Avtomobilin bazar qiyməti necə müəyyən edilir və alıcılar nələrə diqqət etməlidir? - USTA DANIŞDI
"Avtomobil bazarında hazırda böyükhəcmli və yanacaq sərfiyyatı yüksək olan avtomobillərin qiymətlərində müəyyən azalma müşahidə olunur. Bunun əsas səbəblərindən biri hibrid, plug-in hibrid və elektromobillərə marağın artmasıdır. Bu avtomobillər yanacaq sərfiyyatına qənaət baxımından ənənəvi avtomobillərlə müqayisədə daha cəlbedici hesab olunur".
Bu sözləri SİA-ya açıqlamasında avtomobil ustası Sahil Ağabəyli deyib.

Onun sözlərinə görə, avtomobil bazarında alıcılar bəzən xarici görünüşünə görə iri, gözəgəlimli və qiyməti nisbətən ucuz olan avtomobillərə üstünlük verirlər. Lakin avtomobil alarkən onun texniki vəziyyətini, mühərrikini, sürətlər qutusunu və yanacaq sərfiyyatını nəzərə almırlar. Nəticədə avtomobili aldıqdan sonra müxtəlif problemlərlə üzləşirlər. Mühərrikdə və ya sürətlər qutusunda nasazlıqlar yarana, yanacaq sərfiyyatı isə 100 kilometrə 15, 20, hətta 30 litrədək çata bilər:
"Belə avtomobilləri alanlar bir müddət sonra peşman olurlar. Məsələn, 20 min manata alınan avtomobil sonradan cəmi 5 min manata satıla bilər. Bu zaman alıcı 10-15 min manatadək itki ilə üzləşir. Buna görə də avtomobil alarkən yalnız onun xarici görünüşünə və ilkin qiymətinə deyil, texniki vəziyyətinə, istismar xərclərinə və bazardakı real dəyərinə də diqqət yetirmək lazımdır.
Alıcıların bir qismi keçmişdə yaxşı təəssürat yaratmış avtomobillərə üstünlük verir. Onlar düşünürlər ki, əvvəllər həmin avtomobillər etibarlı olubsa, bu gün də eyni dərəcədə sərfəlidir. Halbuki avtomobil bazarı dəyişir və əvvəlki illərdə populyar olan modellər bu gün alıcıların tələblərinə uyğun gəlməyə bilər.
Hazırda avtomobil bazarında hibrid, plug-in hibrid və elektromobillərə maraq artır. Hesab edirəm ki, yaxın dövrdə bu avtomobillərin bazardakı mövqeyi daha da güclənəcək. Buna görə də avtomobil seçərkən köhnə vərdişlərə əsaslanmaq əvəzinə, müasir bazar şərtlərini, yanacaq sərfiyyatını, texniki xərcləri və avtomobilin gələcək satış dəyərini nəzərə almaq vacibdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB