“Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir" - DEPUTAT

“Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir" - DEPUTAT

"YAP yarandığı gündən tutduğu yola sadiqlik nümayiş etdirərək daim dövrün çağırışlarının yüksək səviyyədə yerinə yetirilməsinə davamlı töhfələri ilə ölkəmizin hərtərəfli inkişafında əhəmiyyətli rol oynayır. Partiyanın yaradılmasından ötən 34 ilin ölkəmizin həyatına yazdığı uğurları sadalamaqla bitməz".

Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

Onun sözlərinə görə, bu baxımdan YAP-ın qurultayları ən mühüm strateji, ideoloji və təşkilati qərarların qəbul edildiyi əsas platforma olaraq partiyanın hesabat dövründə fəaliyyətinə yekun vurmaqla yanaşı, gələcək inkişaf xəttini, seçki strategiyalarını və proqramları müəyyən edir: "34 il əvvəl Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP ilk gündən cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrildi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə hakimiyyətə tarixi qayıdışından sonra hakim siyasi partiya statusunu qazanan YAP daim ona göstərilən etimadı doğruldub, hər zaman siyasi proseslərin önündə gedib, öz fəaliyyəti ilə Azərbaycan dövlətinin inkişafına və dövlətçiliyimizin möhkəmlənməsinə layiqli töhfələr verib.

Prezident İlham Əliyevin partiyanın VIII Qurultayındakı dərin məzmunlu, proqram xarakterli çıxışı YAP-ın keçdiyi çətin və eyni zamanda şərəfli yolun geniş təhlili, həmçinin onların əsasında qarşıdakı dövrün hədəflərinin, görüləcək işlərin təqdimatı oldu. “Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Deyə bilərəm ki, partiyamızın fəaliyyəti, qəbul edilmiş qərarlar və siyasi xətti təkcə ölkəmiz üçün yox, bölgə üçün böyük önəm daşıyır” söyləyən dövlət başçısı, YAP-ın Sədri onu da qeyd etdi ki, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir: “Müxalifət partiyası kimi yaransa da, 30 ildən çoxdur ki, partiyamız iqtidardadır. Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var. Qurultayımız yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilir”.

Qürurvericidir ki, YAP-ın VIII Qurultayı Azərbaycanın ərazi bütövlüyünün və suverenlyinin tam bərpa edilməsinin Cənubi Qafqaz regionunda yaratdığı yeni reallıqlar şəraitində keçirildi. Bundan əvvəlki VII Qurultay isə şanlı Zəfərimizdən bir neçə ay sonra baş tutdu. Təbii ki, hər dövrün çağırışları ölkədə gedən bütün proseslərin mərkəzində dayanan, Azərbaycanın keçdiyi inkişaf mərhələlərinin bələdçisinə çevrilən Yeni Azərbaycan Partiyasının da fəaliyyətində təkmilləşməni, yeniləşməni bir zərurət kimi qarşıya qoyur. Qurultaylarda qəbul edilən qərarlar həmin zərurətdən irəli gələn məqamları özündə əks etdirərək partiyanın qarşıdakı dövr üçün fəaliyyətini istiqamətləndirir.

YAP-ın Sədri İlham Əliyevin VIII Qurultayda qarşıya qoyduğu vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir. Prezident İlham Əliyev təhlükəsizlik tədbirlərindən, ideoloji təhlükəsizliyin təmin edilməsindən, YAP fəallarının ideoloji işin aparılmasında iştirakından, xarici siyasət uğurlarımızdan, hazırkı dövrün reallıqlarına uyğun olaraq Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərindən, Azərbaycanın iqtisadi inkişafının güclü sosial siyasətlə tamamlanmasından geniş bəhs etdi. Hər dövrün öz tələbi, çağırışı olduğunu, onların həyata keçirilməsində müasir yenilikdən istifadə etməyin vacibliyi VIII Qurultayda xüsusi vurğulandı.

Dövlət başçısı bildirdi ki, ideoloji işin düzgün qurulması, şablonlardan, hansısa formal xarakter daşıyan tədbirlərdən əl çəkmək vaxtı gəlib çatıb. Yəni yeni, müasir ideoloji işlər aparılmalıdır. Bizim üstünlüyümüz ondan ibarətdir ki, bəzi ölkələrdən fərqli olaraq bizə əfsanə yaratmaq lazım deyil. Bəzi ölkələrdə bəzi rəhbərlər həm keçmişdə olan bəzi nailiyyətləri öz adlarına çıxarmaq, yaxud da ki, tarixi təhrif edərək öz rollarını şişirtmək istəyirlər, bizə bu lazım deyil. Bizə lazımdır ki, həqiqətlər hər bir vətəndaşa bu gün çox şaxələnmiş informasiya mənbələri olan bir zamanda, o cümlədən Azərbaycan dilində çatsın. Buna da fikir vermək lazımdır. Nə üçün hansısa ölkədə Azərbaycan dilində bir resurs yaradılır? Bizə qarşı təxribat etmək, xalqımızı çaşdırmaq, gənclərin beyinlərini zəhərləmək üçün yaradılır. Ölkə Prezidenti bu çağırışı etdi ki, görürsünüz ki, haradasa Azərbaycan dilində resurs yaranıb, bilin ki, məqsəd odur. O faktları tapmaq üçün uzağa getmək lazım deyil, bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır. Ya da ki, Qərb ölkələrində, orada da azərbaycandilli resurslar yaradılıb: “Nə üçün? Yəni bax, bu birliyi sarsıtmaq üçün, Azərbaycanı özlərinə tabe etdirmək üçün, bizi müstəqillik yolumuzdan döndərmək üçün, sonra da bizi idarə etmək üçün. Bax, budur məqsəd. Ona görə bu, fiziki təhlükəsizlik qədər önəmli sahədir və burada kim olmalıdır bu işin mərkəzində? Əlbəttə ki, Yeni Azərbaycan Partiyasının üzvləri.”

Ümumxalq etimadının ünvanı kimi nüfuz qazanan Yeni Azərbaycan Partiyası bundan sonra da Ümummilli Lider Heydər Əliyevin ilk gündən fəaliyyətinə yüksək dəyər verdiyi “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” çağırışını atdığı addımlarında yol xəritəsi kimi qəbul edərək tarixini daha da möhtəşəm zəfərlərlə zənginləşdirəcək".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə