“Mən yaşamaq istəyirəm...”

Rusiya müharibəyə 1400-ə yaxın Tacikistan vətəndaşını cəlb edib...
“Mən yaşamaq istəyirəm...”

...2026-cı ilin ilk doqquz ayında Rusiya Ukraynaya qarşı müharibəyə 1400-ə yaxın Tacikistan vətəndaşını cəlb edib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya hərbçilərinin təslim olmaq üçün müraciətlərinin qəbulu ilə məşğul olan Ukraynanın “Yaşamaq istəyirəm” dövlət layihəsi bildirib.

Layihənin məlumatına görə, 1 oktyabr 2026-cı il tarixinə Rusiya Ukraynaya qarşı müharibəyə Mərkəzi Asiyanın 5 ölkəsindən 20 437 nəfər göndərib ki, onlardan da 5 308 nəfəri Tacikistan vətəndaşlarıdır.

Bu statistika yalnız tacik vətəndaşlığını saxlayanları nəzərə alır.

Və Rusiya pasportu alan şəxslər ayrıca sayılır.

Orta Asiya ölkələri arasında Tacikistan müharibəyə cəlb edilmiş vətəndaşların sayına görə ikinci yerdədir (region üzrə ümumi sayın 26 faizi-A.B.), yalnız Özbəkistandan geri qalır.

Tacikistan və Rusiya arasında ikili vətəndaşlıq müqaviləsi mövcuddur. Tacikistan Əmək Nazirliyinin məlumatına görə, son 10 ildə 800 minə yaxın Tacikistan vətəndaşı Rusiya pasportu alıb.

Rəsmi Düşənbə Ukraynada müharibədə iştirak edən vətəndaşlarının qeydiyyatını aparmadığını bildirir.

Bununla yanaşı, Tacikistanın qanunvericiliyi digər dövlətlərin ərazisində muzdlu və silahlı münaqişələrdə iştiraka görə ağır cəza nəzərdə tutur.

Respublika Cinayət Məcəlləsinin 401-ci maddəsi ilə 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Mütəxəssislər Düşənbə xəttinin arxasında şüurlu bir siyasi kurs görürlər - Tacikistan rejiminin Moskvaya sədaqət göstərmək istəyi.

Qeyd edək ki, Tacikistanın iqtisadiyyatı böyük ölçüdə Rusiyada fəaliyyət göstərən əmək miqrantlarının pul köçürmələrindən asılıdır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə