"Rusiya öz məqsədlərinə çatana qədər müharibəni davam etdirəcəyini bildirir" - POLİTOLOQ

"Rusiya öz məqsədlərinə çatana qədər müharibəni davam etdirəcəyini bildirir" - POLİTOLOQ

"Son zamanlar Rusiya ilə Ukrayna arasında müharibə daha da gərginləşir. Danışıqlar hələlik konkret nəticə vermir. Trampın Rusiya ilə dizel yanacağı ilə bağlı müqavilə bağlamasından sonra vəziyyətin daha da gərginləşdiyi müşahidə olunur. Rusiya hücumlarını intensivləşdirib, Kiyevə və Ukraynanın digər böyük şəhərlərinə hücumlar mütəmadi xarakter alıb".

Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, Ukraynaya göndərilən “Patriot” hava hücumundan müdafiə sistemləri ilə bağlı məsələlər də gündəmdədir. Bu mövzuda birbaşa səviyyədə danışıqlar aparılır:

"Tramp yenidən Rusiyaya dəstək verməyə başlayıb. Onun Rusiya ilə dizel yanacağına dair müqaviləsi təkcə Avropada, o cümlədən NATO üzvü olan ölkələrdə deyil, ABŞ daxilində də ciddi narazılıq yaradıb.

Belə ki, Respublikaçılar Partiyasının bəzi üzvləri və konqresmenlər Trampın bu müqaviləsini dayandırmağa yönəlmiş qanun layihəsi hazırlayıblar. Səs yazısında qeyd olunduğuna görə, həmin qanun layihəsi artıq Konqresdən keçib.

Trampın bu addımları ilə əlaqədar oktyabrın 8-də ABŞ-ın 50 ştatında, 300 şəhərində etiraz mitinqləri və nümayişlər keçirilib. Qarşıdan gələn aralıq seçkilərində Respublikaçılar Partiyasının Demokratlar Partiyası qarşısında mövqelərini itirə biləcəyi barədə də fikirlər səsləndirilir. Rəy sorğularının nəticələri bu ehtimalla bağlı müzakirələri gücləndirir.

Digər tərəfdən, ABŞ Prezidenti Donald Trampın nümayəndələri Uitkoff və Kuşner danışıqlar aparırlar. Yaxın zamanda Əbu-Dabidə üç ölkənin rəhbərlərinin görüşünün təşkil olunması ilə bağlı da müzakirələr gedir.

Lakin hesab edirəm ki, bu görüşlərdə müharibənin dayandırılmasına nail olmaq çətin olacaq. Çünki Rusiya öz məqsədlərinə çatana qədər müharibəni davam etdirəcəyini bildirir. Ukrayna isə öz ərazilərini güzəştə getmək niyyətində olmadığını bəyan edir.

Hazırda danışıqların əsas mövzularından biri Donbasın bütövlükdə Rusiyaya verilməsi və bunun müqabilində atəşkəsin əldə olunmasıdır. Ukraynanın işğal olunmamış ərazilərinin Rusiyaya verilməsi təklifi isə kəskin şəkildə rədd edilir. Buna görə də hesab edirəm ki, danışıqlarda ciddi irəliləyiş əldə etmək asan olmayacaq.

Bununla belə, danışıqlar zamanı Qara dəniz hövzəsində atəşkəsin təmin edilməsi, eləcə də hər iki ölkənin enerji infrastrukturuna raket və digər vasitələrlə hücumların dayandırılması kimi məsələlər müzakirə oluna bilər.

Müharibənin tamamilə başa çatması üçün, təbii ki, hər iki tərəfin müəyyən kompromislərə getməsi zəruridir. Lakin hazırkı vəziyyət Rusiyanın öz mövqeyində israr etdiyini göstərir. Rusiya ən azı Donbası tamamilə nəzarətə götürmək istəyir və ya Ukraynanın hələ işğal olunmamış ərazilərinin ona verilməsini tələb edir. Bundan sonra danışıqların mümkünlüyü məsələsi gündəmə gələ bilər.

Ukrayna isə öz ərazilərini Rusiyaya güzəştə getmək istəmədiyini açıq şəkildə bildirir. Həmçinin işğal altında olan ərazilərin Rusiyanın tərkibinə daxil edilməsini rəsmən tanımaq niyyətində deyil.

Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, hələlik müharibənin davam etməsi ehtimalı yüksəkdir. Bununla belə, üç ölkənin rəhbərlərinin mümkün görüşündən sonra müəyyən irəliləyiş əldə olunacağını istisna etmək olmaz".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə