"Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur" - HƏKİM

"Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur" - HƏKİM

"Mədə nahiyəsində, yəni tibbdə epigastral nahiyə adlandırılan sahədə yanma və göynəmə hissləri varsa, ilk növbədə xəstənin əvvəllər mədə-bağırsaq sistemi ilə bağlı şikayətlərinin olub-olmadığı müəyyənləşdirilməlidir. Eyni zamanda, xəstənin ailə anamnezi araşdırılmalı, valideynlərində və digər yaxın qohumlarında mədə xəstəliklərinin olub-olmadığı öyrənilməlidir".

Bu fikirləri SİA-ya açıqlamasında tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov bildirib.

Onun sözlərinə görə, bəzi hallarda kəskin appendisit, kəskin koronar sindrom və hətta miokard infarktı epigastral nahiyədə mədə ağrısına bənzər əlamətlərlə özünü göstərə bilər: "Buna görə də ağrının həqiqətən mədə mənşəli olub-olmadığı, yoxsa digər patoloji proseslərlə əlaqəli olduğu mütləq müəyyənləşdirilməlidir.

Mədədə yanma və göynəmə hisslərinin səbəblərinə qayıdaq. İlk növbədə qidalanma faktorlarını və şəxsin qidalanma vərdişlərini nəzərə almaq lazımdır.

Bəzən mədə möhtəviyyatının qida borusuna geri qayıtması nəticəsində qastroezofageal reflüks baş verir. Mədə şirəsi turş mühitə malik olduğuna görə qida borusunun aşağı hissəsində qıcıqlanma və iltihabi dəyişikliklər yarada bilər. Nəticədə insanda yanma hissi meydana çıxır.

Qastrit zamanı da mədədə yanma və göynəmə müşahidə oluna bilər. Bununla yanaşı, mədə və ya onikibarmaq bağırsaq xorası da bu əlamətlərə səbəb ola bilər.

Ən mühüm məqamlardan biri budur ki, mədə yanması həmişə qastrit demək deyil. Bəzi hallarda yanma hissi birbaşa mədədən qaynaqlanmır, qidalanma xüsusiyyətləri və qida borusuna mədə möhtəviyyatının geri qayıtması ilə əlaqədar olur.

Bəzi qidalar, xüsusilə acı və ədviyyatlı yeməklər, müəyyən insanlarda mədə-bağırsaq sisteminin həssaslığını artıraraq yanma hissinə səbəb ola bilər. Bu zaman şikayətlər həmişə mədənin özündə olan xəstəliklə əlaqəli olmur; qəbul edilən qidalar da əlamətlərin yaranmasına və ya güclənməsinə təsir göstərə bilər.

Yağlı və çox qızardılmış yeməklər mədənin boşalmasını ləngidə bilər. Belə qidaların həzmi daha uzun çəkir. Mədənin boşalması müxtəlif fizioloji mexanizmlər və hormonlar, o cümlədən qastrin və xolesistokinin vasitəsilə tənzimlənir.

Yağlı və qızardılmış qidalar qəbul edildikdə mədənin boşalmasının ləngiməsi bəzi insanlarda reflüks əlamətlərini artıra bilər.

Qəhvə və tünd çay da müəyyən insanlarda mədə yanmasını gücləndirə bilər. Bəzi insanlarda şokolad, pomidor, limon, portağal və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur.

Lakin mühüm bir məqamı qeyd etmək lazımdır: bu qidaların hamısı hər kəsdə problem yaratmır. Əlamətlərin yaranması orqanizmin fərdi xüsusiyyətlərindən asılıdır. Buna görə də heç bir əsas olmadan bütün bu qidaları qida rasionundan çıxarmaq düzgün yanaşma deyil. Əsas məsələ konkret şəxsdə hansı qidaların şikayətlərə səbəb olduğunu müəyyənləşdirməkdir.

Mədə yanması hansı xəstəliklərin əlaməti ola bilər?

1. Qastroezofageal reflüks xəstəliyi

Qastroezofageal reflüks xəstəliyi mədə möhtəviyyatının qida borusuna geri qayıtması nəticəsində yaranır.

Bu xəstəliyin əsas əlamətləri aşağıdakılardır:

- Döş sümüyünün arxasında yanma hissi;
- Ağıza turş və ya acı mayenin gəlməsi;
- Yeməkdən sonra şikayətlərin artması;
- Uzanmış vəziyyətdə, xüsusilə gecə saatlarında yanma və göynəmənin güclənməsi.

Bəzi xəstələrdə reflüks uzun müddət davam edə və xroniki xarakter ala bilər. Mədə möhtəviyyatının qida borusuna, bəzən isə boğaza qədər geri qayıtması bu xəstəliyin səciyyəvi əlamətlərindəndir.

Xəstə yanma hissini mədə nahiyəsində hiss etsə də, əlamətin əsas səbəbi qida borusu ilə əlaqəli ola bilər. Buna görə də reflükslə mədənin digər xəstəliklərini bir-birindən fərqləndirmək lazımdır.

2. Qastrit

Qastritin yaranmasının əsas səbəblərindən biri Helicobacter pylori bakteriyası ilə yoluxmadır. Bundan əlavə, bəzi dərmanlar, xüsusilə qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİƏP), mədənin selikli qişasını zədələyərək qastritə və digər mədə problemlərinə səbəb ola bilər.

Qastrit zamanı aşağıdakı əlamətlər müşahidə oluna bilər:

- Ürəkbulanma;
- Yeməkdən sonra mədədə dolğunluq hissi;
- Tez doyma;
- Qarının yuxarı hissəsində ağrı və ya göynəmə.

Bu əlamətlərin yalnız qastritə xas olmadığını nəzərə almaq lazımdır. Buna görə də düzgün diaqnoz qoymaq üçün digər mümkün səbəblər də araşdırılmalıdır.

3. Mədə və onikibarmaq bağırsaq xorası

Mədə və onikibarmaq bağırsaq xorası zamanı epigastral nahiyədə ağrı və yanma hissi yarana bilər. Bəzi hallarda ağrı kürəyə də yayıla bilər. Əlamətlər gecə saatlarında və ya mədə boş olduqda güclənə bilər.

Əsas səbəblərdən biri Helicobacter pylori infeksiyasıdır. Qeyri-steroid iltihabəleyhinə preparatlar da mədənin selikli qişasının qoruyucu mexanizmlərini zəiflədərək xora yaranması riskini artırır.

Nəticədə selikli qişa zədələnə və ağrı, göynəmə kimi əlamətlər meydana çıxa bilər.

Bununla belə, ağrının yeməkdən əvvəl və ya sonra yaranması təkbaşına xoranın diaqnozunu müəyyənləşdirməyə kifayət etmir.

4. Öd daşı xəstəliyi və öd yollarının digər xəstəlikləri

Öd daşı xəstəliyi və öd kisəsi ilə əlaqəli digər problemlər zamanı ağrı əsasən qarının sağ yuxarı hissəsində meydana çıxır. Ağrı kürəyə və sağ çiyinə yayıla bilər. Xüsusilə yağlı yeməklərdən sonra ağrı güclənə bilər. Ürəkbulanma və qusma da müşahidə oluna bilər.

Öd yolları xəstəlikləri bəzən mədə xəstəlikləri ilə qarışdırılır. Qarının yuxarı hissəsində tutmaşəkilli, kəskin ağrılar baş verdikdə ağrının mənbəyini müəyyənləşdirmək üçün əlavə müayinə tələb oluna bilər.

Əlamətlərin yeməklə əlaqəsinin qiymətləndirilməsi

Mədə yanmasının nə zaman baş verməsi də xüsusi əhəmiyyət daşıyır. Əlamətlərin yeməkdən əvvəl, yemək zamanı və ya yeməkdən sonra yaranması həkimə mümkün səbəbləri müəyyənləşdirməkdə kömək edir.

Məsələn:

- Yeməkdən sonra döş sümüyünün arxasında yanma: qastroezofageal reflükslə əlaqəli ola bilər.
- Ağıza turş və ya acı mayenin gəlməsi: reflüks ehtimalını artırır.
- Yeməkdən sonra mədədə dolğunluq və tez doyma: qastrit və digər mədə xəstəliklərində müşahidə oluna bilər.
- Acqarına və ya gecə saatlarında yaranan ağrı: mədə və ya onikibarmaq bağırsaq xorası daxil olmaqla müxtəlif səbəblərlə əlaqəli ola bilər.
- Yağlı yeməklərdən sonra sağ qabırğaaltı nahiyədə ağrı: öd kisəsi və öd yolları xəstəliklərini düşündürə bilər.

Bu əlamətlər istiqamətləndirici xarakter daşıyır və hər hansı xəstəliyin diaqnozunu təkbaşına təsdiqləmir. Dəqiq diaqnoz xəstənin şikayətləri, tibbi müayinəsi və zərurət olduqda əlavə müayinələr əsasında qoyulur.

Güclü və qəfil başlayan qarın və ya döş qəfəsi ağrısı, qanlı qusma, qara nəcis, yaxud sinə ağrısı ilə yanaşı nəfəs darlığı və soyuq tər müşahidə edilərsə, təcili tibbi yardım almaq lazımdır".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə