“Gənclər ixtisaslarına uyğun iş tapa bilmədikləri üçün qeyri-profil sahələrə yönəlirlər” - SOSİOLOQ
"Elə ixtisas qrupları var ki, həmin istiqamətlər üzrə təhsil alan gənclərimiz universiteti bitirib diplom alsalar da, sonradan ixtisaslarına uyğun iş tapmaqda çətinlik çəkirlər. Artıq həm özəl, həm də dövlət sektorunda bütün diplomlu mütəxəssisləri öz ixtisaslarına uyğun işlə təmin etmək mümkün deyil. Bu, problemin əsas səbəblərindən biridir".
Bu sözləri SİA-ya açıqlamasında Sosial Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri Ilqar Hüseynli deyib.
Onun sözlərinə görə, ikinci mühüm amil isə əməkhaqqı ilə bağlıdır: "Bəzi gənclər ixtisaslarına uyğun iş tapsalar da, təklif olunan əməkhaqqı onların gözləntilərini və sosial ehtiyaclarını qarşılamır. Nəticədə onlar diplomlarına uyğun sahədə işləməyə maraq göstərmirlər. Digər tərəfdən, elə iş yerləri var ki, orada sosial təminat, pensiya və sığorta ödənişləri lazımi səviyyədə təmin olunmur. Bu da gənclərin həmin işlərə marağını azaldır.
Bununla yanaşı, bəzi sahələrdə mütəxəssislər mütəmadi olaraq sertifikasiyadan keçməli olurlar. Bəzən onlar bu imtahanlardan keçə bilmir, bəzən isə prosesə maraqları və motivasiyaları olmur. Bütün bu amillər əmək bazarında əlavə çətinliklər yaradır.
Nəticədə insanlar daha çox gəlir əldə edə biləcəkləri, iş yükü və nəzarət baxımından nisbətən sərbəst olan, lakin aldıqları təhsillə əlaqəsi olmayan sahələrə yönəlirlər. Məsələn, taksi sürücüləri arasında ali təhsilli gənclərə tez-tez rast gəlirik. Onların bir qismi ixtisasına uyğun iş tapa bilmir, digər qismi isə tapdığı işdə təklif olunan əməkhaqqını yetərli hesab etmir. Bəziləri üçün isə sosial və sığorta təminatının olmaması əsas maneələrdən biridir.
Beləliklə, gənclərin taksi sürücülüyünə və digər qeyri-ixtisas sahələrinə yönəlməsinin arxasında təkcə işsizlik deyil, həm də aşağı əməkhaqqı, sosial təminat problemləri və əmək bazarındakı uyğunsuzluqlar dayanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB