"Azərbaycanın İƏT-lə əməkdaşlığı tarixi əsaslara və ortaq maraqlara söykənir" - POLİTOLOQ
"Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmayıl Ould Şeyx Əhmədlə görüşü Azərbaycanın İslam dünyasında artan siyasi nüfuzunun və beynəlxalq diplomatiyada möhkəmlənən mövqeyinin mühüm göstəricisidir".
Bu barədə SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.

Onun sözlərinə görə, Azərbaycan uzun illərdir ki, İslam həmrəyliyinin gücləndirilməsi, müsəlman dövlətləri arasında əməkdaşlığın genişləndirilməsi və mədəniyyətlərarası dialoqun inkişafı istiqamətində fəal siyasət həyata keçirir:
"Baş katibin Ümummilli Lider Heydər Əliyevin bu münasibətlərin formalaşmasındakı xidmətlərini xüsusi vurğulaması Azərbaycanın İƏT-lə əməkdaşlığının tarixi əsaslara söykəndiyini göstərir. Eyni zamanda, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsinin yüksək qiymətləndirilməsi, Prezident İlham Əliyevin Cənubi Qafqazda sülhün təmin olunması istiqamətində səylərinə dəstəyin ifadə edilməsi mühüm siyasi mesajdır. Bu, Azərbaycanın regionda formalaşdırdığı yeni reallıqların və sülh gündəliyinin İslam dünyası tərəfindən dəstəkləndiyini nümayiş etdirir.
Görüşün digər mühüm tərəfi isə 2027-ci ildə Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə ev sahibliyi edəcək olmasıdır. Bu, sadəcə növbəti beynəlxalq tədbirin Bakıda keçirilməsi deyil, Azərbaycanın İslam dünyasında siyasi proseslərə təsir imkanlarının genişlənməsi və təşkilat daxilində daha fəal rol üstlənməsi baxımından əhəmiyyətlidir. Xüsusilə Yaxın Şərqdə davam edən geosiyasi gərginliklər, müsəlman ölkələri arasında mövcud fikir ayrılıqları və beynəlxalq təhlükəsizlik çağırışları fonunda Azərbaycanın dialoq və əməkdaşlıq platforması kimi çıxış etməsi mühüm perspektivlər yaradır. Görüşdə dezinformasiyaya qarşı birgə mübarizənin və media əməkdaşlığının müzakirəsi də göstərir ki, tərəflər münasibətləri yeni istiqamətlər üzrə inkişaf etdirmək niyyətindədirlər. Hesab edirəm ki, Azərbaycanın əsas üstünlüyü müxtəlif siyasi mövqelərə malik dövlətlərlə konstruktiv münasibətlər qurmaq və onları ortaq maraqlar ətrafında bir araya gətirmək bacarığıdır. Qarşıdakı Zirvə görüşü də Azərbaycanın bu diplomatik imkanlarını nümayiş etdirməsi və İslam dünyasında həmrəyliyin möhkəmləndirilməsinə yeni töhfələr verməsi üçün mühüm fürsət olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB