Azərbaycanda su ehtiyatlarının artırılması və yeni su anbarlarının tikintisi davam etdirilir - AKİF QULİYEV
“Ölkədə su ehtiyatlarının artırılması, yeni su anbarlarının tikintisi, mövcud meliorasiya obyektlərinin yenidən qurulması və içməli su təminatının yaxşılaşdırılması istiqamətində bir sıra layihələr həyata keçirilir”.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi Akif Quliyev SİA-ya açıqlamasında bildirib ki, 2020-ci il iyulun 27-də imzalanmış 2178 nömrəli sərəncama əsasən, ölkədə 10 yeni su anbarının tikintisi nəzərdə tutulub. Hazırda onlardan ikisində tikinti işləri aparılır. Bu layihələrdən biri Şəki və Oğuz rayonlarının ərazisində yerləşən Əlicançay su anbarıdır. Anbarın həm içməli su təminatı, həm də kənd təsərrüfatı təyinatlı torpaqların suvarılması məqsədilə istifadəsi nəzərdə tutulur. Layihəyə əsasən, 34 min hektar kənd təsərrüfatı təyinatlı torpağın suvarılması və 49 min nəfərin içməli su ilə təmin edilməsi planlaşdırılır.
Agentlik rəsmisi qeyd edib ki, sərəncam çərçivəsində su anbarları ilə yanaşı, meliorasiya obyektlərinin tikintisi və yenidən qurulması işləri də həyata keçirilir. Şirvan, Qarabağ və Aşağı Muğan suvarma kanallarında, eləcə də digər meliorasiya obyektlərində müvafiq işlər aparılır. Bostantəpə və Qızılhac kanalları ilə bağlı layihələr üzrə də işlər görülüb, Qızılhac kanalı artıq istifadəyə verilib.
İşğaldan azad edilmiş ərazilərdə su təminatı məsələsinə toxunan Akif Quliyev bildirib ki, 2026-cı il iyulun 11-də Prezident İlham Əliyevin iştirakı ilə Laçın rayonu ərazisində Həkəri çayı üzərində su anbarının təməli qoyulub. Ümumi həcmi 100 milyon kubmetr, faydalı həcmi isə 90 milyon kubmetr nəzərdə tutulan anbarın içməli su təminatına xidmət etməsi planlaşdırılır. Layihə çərçivəsində 172 kilometrlik magistral su xəttinin çəkilməsi və 10,8 meqavat gücündə üç su elektrik stansiyasının tikintisi nəzərdə tutulur. Layihənin Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Füzuli, Xocavənd və Ağdam rayonlarında 700 minə yaxın əhalinin içməli su təminatına töhfə verəcəyi gözlənilir.
O, Bərküşad su anbarı ilə bağlı hazırlıq işlərinin davam etdiyini, tikinti məsələsinə Həkəri su anbarı layihəsindən sonra yenidən baxılmasının mümkün olduğunu bildirib.
Akif Quliyev Azərbaycanda su ehtiyatları ilə bağlı risklərə də münasibət bildirib. O qeyd edib ki, ölkənin su ehtiyatlarının təxminən 70 faizi transsərhəd çayların hesabına formalaşır. Bununla belə, hazırda su təminatı baxımından ciddi təhlükə müşahidə olunmadığını vurğulayan agentlik rəsmisi bildirib ki, mövcud su anbarlarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 milyard kubmetr artıq su toplanıb.
Rəsmisinin sözlərinə görə, ölkənin əsas su mənbələrindən olan Kür çayı üzərində yerləşən Mingəçevir su anbarında su ehtiyatlarının qorunması və artırılması mühüm əhəmiyyət daşıyır. Hazırda ümumilikdə 141 su anbarı mövcuddur və onlardan həm içməli su təminatında, həm də suvarma məqsədilə istifadə edilir.
O, su itkilərinin qarşısının alınmasının vacibliyini də diqqətə çatdırıb. Bildirib ki, Sabirabad rayonunda 37 min hektar əkin sahəsinə xidmət edən Aşağı Muğan kanalının yenidən qurulması davam edir, Baş Muğan kanalının tikintisinə isə növbəti ildə başlanılması nəzərdə tutulur. Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı layihələndirmə və ekspertiza işləri də davam etdirilir.
Akif Quliyev əlavə edib ki, müasir hidrotexniki qurğuların tikintisi və suvarma şəbəkələrinin yenilənməsi gələcəkdə su itkilərinin azaldılmasına və su təhlükəsizliyi risklərinin qarşısının alınmasına xidmət edir.
Xəzər dənizinin suyunun şirinləşdirilməsi layihəsinə də toxunan agentlik rəsmisi bildirib ki, bu istiqamətdə işlər Prezidentin müvafiq tapşırıqları çərçivəsində həyata keçirilir və layihə ilə bağlı əlavə məlumatın yaxın vaxtlarda aidiyyəti şəxslər tərəfindən veriləcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB