Musiqi və incəsənət müxtəlif xalqları birləşdirmək, qarşılıqlı anlaşmanı gücləndirmək və ortaq dəyərləri təşviq etmək baxımından mühüm rol oynayır.
SİA xəbər verir ki, bunu BMT-nin Sivilizasiyalar Alyansının direktoru Nihal Saad VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, gənclərin inkişafına yönələn proqramlar onların qazandıqları bilik və bacarıqları öz icmalarında tətbiq etmələrinə, eləcə də təcrübələrini başqaları ilə bölüşmələrinə imkan yaradır.
N.Saad qeyd edib ki, Qubada keçirilən Beynəlxalq Gənclər Forumunda Azərbaycan da daxil olmaqla, 44 ölkədən 100-dən çox gənc iştirak edib. İştirakçılar icmalarının üzləşdiyi çətinlikləri müzakirə edib, qarşılıqlı hörmət, etimad və birlik dəyərlərini təşviq edən fəaliyyətlərdə yer alıblar. Proqram müxtəlif ölkələrdən olan gənclərin iştirakı ilə keçirilən futbol oyunu ilə başa çatıb.
Direktor, həmçinin “One Humanity” – “Gələcəyin səsləri” adlı konsertin əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, konsert mədəniyyətin və incəsənətin insanları sərhədlərdən asılı olmayaraq bir araya gətirmək gücünü nümayiş etdirəcək.
N.Saad bildirib ki, konsertdə XX əsrin iki böyük musiqi xadiminin — Xalid Abbasın və Mstislav Rostropoviçin irsinə xüsusi yer ayrılacaq. Tədbirdə onların həqiqi söhbətlərindən götürülmüş dialoq da təqdim olunacaq. Bu məqsədlə ailələrindən və adlarını daşıyan fondlardan söhbətlərin orijinal mətnləri əldə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB