“Narın faydasını artırmaq üçün onu şirə deyil,bütöv meyvə kimi yemək daha məqsədəuyğundur” - EKSPERT DANIŞDI
“Hər bir meyvədə olduğu kimi, narı da mövsümündə istifadə etmək daha faydalı seçimdir. Narın tərkibində orqanizm üçün faydalı olan müxtəlif vitaminlər, bioaktiv maddələr, xüsusilə də antioksidant xüsusiyyətə malik polifenollar var”.
Bu barədə qida üzrə ekspert Asim Vəliyev SİA-ya açıqlamasında bildirib.
Ekspertin sözlərinə görə, narın əsas üstünlüklərindən biri tərkibindəki maddələrin orqanizmdə oksidləşdirici stresslə mübarizədə rol oynamasıdır.
O qeyd edib ki, narın ürək-damar sağlamlığına və qan təzyiqinə müsbət təsirləri ola bilər. Lakin narı hər hansı xəstəliyin birbaşa müalicəsi kimi qəbul etmək düzgün deyil.
Asim Vəliyev bildirib ki, narın faydalarından daha yaxşı yararlanmaq üçün onu şirə şəklində deyil, bütöv meyvə kimi, dənələri ilə birlikdə yemək daha məqsədəuyğundur. Bu zaman orqanizm meyvənin tərkibindəki liflərdən də faydalanır.
Ekspertin sözlərinə görə, nar şirəsi də istehlak edilə bilər, lakin bu zaman qəbul edilən miqdara diqqət yetirmək vacibdir. Əsas məsələ narı həddindən artıq yemək deyil, onu digər qidalar kimi balanslı qidalanmanın bir hissəsi olaraq qəbul etməkdir.
O vurğulayıb ki, nar faydalı meyvə olsa da, möcüzəvi müalicə vasitəsi kimi təqdim edilməməlidir. Ən doğru yanaşma narı mövsümündə, normal miqdarda və müxtəlif meyvə-tərəvəzlərlə birlikdə qida rasionuna daxil etməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB