"Bu, Prezidentin beynəlxalq hüquqa söykənən diplomatik hücum siyasətinin böyük qələbəsidir" - ŞƏRH

"Bu, Prezidentin beynəlxalq hüquqa söykənən diplomatik hücum siyasətinin böyük qələbəsidir" - ŞƏRH

"Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının Baş katibi ilə keçirdiyi görüş və səsləndirilən strateji fikirlər Azərbaycanın İslam dünyasındakı mərkəzi mövqeyini, qlobal informasiya və diplomatiya müstəvisində artan nüfuzunu bir daha nümayiş etdirir. Bu dialoq, sadəcə, ikitərəfli münasibətlərin növbəti mərhələsi deyil, dövlət başçısının uzun illər ərzində ardıcıllıqla yürütdüyü uzaqgörən xarici siyasətin və İslam həmrəyliyi doktrinasının əməli təzahürüdür". Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, siyasi-hüquqi baxımdan İƏT Azərbaycan üçün beynəlxalq hüququn və ərazi bütövlüyünün müdafiəsində ən ardıcıl dəstək verən institutlardan biridir:

"İşğal dövründə İƏT-in qəbul etdiyi qətnamələr BMT Təhlükəsizlik Şurasının müvafiq sənədləri ilə yanaşı, ölkəmizin ədalətli mövqeyinin hüquqi bazasını formalaşdırmışdır. Bu gün də postmünaqişə reallıqları fonunda İƏT rəhbərliyinin Azərbaycana səfəri və dövlətimizin mövqeyini tam dəstəkləməsi cənab Prezidentin beynəlxalq hüquqa söykənən diplomatik hücum siyasətinin böyük qələbəsidir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərinə, həmçinin dağıdılmış islami-mədəni irsin bərpasına İƏT-in verdiyi yüksək qiymət Azərbaycanın mənəvi-hüquqi haqlılığını beynəlxalq səviyyədə təsbit edir.

Məlumdur ki, proseslərin cari inkişaf istiqamətində Prezident İlham Əliyevin xüsusi rolu və liderlik amili müstəsna əhəmiyyət kəsb edir. Cənab Prezident Azərbaycanı təkcə geosiyasi körpü kimi deyil, İslam aləminin birləşdirici, barışdırıcı və inkişafetdirici güc mərkəzinə çevirmişdir. Məhz dövlət başçısının şəxsi təşəbbüsü ilə keçirilən "İslam Həmrəyliyi İli", "İslam Həmrəyliyi Oyunları" və müsəlman ölkələri arasında iqtisadi-mədəni inteqrasiyanın gücləndirilməsi addımları Azərbaycanın bu təşkilat daxilindəki liderlik statusunu təsbit etmişdir. Cənab Prezidentin prinsipial mövqeyi sayəsində Azərbaycan İslam dünyasında islamofobiyaya və dezinformasiyaya qarşı mübarizənin ön cəbhəsində dayanır. Dövlət başçısının həyata keçirdiyi müstəqil xarici siyasət nəticəsində Azərbaycan müsəlman ölkələrinin maraqlarını qlobal platformalarda inamla müdafiə edir, eyni zamanda sivilizasiyalararası dialoqun mərkəzinə çevrilir. İƏT Baş katibi ilə görüşdə vurğulanan mesajlar da bir daha göstərir ki, cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan İslam həmrəyliyinin yalnız sözdə deyil, real əməli addımlarla, hüquqi və siyasi dəstəklə möhkəmləndirilməsinə mühüm töhfələr verməkdə davam edir".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə