İş təcrübəsi tələb edən vakansiyalar: Gənclər təcrübəni haradan qazanmalıdır? - ARAŞDIRMA
Ali təhsilini başa vuran, əmək bazarına yeni daxil olan gənclərin qarşılaşdığı əsas problemlərdən biri işə qəbul zamanı təcrübə tələbinin qoyulmasıdır. İşəgötürənlər namizədlərdən praktik bilik, peşə bacarıqları və əvvəlki iş təcrübəsi gözləyir. Lakin əmək fəaliyyətinə yeni başlayan gənclər üçün bu tələbləri qarşılamaq heç də həmişə asan olmur. Təcrübə qazanmadan işə qəbul olmaq çətinləşir, işə qəbul olunmadan isə təcrübə toplamaq mümkün olmur. Bəs bu vəziyyətdən çıxış yolu nədir və Azərbaycan digər ölkələrin təcrübəsindən nə öyrənə bilər?
SİA mövzu ilə bağlı araşdırma edib.
Təcrübəsiz işə qəbul olmaq niyə çətindir?
Universiteti bitirən gənc diplom əldə etsə də, bu, onun əmək bazarının bütün tələblərinə hazır olması demək deyil. Təhsil müddətində nəzəri biliklər qazanan məzun real iş mühitində qərar qəbul etmək, komanda ilə işləmək, müştərilərlə ünsiyyət qurmaq, vaxtı düzgün idarə etmək və qarşıya çıxan problemləri həll etmək kimi bacarıqları inkişaf etdirməyə ehtiyac duyur.
İşəgötürənlər isə yeni əməkdaş seçərkən onun iş prosesinə nə qədər tez uyğunlaşacağına, tapşırıqları hansı səviyyədə yerinə yetirəcəyinə və əlavə hazırlığa nə qədər ehtiyac duyacağına diqqət yetirirlər. Bu baxımdan əvvəlki iş təcrübəsi namizədin bacarıqlarını qiymətləndirmək üçün istifadə edilən meyarlardan birinə çevrilir.
Lakin burada ziddiyyətli vəziyyət yaranır: işəgötürən təcrübəli əməkdaş axtarır, əmək bazarına yeni daxil olan gənc isə ona bu təcrübəni qazandıracaq ilk iş yerini tapa bilmir.
Beynəlxalq Əmək Təşkilatının 13 oktyabr 2026-cı ildə dərc etdiyi “Breaking the Youth Experience Trap” adlı araşdırmada bu problem gənclərin əmək bazarına daxil olarkən qarşılaşdığı təcrübə maneəsi kimi qiymətləndirilir. Təşkilat işə qəbul zamanı yalnız diplom və əvvəlki iş illərinə deyil, namizədin real bacarıqlarına, praktiki tapşırıqları yerinə yetirmək qabiliyyətinə və potensialına da diqqət yetirilməsini təklif edir.
Əslində, işəgötürənin təcrübə tələb etməsi özlüyündə əsassız yanaşma deyil. Bəzi peşələrdə işçinin səhv qərarı ciddi maliyyə itkisinə, təhlükəsizlik problemlərinə və ya insanların sağlamlığı üçün risklərə səbəb ola bilər. Bununla belə, hər bir başlanğıc vəzifəsi üçün əvvəlki iş təcrübəsini məcburi şərt kimi irəli sürmək gənclərin imkanlarını məhdudlaşdıra bilər.
Əgər vakansiya başlanğıc səviyyəli iş üçün nəzərdə tutulubsa, namizədin öyrənməyə hazırlığı, baza bilikləri və praktiki tapşırıqları yerinə yetirmək bacarığı da nəzərə alınmalıdır.
Azərbaycanda əmək bazarı hansı mənzərəni ortaya qoyur?
Azərbaycanda gənclərin iş tapmaq imkanlarını qiymətləndirərkən əmək bazarında hansı peşələrə tələbat olduğunu və işəgötürənlərin hansı bacarıqları üstün tutduğunu nəzərə almaq vacibdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya 2025-ci il ərzində vakansiyaları təhlil edib. Araşdırmada ən çox vakansiya qeydə alınan sahələr sırasında topdansatış və pərakəndə ticarət, maliyyə və sığorta, emal sənayesi, yerləşdirmə və ictimai iaşə, eləcə də tikinti göstərilib.
Vakansiyaların peşələr üzrə bölgüsündə satış nümayəndələri 8 faizlə ilk sırada yer alıb. Mühasiblərin payı 6,6 faiz, satınalma və təchizat mütəxəssislərinin payı isə 3,2 faiz təşkil edib.
Araşdırmada diqqət çəkən digər məqam vakansiyaların əməkhaqqı ilə bağlı məlumatların açıqlanmasıdır. Təhlil edilən 264 peşə və vəzifə qrupu üzrə elanların yalnız 26,3 faizində əməkhaqqı göstərilib. Təklif olunan orta əməkhaqqı 965 manat, median əməkhaqqı isə 800 manat olub. Ən yüksək orta əməkhaqqı göstəriciləri informasiya-kommunikasiya texnologiyaları, mühəndislik, memarlıq, proqramlaşdırma və layihələrin idarə edilməsi sahələrində qeydə alınıb.
Bu göstəricilər əmək bazarında müxtəlif ixtisaslar üzrə iş imkanlarının mövcudluğunu göstərsə də, gənclərin həmin vakansiyalara nə dərəcədə çıxış əldə etdiyini və neçə elanda iş təcrübəsinin tələb olunduğunu ayrıca müəyyənləşdirmir. Buna görə də yalnız vakansiyaların sayına əsaslanaraq gənclərin işə qəbul imkanları barədə qəti nəticə çıxarmaq düzgün olmazdı.
Digər tərəfdən, universitetdə tədris olunan biliklərlə işəgötürənlərin gündəlik iş prosesində gözlədikləri bacarıqlar arasında fərq yarana bilər. Tələbə nəzəri bilikləri yaxşı mənimsəsə də, real layihələrdə iştirak etməyibsə, müəyyən proqramlardan istifadə etməyi və ya peşəkar iş mühitində tapşırıqları yerinə yetirməyi bilməyə bilər.
Bu səbəbdən gənclərin işə hazırlığı yalnız universiteti bitirmələri ilə məhdudlaşmamalı, təhsil müddətində praktik fəaliyyətlə dəstəklənməlidir.
Gənclər təcrübəni haradan qazana bilərlər?
İş təcrübəsinin əldə olunması üçün ilk imkanlardan biri tələbəlik dövründə təcrübə proqramlarında iştirak etməkdir. Bu proqramlar gənclərə real iş mühitini tanımaq, ixtisaslarına uyğun tapşırıqlar yerinə yetirmək və gələcək işəgötürənlərlə əlaqələr qurmaq imkanı yaradır.
Lakin təcrübə proqramlarının faydalı olması üçün onların yalnız formal xarakter daşımaması vacibdir. Tələbə bir neçə ay şirkətdə iştirakçı kimi qeydiyyatda qalır, ancaq real iş prosesinə cəlb olunmursa, bu müddət onun peşəkar inkişafına ciddi töhfə verməyə bilər.
Keyfiyyətli təcrübə proqramında iştirakçıya konkret tapşırıqlar verilməli, fəaliyyətinə təcrübəli əməkdaş tərəfindən rəhbərlik olunmalı, öyrəndiyi bacarıqlar qiymətləndirilməli və proqramın sonunda əldə etdiyi nəticələr barədə rəy təqdim edilməlidir.
Azərbaycanda bu istiqamətdə müxtəlif təşəbbüslər mövcuddur. Məsələn, Dövlət Məşğulluq Agentliyinin 2026-cı ilin fevralında qeydiyyatına başladığı “Start” Karyera Akselerasiya Proqramı ali təhsil müəssisələrinin sonuncu kurs tələbələrinin praktik bacarıqlarını gücləndirmək və ilk iş təcrübəsinə keçidini asanlaşdırmaq məqsədi daşıyır.
Elm və Təhsil Nazirliyi ilə Təhsilin İnkişafı Fondunun təşəbbüsü olan “Maarifçi” tələbə-məzun təcrübə proqramı da bu istiqamətdə nümunələrdəndir. Proqram çərçivəsində uyğun ixtisaslar üzrə üçüncü və dördüncü kurs tələbələri, magistrantlar və son üç il ərzində məzun olmuş şəxslər təcrübə qazanmaq imkanı əldə edirlər. Proqram üç ay davam edir, iştirakçılara yol və qida xərclərinin qarşılanması məqsədilə aylıq qonorar verilməsi nəzərdə tutulur. İştirakçılar layihələrdə, təlimlərdə və mentorluq fəaliyyətlərində iştirak edə bilirlər.
Belə təşəbbüslər gənclərin əmək bazarına hazırlanması baxımından əhəmiyyətlidir. Bununla belə, təcrübə proqramlarının əhatə dairəsi, müxtəlif ixtisaslar üzrə əlçatanlığı və iştirakçıların proqramdan sonra işlə təmin olunma imkanları da qiymətləndirilməlidir.
Gənclər təcrübəni yalnız rəsmi proqramlar vasitəsilə qazanmırlar. Universitet layihələri, könüllülük fəaliyyəti, tələbə təşkilatlarında iştirak, fərdi layihələr və sərbəst fəaliyyət də müəyyən peşə bacarıqlarının formalaşmasına kömək edə bilər.
Məsələn, jurnalistika ixtisasında təhsil alan tələbə tələbə mediasında yazılar hazırlamaqla, müsahibələr götürməklə və redaksiya işində iştirak etməklə təcrübə toplaya bilər. Proqramlaşdırma sahəsində təhsil alan gənc isə şəxsi layihələr hazırlamaqla, proqram təminatı yaratmaqla və gördüyü işləri portfolio şəklində təqdim etməklə bacarıqlarını nümayiş etdirə bilər.
Bu fəaliyyətlər rəsmi iş stajını hər zaman əvəz etməsə də, namizədin nəyi bacardığını göstərən sübutlara çevrilə bilər.
Təcrübə proqramları ödənişli olmalıdırmı?
Gənclərin təcrübə qazanması ilə bağlı müzakirələrdə əsas məsələlərdən biri də ödəniş problemidir. Tələbə və ya yeni məzun bir neçə ay ərzində işləməyə vaxt ayırmalı, eyni zamanda nəqliyyat, qidalanma və digər gündəlik xərclərini qarşılamaq məcburiyyətində qalmalıdır.
Təcrübə proqramı ödənişsiz olduqda bu xərcləri qarşılamaq imkanı olmayan gənclər həmin fürsətdən istifadə edə bilməyə bilərlər. Nəticədə ailəsinin maddi dəstəyi olan namizədlər üstünlük qazanır, maddi imkanları məhdud gənclər isə peşəkar inkişaf imkanlarından kənarda qala bilirlər.
Bu baxımdan təcrübə proqramlarında ödəniş məsələsi yalnız iştirakçıya maddi dəstək kimi deyil, bərabər imkanların təmin edilməsi baxımından da əhəmiyyətlidir.
Avropa İttifaqı təcrübə proqramlarının keyfiyyətinin artırılması üçün ayrıca yanaşma formalaşdırıb. Avropa Komissiyasının məlumatına görə, 2023-cü ildə keçirilən sorğuda iştirak edən gənclərin 78 faizi ən azı bir təcrübə proqramında iştirak etdiyini bildirib. Respondentlərin 19 faizi üçün ilk iş təcrübəsi məhz təcrübə proqramı olub. Sorğuda iştirak edənlərin 68 faizi təcrübədən sonra iş tapdığını, 39 faizi isə həmin proqramı təşkil edən işəgötürənlə əmək müqaviləsi bağladığını qeyd edib.
Bu nəticələr təcrübə proqramlarının gənclərin işə keçidində əhəmiyyətli rol oynaya biləcəyini göstərir. Bununla belə, göstəricilər bütün gənclərə aid deyil və təcrübə proqramında iştirakın öz-özlüyündə işlə təminat yaratdığını sübut etmir.
Avropa Komissiyası keyfiyyətli təcrübə proqramları üçün ədalətli ödəniş, sosial müdafiə, şəffaf qəbul qaydaları və real öyrənmə imkanları kimi məsələlərə diqqət yetirir. Adi əmək münasibətlərinin sadəcə təcrübə adı altında rəsmiləşdirilməsinin qarşısının alınması da müzakirə olunan istiqamətlərdəndir.
Bu yanaşma Azərbaycan üçün də aktualdır. Təcrübə proqramlarının məqsədi gənclərin əməyindən ödənişsiz istifadə etmək deyil, onların peşəkar bacarıqlarını inkişaf etdirmək və əmək bazarına hazırlığını gücləndirmək olmalıdır.
Dünya təcrübəsi: Almaniya və Niderland nəyi fərqli edir?
Gənclərin iş təcrübəsi qazanması məsələsində xarici ölkələrin yanaşmaları mühüm müqayisə imkanı yaradır. Xüsusilə Almaniya və Niderlandda təhsil ilə iş mühitinin əlaqələndirilməsi diqqət çəkir.
Almaniyada peşə təhsilinin geniş yayılmış modellərindən biri ikili təhsil sistemidir. Bu modeldə tələbələr nəzəri bilikləri təhsil müəssisəsində mənimsəyir, praktik hazırlığı isə şirkətlərdə əldə edirlər. Beləliklə, təhsil başa çatdıqdan sonra iş axtarmağa başlayan gənc yalnız nəzəri biliklərlə deyil, həm də peşə fəaliyyətində qazandığı təcrübə ilə əmək bazarına daxil olur.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Almaniyanın peşə təhsili sisteminə dair araşdırmasına görə, yuxarı orta təhsil səviyyəsində peşə təhsili alanların təxminən 88 faizi şirkətdə hazırlıqla məktəbdə tədrisi birləşdirən ikili proqramlarda iştirak edir. Bu sistemdə iştirakçılar təlim müddətində əməkhaqqı deyil, təlim üçün nəzərdə tutulan ödəniş alırlar. Proqramlar, bir qayda olaraq, üç il davam edir, lakin müddət ixtisasa görə dəyişə bilər.
Almaniyada peşə təhsilinə daxil olmaqda çətinlik çəkən gənclər üçün də əlavə mexanizmlər mövcuddur. Məsələn, Einstiegsqualifizierung proqramı çərçivəsində gənclər şirkətlərdə 6–12 aylıq ödənişli hazırlıq keçə bilirlər. OECD-nin təqdim etdiyi məlumatda bu proqramın iştirakçılarının təxminən 45 faizinin bir il ərzində tam peşə təhsili proqramına keçdiyi bildirilir.
Bu modelin əsas üstünlüyü ondan ibarətdir ki, praktik təcrübə yalnız universitet bitdikdən sonra axtarılan imkan kimi deyil, təhsil prosesinin bir hissəsi kimi təşkil olunur. İşəgötürən də gələcək əməkdaşını əvvəlcədən tanımaq və onun bacarıqlarını iş mühitində qiymətləndirmək imkanı qazanır.
Niderlandda da peşə təhsili ilə iş yerində öyrənmə arasında sıx əlaqə mövcuddur. Ölkədə bəzi peşə təhsili proqramları tələbələrin nəzəri təhsillə yanaşı şirkətlərdə təcrübə keçməsini nəzərdə tutur. İş yerində öyrənməyə əsaslanan müəyyən proqramlarda iştirakçılar həftənin əsas hissəsini şirkətdə işləyərək keçirir, qalan vaxtda isə təhsil alırlar. Bu modeldə təlim müddətində əməkhaqqı almaq da mümkündür.
Avropa Komissiyasının 2025-ci il üzrə təhsil və təlim hesabatına əsasən, Niderlandda peşə təhsilini yaxın zamanda bitirənlərin 90,5 faizi 2024-cü ildə işlə təmin olunmuşdu. Həmin ölkədə peşə təhsili alanların 94,3 faizi təhsil müddətində iş mühitində öyrənmə təcrübəsi qazanmışdı. Avropa İttifaqı üzrə sonuncu göstərici isə 65,2 faiz təşkil edirdi. Bu rəqəmlər iş yerində öyrənmənin geniş yayıldığı sistemin məzunların məşğulluğu ilə yanaşı mövcud olduğunu göstərir, lakin yüksək məşğulluğun yalnız bu amillə bağlı olduğunu deməyə əsas vermir.
Almaniya və Niderland təcrübəsindən çıxan əsas nəticə budur: gənclərin təcrübə qazanmasını yalnız onların şəxsi təşəbbüsündən asılı vəziyyətdə saxlamaq əvəzinə, təhsil müəssisələri ilə işəgötürənlər arasında davamlı əməkdaşlıq qurmaq mümkündür.
Bu modellərin Azərbaycanda tətbiqi isə yerli əmək bazarının xüsusiyyətləri, şirkətlərin hazırlıq imkanları, təhsil proqramları və maliyyələşmə mexanizmləri nəzərə alınmaqla həyata keçirilməlidir.
İşəgötürənlər yalnız təcrübəyə deyil, bacarığa da baxmalıdırlar
Təcrübə tələbinin geniş yayılmasının digər tərəfi işəgötürənlərin namizədləri qiymətləndirmə üsullarıdır. Əvvəlki iş yerinin olması namizədin həmin vəzifəyə uyğunluğuna müəyyən işarə versə də, bu, onun gələcəkdə uğurlu əməkdaş olacağına tam zəmanət vermir.
OECD-nin 2026-cı ildə dərc etdiyi “A Skills-First Labour Market” araşdırmasında işə qəbul zamanı təcrübə və ali təhsil diplomunun namizədin bacarıqlarını müəyyənləşdirmək üçün geniş istifadə olunduğu qeyd edilir. Bununla yanaşı, araşdırmada konkret bacarıqların yoxlanılmasının və namizədlərin real tapşırıqlar əsasında qiymətləndirilməsinin əhəmiyyəti vurğulanır.
Təşkilatın istinad etdiyi Dünya İqtisadi Forumunun 2024-cü il məlumatlarına görə, 55 iqtisadiyyatdan 1 000-dən çox işəgötürənin iştirak etdiyi sorğuda respondentlərin təxminən 80 faizi 2025–2030-cu illərdə işə qəbul zamanı iş təcrübəsinə üstünlük verməyi planlaşdırdıqlarını bildirib. Eyni zamanda, 40 faizdən çoxu ali təhsil diplomunu əsas meyarlardan biri kimi nəzərdə tutub. Bu rəqəmlər bütün dünya üzrə işəgötürənlərin vahid davranışını deyil, sorğuda iştirak edən şirkətlərin gözləntilərini əks etdirir.
Bu yanaşma göstərir ki, təcrübə tələbi beynəlxalq əmək bazarında da aktualdır. Lakin işə qəbul prosesinin yalnız əvvəlki iş illərinə əsaslanması bacarıqlı namizədlərin nəzərdən kənarda qalmasına səbəb ola bilər.
Məsələn, yeni məzun namizəd proqramlaşdırma üzrə real layihə hazırlayıbsa, mühasibatlıq sahəsində praktiki tapşırıqları yerinə yetirə bilirsə və ya marketinq üzrə kampaniya nümunələri təqdim edirsə, bu nəticələr onun bacarıqlarını qiymətləndirmək üçün əsas ola bilər.
İşəgötürənlər başlanğıc səviyyəli vəzifələr üzrə qısa praktiki tapşırıqlardan, bacarıq testlərindən, strukturlaşdırılmış müsahibələrdən və sınaq layihələrindən istifadə edə bilərlər. Bu zaman namizədin əvvəlki iş yerinin olub-olmaması ilə yanaşı, konkret işi yerinə yetirmək qabiliyyəti də qiymətləndirilər.
Belə yanaşma həm gənclərə özlərini göstərmək imkanı verər, həm də şirkətlərin uyğun namizədləri daha düzgün seçməsinə kömək edə bilər.
Universitetlər və şirkətlər arasında əməkdaşlıq gücləndirilməlidir
Gənclərin iş təcrübəsi qazanması məsələsinin həlli yalnız işəgötürənlərin üzərinə düşmür. Təhsil müəssisələri də tələbələri əmək bazarının tələblərinə hazırlamaq üçün daha geniş imkanlar yaratmalıdırlar.
Bunun üçün təcrübə proqramları universitet təhsilinin sonuna saxlanılmamalı, mümkün olduğu hallarda tədris müddətində mərhələli şəkildə təşkil edilməlidir. Tələbələr ilk kurslardan etibarən öz ixtisaslarına uyğun layihələrdə iştirak etməli, yuxarı kurslarda isə şirkətlərdə və təşkilatlarda daha sistemli praktik hazırlıq keçməlidirlər.
Universitetlərlə işəgötürənlər arasında əməkdaşlıq zamanı tələbələrin hansı bacarıqları mənimsəməli olduğu əvvəlcədən müəyyənləşdirilməlidir. Təcrübə proqramlarının nəticələri də yalnız iştirak haqqında arayışla deyil, öyrənilən bacarıqlar, görülən işlər və əldə olunan nəticələrlə qiymətləndirilməlidir.
Digər mühüm məsələ təcrübə imkanlarının müxtəlif ixtisaslar və regionlar üzrə əlçatanlığıdır. Əgər keyfiyyətli təcrübə proqramları əsasən paytaxtda cəmləşirsə, digər şəhərlərdə yaşayan tələbələrin imkanları məhdudlaşa bilər. Buna görə regional şirkətlərin prosesə cəlb edilməsi, məsafədən görülə bilən işlər üzrə proqramların yaradılması və təcrübə iştirakçılarına zəruri dəstəyin göstərilməsi də nəzərə alınmalıdır.
Dövlətin məşğulluq və karyera proqramları isə tələbələrlə işəgötürənlər arasında əlaqənin qurulmasına, uyğun vakansiyaların müəyyənləşdirilməsinə və gənclərin peşəkar hazırlığının gücləndirilməsinə töhfə verə bilər.
Təcrübə tələb olunur, bəs ilk fürsəti kim verməlidir?
İşə qəbul zamanı təcrübə tələb edilməsi əmək bazarının real ehtiyacları ilə bağlıdır. İşəgötürənlər işi bilən və məsuliyyət daşımağa hazır olan əməkdaş axtarır, gənclər isə bu səviyyəyə çatmaq üçün praktik fəaliyyətə ehtiyac duyurlar. Problem təcrübənin vacib olmasında deyil, onu qazanmaq imkanlarının nə dərəcədə əlçatan olmasındadır.
Əgər gənclərə yalnız əvvəlki iş təcrübəsi olan namizədlərlə rəqabət aparmaq imkanı verilirsə, onların əmək bazarına daxil olması daha da çətinləşə bilər. Bu vəziyyətdən çıxış üçün təhsil müddətində praktik hazırlığın gücləndirilməsi, keyfiyyətli və əlçatan təcrübə proqramlarının genişləndirilməsi, universitetlərlə şirkətlər arasında əməkdaşlığın inkişaf etdirilməsi və işə qəbul zamanı real bacarıqların qiymətləndirilməsi vacibdir.
Dünya təcrübəsi göstərir ki, bəzi ölkələr bu problemi təhsil ilə iş mühitini birləşdirən sistemlər vasitəsilə həll etməyə çalışırlar. Azərbaycan üçün də əsas istiqamət gənclərə yalnız təcrübə toplamağı tövsiyə etmək deyil, onların bu təcrübəni əldə edə biləcəyi real və sistemli imkanlar yaratmaqdır.
Çünki əmək bazarına yeni daxil olan gəncdən hazır mütəxəssis kimi nəticə gözləməklə yanaşı, onun mütəxəssisə çevrilməsi üçün şərait yaratmaq da vacibdir. İlk iş fürsəti yalnız bir vakansiyanın doldurulması deyil, gəncin gələcək peşəkar inkişafının başlanğıcıdır.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB