Mobil telefonların gömrük rüsumları dünya bazarındakı qiymətlərə uyğun hesablanırmı? - İQTİSADÇI AÇIQLADI

Mobil telefonların gömrük rüsumları dünya bazarındakı qiymətlərə uyğun hesablanırmı? - İQTİSADÇI AÇIQLADI

Xaricdən gətirilən mobil telefonların və digər əşyaların gömrük rəsmiləşdirilməsi ilə bağlı narazılıqlar son dövrlər müzakirə mövzusuna çevrilib. Vətəndaşların iddialarına görə, xaricdən aldıqları telefonu qəbz əsasında gömrük orqanlarına təqdim etsələr də, cihazın rəsmiləşdirilməsi zamanı daha yüksək qiymət əsas götürülür. Bəs bunun əsas səbəbi nədir?

Məsələ ilə bağlı iqtisadçı Vüqar Bayramov SİA-ya açıqlamasında bildirib ki, Gömrük Komitəsi tərəfindən statistik qiymətlərin tətbiq olunması birbaşa onunla bağlıdır ki, mövcud vəziyyət və dünya bazarındakı qiymət səviyyəsi nəzərə alınmaqla gömrük orqanlarında statistik qiymətlərdən istifadə edilir:

"Təbii ki, inkişaf etmiş ölkələrdən mobil telefonlar gətirilərkən cəmiyyətin özündə də həmin cihazların qiymətləri ilə bağlı müəyyən məlumatlar olur. Məsələn, elektron xidmətlər əsasında həmin mobil telefonların qeydiyyatını aparmaq və bu zaman ödənişləri elektron qaydada həyata keçirmək mümkündür.

Mobil telefonun ödənişini etmək və cihazın qeydiyyatını həyata keçirmək mümkündür. Hazırda mobil telefonların qiymətləri elektron sistemlər vasitəsilə müəyyən edilir. Yəni, müvafiq elektron sistemə daxil olmaqla bu məlumatları əldə etmək olar.

Məsələn, telefonların qiymətlərini “iPhone” şirkətinin internet səhifəsinə daxil olmaqla müəyyənləşdirmək mümkündür. Gömrük Komitəsində də statistik qiymətlər həmin məlumatlar əsasında formalaşdırılır və ödənişlər bu məlumatlar nəzərə alınmaqla hesablanır. Burada məqsəd mövcud və açıq mənbələrdə, xüsusilə də “iPhone” və “Samsung” kimi şirkətlərin qlobal mağazalarında göstərilən qiymətlərə uyğun olaraq rüsumları hesablamaq və toplamaqdır.

Ona görə də ödənişlər elektron qaydada həyata keçirilir. Digər tərəfdən, rüsumların hesablanması zamanı mağazalarda, o cümlədən beynəlxalq mağazalarda göstərilən qiymətlər də nəzərə alınır.

Lakin hesab edirik ki, bu qiymətlərlə bağlı məlumatların nəzərdən keçirilməsi və yenilənməsi vacibdir. Bu istiqamətdə müəyyən addımlar atılsa da, prosesin təkmilləşdirilməsi nəticə etibarilə bu cür anlaşılmazlıqların aradan qaldırılmasına gətirib çıxara bilər".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə