. Çünki davranış mədəniyyəti zəifləyirsə, bununla yanaşı, cəmiyyətdə qarşılıqlı etimad, hörmət və həmrəylik də zədələnir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə