"Eyni suyu dəfələrlə qaynatmaq düzgün deyil" - QİDA EKSPERTİ

"Eyni suyu dəfələrlə qaynatmaq düzgün deyil" - QİDA EKSPERTİ

"Krant suyunu içmək üçün filtrdən istifadə etməklə, suyu qaynatmaq eyni şey deyil. Filtrin növündən asılı olaraq gördüyü iş də fərqlidir. Ona görə də biri həmişə digərini tam əvəz etmir. Qaynatma əsasən suda ola biləcək mikroorqanizmlərə qarşı təsirlidir. Bakteriyalar, viruslar və bəzi parazitlər qaynatma zamanı məhv olur".

Bu sözləri SİA -ya açıqlamasında qida üzrə ekspert Asim Vəliyev bildirib.

Onun szölərinə görə, lakin qaynatma sudakı bütün zərərli maddələri aradan qaldırmır: "Qurğuşun, digər ağır metallar, nitratlar, bəzi pestisidlər qaynatmaqla sudan çıxmır. Əksinə su uzun müddət qaynadıldıqda buxarlanma səbəbindən bəzi maddələrin suda qatılığı arta bilər.

Əgər suyu qaynatmaq lazımdırsa, onu güclü qaynama vəziyyətinə gətirmək, 1 dəqiqə qaynatmaq kifayətdir. Suyun temperaturunu da ayrıca ölçməyə ehtiyac yoxdur. Dəniz səviyyəsində su təxminən 100 dərəcədə qaynayır. Yüksək dağlıq ərazilərdə isə su daha aşağı temperaturda qaynadığı üçün daha uzun müddət qaynatmaq lazım gələ bilər.
Suyu 10-15 dəqiqə qaynatmaq daha təhlükəsiz demək deyil. Uzun müddət qaynatma əlavə qoruma yaratmır. Eyni suyu dəfələrlə qaynatmaq da düzgün deyil.Digər tərəfdən filtrlərin imkanları bir-birindən fərqlənir. Sadə kömür, ya karbon filtrləri suyun dadını və iyini yaxşılaşdıraraq bəzi maddələrin miqdarını azalda bilər. Amma belə filtrlər suyu mikroorqanizmlərdən tam təmizləmir. Buna görə filtrin mikroorqanizmlərə qarşı qoruduğunu düşünmək doğru olmazdı. Tərs osmos sistemi isə həm bəzi kimyəvi maddələrin, həm də mikroorqanizmlərin böyük hissəsinin sudan uzaqlaşdırılmasına kömək edir. Amma bunun üçün filtr və membranlar vaxtında dəyişdirilməliyik. Sistemə düzgün qulluq olunmalıdır. Etməsək filtrin özü də mikroorqanizmlərin yığılması üçün mənbəyə çevrilə bilər. Ona görə evdə su üçün filtr seçərkən ilk növbədə suyun hansı problemə görə təmizlənməsinə ehtiyac olduğunu bilməliyik. Əgər məqsədimiz ancaq suyun dadını, iyini yaxşılaşdırmaqdırsa, sadə karbon filtr bəs edir. Mikroorqanizmlərdən qorunmaq istəyiriksə, filtrin bu xüsusiyyətinin olub-olmadığını yoxlamalıyıq.

Bir sözlə desək, sadə filtr suyu avtomatik olaraq steril etmir. Qaynatmaq isə bütün kimyəvi çirkləndiriciləri sudan çıxarmır. Buna görə suyun keyfiyyətinə, istifadə olunan filtrin xüsusiyyətlərinə uyğun seçim etməliyik".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə