TRIPP layihəsi Azərbaycanın iqtisadi gücünü və geosiyasi mövqeyini daha da möhkəmləndirəcək - DEPUTAT DANIŞDI

TRIPP layihəsi Azərbaycanın iqtisadi gücünü və geosiyasi mövqeyini daha da möhkəmləndirəcək - DEPUTAT DANIŞDI

“TRIPP – Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – sadəcə nəqliyyat infrastrukturu layihəsi deyil. Bu təşəbbüs Azərbaycanın uzunmüddətli iqtisadi strategiyası, regional bağlantı siyasəti və geosiyasi maraqları baxımından mühüm əhəmiyyət daşıyan çoxşaxəli layihədir. Onun reallaşması ölkəmizin Avrasiya məkanında nəqliyyat, logistika, enerji və ticarət qovşağı kimi rolunu daha da gücləndirə bilər“.

Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Aydın Hüseynov bildirib ki, TRIPP Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz nəqliyyat bağlantısının təmin olunmasına xidmət edir: “Bu, ölkəmiz üçün həm iqtisadi, həm də strateji məsələdir. Naxçıvanla əlaqələrin şaxələndirilməsi yük və sərnişin daşımalarının imkanlarını genişləndirəcək, ticarət əlaqələrinin inkişafına, logistika xərclərinin optimallaşdırılmasına və muxtar respublikanın iqtisadi potensialından daha səmərəli istifadəyə şərait yaradacaq. Layihənin ikinci mühüm istiqaməti Azərbaycanın beynəlxalq tranzit imkanlarının genişlənməsidir. Azərbaycan artıq Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm iştirakçısıdır. TRIPP-in istifadəyə verilməsi Orta Dəhlizin əlavə marşrutla gücləndirilməsinə, Xəzər hövzəsi və Mərkəzi Asiya ölkələrinin Türkiyə və Avropa bazarlarına çıxış imkanlarının şaxələndirilməsinə xidmət edə bilər. Bu isə Azərbaycanın beynəlxalq yükdaşımalar sistemində rəqabət qabiliyyətini artırmaq potensialına malikdir“.
“İqtisadi baxımdan layihənin əhəmiyyəti yalnız tranzit daşımalarından əldə ediləcək gəlirlərlə məhdudlaşmır“ - deyən Aydın Hüseynov əlvə edib ki, yeni logistika mərkəzlərinin, anbar komplekslərinin, sənaye və xidmət müəssisələrinin inkişafı, investisiyaların cəlb edilməsi və əlavə iş yerlərinin yaradılması üçün imkanlar formalaşa bilər: “Eyni zamanda, dəmir yolu və avtomobil yolları ilə yanaşı, enerji xətlərinin, elektrik ötürücü infrastrukturun və fiber-optik rabitə şəbəkələrinin inkişafı Azərbaycanın qeyri-neft sektorunun şaxələndirilməsi siyasətinə əlavə təkan verə bilər. Bu baxımdan Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı infrastruktur quruculuğu xüsusi əhəmiyyət daşıyır. Horadiz–Ağbənd istiqamətində aparılan işlər, Naxçıvanın dəmir yolu infrastrukturunun yenilənməsi və regional nəqliyyat əlaqələrinin bərpası Azərbaycanın strateji layihələrə yalnız siyasi bəyanatlar səviyyəsində deyil, konkret investisiyalar və praktiki fəaliyyətlə yanaşdığını göstərir“.
Aydın Hüseynov diqqətə çatdırıb ki, TRIPP-in geosiyasi əhəmiyyəti daha genişdir: “2025-ci il avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalar və 2026-cı ildə Azərbaycanla ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası regional bağlantıların inkişafını ikitərəfli əməkdaşlığın mühüm istiqamətlərindən birinə çevirib. Bu, Azərbaycanın beynəlxalq tərəfdaşlarla iqtisadi və siyasi əlaqələrini genişləndirməsi, regional layihələrdə təşəbbüskar mövqeyini möhkəmləndirməsi baxımından mühüm nəticədir. Layihə Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının iqtisadi əsaslarını da gücləndirmək potensialına malikdir. Naxçıvan üzərindən yeni bağlantıların formalaşması türk dövlətləri arasında nəqliyyat və ticarət inteqrasiyasına əlavə imkanlar aça bilər. Eyni zamanda, marşrutların şaxələndirilməsi Azərbaycanın xarici iqtisadi əlaqələrdə çevikliyini və regional nəqliyyat sisteminin dayanıqlığını artıra bilər. Burada əsas prinsip ondan ibarətdir ki, regional kommunikasiyaların açılması dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına hörmət əsasında həyata keçirilməlidir. Vaşinqton Bəyannaməsində də bu prinsiplər təsbit olunub. Azərbaycan üçün əsas strateji nəticə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında etibarlı və maneəsiz bağlantının təmin edilməsidir. TRIPP həm də sülhün iqtisadi dividendlərini nümayiş etdirə biləcək layihədir. Regional əməkdaşlıqdan əldə edilən qarşılıqlı faydalar sabitliyin möhkəmlənməsinə xidmət edə bilər. Lakin bunun üçün razılaşmaların vaxtında icrası, hüquqi öhdəliklərə əməl olunması və nəqliyyatın təhlükəsiz, fasiləsiz fəaliyyəti təmin edilməlidir. Əlbəttə, layihənin iqtisadi səmərəliliyi faktiki yük həcmlərindən, tranzit tariflərindən, infrastrukturun tamamlanmasından və beynəlxalq bazarların tələbatından asılı olacaq. Buna görə də gözlənilən iqtisadi faydalarla artıq əldə edilmiş nəticələri bir-birindən fərqləndirmək vacibdir.
Nəticə etibarilə, TRIPP Azərbaycanın yalnız nəqliyyat imkanlarını genişləndirən deyil, həm də onun iqtisadi müstəqilliyini, geoiqtisadi əhəmiyyətini və beynəlxalq tərəfdaşlıq potensialını gücləndirən strateji təşəbbüsdür. Azərbaycanın məqsədi regionda qarşıdurma deyil, suverenlik və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan davamlı sülh və iqtisadi əməkdaşlıq mühitinin formalaşmasıdır. TRIPP layihəsinin uğurla reallaşması bu strateji baxışın mühüm praktiki nəticələrindən biri ola bilər”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə