Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına üzvlüyünün 35-ci ildönümü tamam olur. Müstəqilliyini bərpa etdikdən sonra təşkilata üzv olan Azərbaycan İƏT ilə əməkdaşlığı İslam dünyası ilə əlaqələrinin inkişafının mühüm istiqamətlərindən birinə çevirib.
Bu barədə SİA-ya “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri bildirib.

Onun sözlərinə görə, Azərbaycanın İƏT-ə üzvlüyü müstəqillik qazandıqdan sonra beynəlxalq əlaqələrin genişləndirilməsi və milli maraqların çoxtərəfli platformalarda ifadə olunması baxımından əhəmiyyətli addım olub.
Nadir Azəri qeyd edib ki, Azərbaycan təşkilat çərçivəsində müsəlman ölkələri ilə siyasi dialoqun inkişafına, iqtisadi və humanitar əlaqələrin genişlənməsinə, eləcə də İslam dünyasını maraqlandıran məsələlər üzrə birgə fəaliyyətə töhfə verib.
O vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü və torpaqlarımızın işğalı dövründə İƏT ölkəmizin ərazi bütövlüyü məsələsinin beynəlxalq müstəvidə gündəmdə saxlanılması baxımından əhəmiyyətli platformalardan biri olub.
CASCFEN sədri diqqətə çatdırıb ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən sonra beynəlxalq münasibətlərində yeni mərhələ başlayıb. Bu reallıq İƏT çərçivəsində əməkdaşlığın da yeni məzmun qazanmasına imkan yaradır.
Nadir Azəri Azərbaycanın təşkilat çərçivəsində keçirilən beynəlxalq tədbirlərə ev sahibliyi etməsini də əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi qiymətləndirib. O xatırladıb ki, Bakı 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına, 2026-cı ildə isə İslam İnkişaf Bankı Qrupunun illik toplantılarına ev sahibliyi edib. Bu tədbirlər Azərbaycanın müsəlman ölkələri arasında əməkdaşlığın inkişafına verdiyi töhfənin nümunələridir.
Siyasi şərhçi bildirib ki, Azərbaycan qarşıdakı dövrdə də təşkilat çərçivəsində fəal rol oynayacaq. Onun sözlərinə görə, 2027-ci ildə Azərbaycan İƏT-ə sədrlik edəcək və Bakıda İslam Sammiti Konfransının 16-cı sessiyası keçiriləcək.
“Bu, ölkəmiz üçün həm məsuliyyət, həm də İslam dünyasını maraqlandıran məsələlərin müzakirəsinə töhfə vermək baxımından mühüm imkandır. Azərbaycanın sədrliyi dövründə üzv dövlətlər arasında siyasi dialoqun, iqtisadi tərəfdaşlığın, humanitar və mədəni əlaqələrin inkişafı üçün yeni təşəbbüslərin irəli sürüləcəyi gözləniləndir”, – deyə Nadir Azəri bildirib.
O əlavə edib ki, İƏT-ə üzvlüyün 35-ci ildönümü Azərbaycanın İslam dünyası ilə münasibətlərinin keçmişini və bu gününü dəyərləndirmək, eləcə də gələcək əməkdaşlıq prioritetlərini müəyyənləşdirmək baxımından əlamətdardır.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB