"Azərbaycançılıq milli birliyi və dövlətə bağlılığı möhkəmləndirən ideoloji çərçivədir" - POLİTOLOQ DANIŞDI
"Prezident İlham Əliyevin Bakıda keçirilən “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki nitqindən irəli gələn əsas istiqamətlərdən biri Azərbaycançılıq ideologiyasının tarixi kökləri, ideoloji mahiyyəti və müasir dövlətçilik sistemindəki rolu oldu. Azərbaycançılıq yalnız milli mənsubiyyəti ifadə edən anlayış deyil, Azərbaycanın tarixi dövlətçilik təcrübəsini, mədəni müxtəlifliyini, dini tolerantlıq ənənələrini və vahid siyasi kimlik ətrafında birləşmə modelini özündə ehtiva edən konseptual çərçivədir".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.

Turan Rzayev sözlərinə belə davam edib:
"Azərbaycançılıq ideologiyasının müasir dövlətçilik sistemində əsaslarının formalaşdırılması Ümummilli Lider Heydər Əliyevin siyasi irsi ilə sıx bağlıdır. Heydər Əliyevin bu istiqamətdəki tarixi missiyası müxtəlif etnik və dini mənsubiyyətlərə malik vətəndaşların vahid Azərbaycan cəmiyyəti daxilində birləşdirilməsi, milli maraqların ümumi dəyərlər sisteminə çevrilməsi və dövlətə bağlılığın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycançılıq hər hansı etnik və ya dini qrupun üstünlüyünü deyil, Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü, milli-mədəni irsini və bütün vətəndaşların ortaq gələcək naminə birliyini əsas götürür.
Azərbaycanın tarixən müxtəlif mədəniyyətlərin, dinlərin və sivilizasiya ənənələrinin qovuşduğu coğrafiyada yerləşməsi bu modelin tarixi əsaslarını anlamaq baxımından əhəmiyyətlidir.
Azərbaycançılıq ideologiyasının tarixi əsaslarını təhlil edərkən Qafqaz Albaniyası irsinə xüsusi diqqət yetirilməlidir. Qafqaz Albaniyası qədim və erkən orta əsrlərdə Cənubi Qafqazın mühüm siyasi və mədəni mərkəzlərindən biri olub. Bu ərazidə müxtəlif etnik qrupların, dini inancların və mədəni ənənələrin mövcudluğu regionun tarixi inkişafına təsir göstərib. Xristianlığın erkən dövrlərdə yayılması, Alban kilsəsinin tarixi və müxtəlif mədəni təsirlərin qarşılıqlı əlaqəsi Azərbaycanın çoxqatlı tarixi irsinin mühüm elementlərindəndir.
Bu irsin müasir Azərbaycan tarixində əhəmiyyəti ölkəmizin qədim dövlətçilik ənənələrinin, mədəni müxtəlifliyinin və tarixi yaddaşının öyrənilməsi baxımından xüsusi yer tutur.
Azərbaycançılıq ideologiyasının tarixi-fəlsəfi əsaslarına baxdıqda orta əsrlər və erkən yeni dövr dövlətlərinin irsi də mühüm yer tutur. Şirvanşahlar dövləti bölgədə uzunmüddətli siyasi idarəçilik ənənələrinin formalaşması, şəhər mədəniyyətinin inkişafı, memarlıq və ədəbiyyatın yüksəlişi baxımından əhəmiyyətlidir. Xüsusilə Şirvanşahlar dövründən qalan memarlıq abidələri Azərbaycanın dövlətçilik və mədəniyyət tarixinin mühüm maddi sübutlarıdır.
Ağqoyunlu dövləti isə XV əsrdə Azərbaycan və ətraf ərazilərdə siyasi güc mərkəzlərindən biri kimi meydana çıxıb. Xüsusi ilə Ağqoyunlu hökmdarı Uzun Həsənin hakimiyyəti dövründə həyata keçirilən siyasi və inzibati tədbirlər, xarici dövlətlərlə əlaqələr və qanunvericilik sahəsindəki təşəbbüslər dövrün dövlətçilik təcrübəsini səciyyələndirən mühüm məqamlardandır.
Səfəvilər dövlətinin yaranması isə Azərbaycan tarixində ayrıca əhəmiyyətə malik mərhələdir. 1501-ci ildə Şah İsmayıl Xətainin Təbrizdə hakimiyyətini elan etməsi ilə formalaşan Səfəvi dövləti geniş əraziləri əhatə edən siyasi quruma çevrildi. Azərbaycan türkcəsinin saray və hərbi-siyasi mühitdəki mövqeyi, dövlətin regional siyasəti və mərkəzləşmə prosesi bu dövrün əsas xüsusiyyətləri sırasında yer alır. Səfəvilər dövləti eyni zamanda Cənubi Qafqazın və Yaxın Şərqin siyasi tarixində uzunmüddətli təsirə malik oldu.
XVIII əsrdə Nadir şahın rəhbərliyi ilə Əfşarlar dövlətinin meydana çıxması regionun siyasi tarixində növbəti mərhələni təşkil etdi. Bu dövr hərbi-siyasi mərkəzləşmə, geniş ərazilərin idarə olunması və regional güc balansının dəyişməsi ilə xarakterizə olunurdu. Əfşarlar dövlətinin tarixi təcrübəsi Azərbaycan və ətraf regionların siyasi münasibətlərini, hərbi idarəçilik ənənələrini və dövlətlərin formalaşması proseslərini anlamaq baxımından əhəmiyyətlidir.
XVIII əsrdə Nadir şahın ölümündən sonra regionda mərkəzi hakimiyyətin zəifləməsi Azərbaycan ərazisində bir sıra müstəqil və yarımmüstəqil xanlıqların meydana çıxmasına səbəb oldu. Qarabağ, Quba, Şəki, Bakı, Gəncə, Şamaxı, Naxçıvan və digər xanlıqların mövcudluğu dövrün siyasi mənzərəsini müəyyənləşdirirdi. Bu xanlıqların hər biri öz hakimiyyətini, iqtisadi resurslarını və ərazi maraqlarını qorumağa çalışırdı.
Xanlıqlar dövrü Azərbaycan dövlətçilik tarixində həm siyasi parçalanma, həm də yerli idarəçilik ənənələrinin inkişafı baxımından mühüm mərhələdir. Bir tərəfdən, ayrı-ayrı xanlıqlar arasında rəqabət vahid siyasi mərkəzin formalaşmasını çətinləşdirirdi. Digər tərəfdən, yerli hakimiyyət strukturları, diplomatik əlaqələr, şəhər təsərrüfatı və mədəni həyat müxtəlif siyasi mərkəzlərdə inkişaf edirdi.
Xanlıqlar dövrünün tarixi təcrübəsi onu da göstərir ki, siyasi parçalanma və ortaq strateji məqsədlərin olmaması xarici güclərin regiona təsir imkanlarını artırır. XIX əsrin əvvəllərində Rusiya imperiyasının Cənubi Qafqazda mövqelərini genişləndirməsi və Rusiya–Qacar müharibələri nəticəsində bölgənin siyasi xəritəsinin dəyişməsi bu prosesin mühüm nəticələri sırasında yer alır. 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri regionun siyasi və ərazi quruluşunda ciddi dəyişikliklərə səbəb oldu.
Bu tarixi mərhələnin müasir Azərbaycançılıq ideologiyası baxımından əhəmiyyəti milli birliyin, siyasi müstəqilliyin və dövlət suverenliyinin qorunmasının strateji dəyərini göstərməsidir.
Bu dövlətlərin hər birinin siyasi quruluşu, ərazi sərhədləri və hakimiyyət modeli fərqli olsa da, onların tarixi irsinin öyrənilməsi Azərbaycanın dövlətçilik tarixinin ardıcıl mərhələlərini təhlil etməyə imkan verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB