“TRIPP Azərbaycanın regional iqtisadi mövqeyini gücləndirə bilər“ - EKSPERT

“TRIPP Azərbaycanın regional iqtisadi mövqeyini gücləndirə bilər“ - EKSPERT

“TRIPP layihəsinin Azərbaycan üçün iqtisadi və geosiyasi əhəmiyyəti ölkənin tranzit mərkəzlərindən birinə çevrilməsi, Naxçıvanla quru əlaqəsinin genişlənməsi və Cənubi Qafqazda nəqliyyat-kommunikasiya marşrutları üzərində mövqeyinin güclənməsi ilə bağlıdır. Lakin layihənin real faydası yalnız yeni yolun açılması ilə deyil, Azərbaycanın əldə edəcəyi iqtisadi gəlirlər və suverenlik hüquqlarının qorunması ilə də ölçülməlidir”.

Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, iqtisadi baxımdan TRIPP Naxçıvanla quru əlaqəsinin genişlənməsinə, yükdaşımaların şaxələndirilməsinə, tranzit gəlirlərinin artmasına və Orta Dəhlizin imkanlarının genişlənməsinə şərait yarada bilər. Geosiyasi baxımdan isə layihə ABŞ-nin regiondakı rolunu gücləndirə, Azərbaycan-Türkiyə nəqliyyat əlaqələrini möhkəmləndirə və Rusiya ilə İranın regional tranzit marşrutları üzərində təsirinə təsir göstərə bilər.

Layihənin həyata keçirilməsi təhlükəsizlik məsələləri, xarici aktorların maraqları və Ermənistan ərazisində tikinti işlərinin başlanması ilə bağlı çətinliklərlə müşayiət olunur.

İqtisadçı qeyd edib ki, əsas məsələ Azərbaycanın TRIPP layihəsindən nə qədər real iqtisadi fayda əldə edəcəyidir. Tranzit tarifləri, gömrük prosedurları, yüklərin fasiləsiz hərəkəti və marşrutun təhlükəsizliyi düzgün tənzimlənərsə, layihə ölkənin regional iqtisadi mövqeyini gücləndirə bilər. Əks halda, onun geosiyasi əhəmiyyəti iqtisadi gəlirlərindən daha böyük ola bilər.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə