“Azərbaycan sülhün iqtisadi və siyasi faydalarının bütün regiona yayılmasında maraqlıdır“ - MİLLƏT VƏKİLİ
“Azərbaycanla Ermənistan arasında artıq il yarıma yaxındır ki, formalaşmış sülh şəraitinin faydalarını görürük. Uzun illər münaqişə və düşmənçilik mühitində yaşayan iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün yeni mərhələ başlayıb. Bu, ilk növbədə, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsi, regionda yeni reallıqların yaranması və sülh gündəliyinin irəli aparılması nəticəsində mümkün olub”.
Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib.
Onun sözlərinə görə, əldə edilmiş sülhün davamlı və möhkəm olması üçün hələ çox iş görülməlidir:
”Sülh yalnız silahların susması və hərbi toqquşmaların dayanması demək deyil. Əsl sülh qarşılıqlı etimadın formalaşmasını, iqtisadi əlaqələrin qurulmasını, nəqliyyat kommunikasiyalarının açılmasını və dövlətlər arasında normal münasibətlərin yaranmasını tələb edir. Azərbaycan regionda sülhün və əməkdaşlığın möhkəmləndirilməsi üçün mövcud imkanlardan istifadə etməyə hazır olduğunu dəfələrlə nümayiş etdirib.
Bu baxımdan iqtisadi əlaqələrin inkişafı xüsusi əhəmiyyət daşıyır. Ermənistanın Azərbaycan ərazisindən tranzit yüklərin daşınmasına tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırması və Azərbaycandan neft məhsulları alması iqtisadi münasibətlərin normallaşması istiqamətində əhəmiyyətli addımlardır. Bu proses göstərir ki, qarşılıqlı iqtisadi maraqlar siyasi münasibətlərin sağlamlaşdırılmasına və sülhün möhkəmləndirilməsinə real töhfə verə bilər.
Eyni zamanda, Azərbaycan Zəngəzur dəhlizi istiqamətində öz ərazisində nəqliyyat və kommunikasiya infrastrukturunun yaradılması istiqamətində işləri davam etdirir. Məqsəd regionda nəqliyyat əlaqələrini genişləndirmək, iqtisadi əməkdaşlığa yeni imkanlar açmaq və ölkələr arasında qarşılıqlı faydalı münasibətlərin formalaşmasına şərait yaratmaqdır. Bu imkanlardan tam yararlanmaq üçün Ermənistanın da üzərinə götürdüyü öhdəliklərə uyğun addımlar atması və kommunikasiyaların açılması prosesinə konstruktiv yanaşması vacibdir.
Sülh prosesinin qarşısında duran əsas məsələlərdən biri yekun sülh sazişinin imzalanmasıdır. Bunun üçün Ermənistanın konstitusiyası və digər hüquqi sənədləri ilə bağlı Azərbaycanın irəli sürdüyü narahatlıqlar aradan qaldırılmalı, iki ölkənin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət hüquqi təminatlarla möhkəmləndirilməlidir. Son dövrlərdə Ermənistanda bu istiqamətdə səslənən bəyanatlar müəyyən ümidlər yaratsa da, sülhün gələcəyi bəyanatlardan daha çox konkret siyasi və hüquqi addımlardan asılıdır.
Azərbaycanla Ermənistan arasında gələcək əməkdaşlığın perspektivləri kifayət qədər genişdir. Nəqliyyat, ticarət, enerji, logistika və digər iqtisadi sahələrdə əməkdaşlıq regionun inkişafına, yeni investisiyaların cəlb olunmasına və əhalinin rifahının yüksəlməsinə xidmət edə bilər. Lakin bütün bunların reallaşması üçün ilk növbədə yekun sülh sazişi imzalanmalı, diplomatik münasibətlər qurulmalı və dövlətlər arasında beynəlxalq hüququn prinsiplərinə əsaslanan normal münasibətlər formalaşmalıdır.
Azərbaycan sülhün iqtisadi və siyasi faydalarının bütün region üçün əlçatan olmasında maraqlıdır. Bununla belə, davamlı sülh birtərəfli səylərlə təmin edilə bilməz. Ermənistan da siyasi bəyanatları konkret addımlarla tamamlamalı, sülh prosesinə mane olan məsələlərin həlli istiqamətində ardıcıl mövqe nümayiş etdirməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB