Qubadlı yenidən qurulur, həyat doğma yurda qayıdır - MƏQALƏ

Qubadlı yenidən qurulur, həyat doğma yurda qayıdır - MƏQALƏ

Azərbaycanın ərazi bütövlüyünün bərpası və torpaqlarımızın işğaldan azad edilməsi xalqımızın tarixində yeni bir dövrün başlanğıcı oldu. Bu gün azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri, müasir infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı tarixi Zəfərimizin davamıdır. Bu baxımdan Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin yaradılması xüsusi əhəmiyyət daşıyır.​​​​​​​​​​​1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Qubadlı uzun illər doğma sakinlərindən ayrı qaldı. İşğal nəticəsində şəhərin infrastrukturu dağıdıldı, yaşayış məntəqələri yararsız vəziyyətə salındı, minlərlə insan öz doğma yurdunu tərk etmək məcburiyyətində qaldı. Lakin qubadlılılar illər boyu doğma torpaqlarına qayıdacaqlarına inamlarını itirmədilər. Bu inam 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad edilməsi ilə gerçəyə çevrildi.​​​Qubadlı şəhərinin azad edilməsi Vətən müharibəsində qazanılmış tarixi Zəfərin mühüm mərhələlərindən biri oldu. Azərbaycan Ordusunun qəhrəmanlığı və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən bu qələbə doğma torpaqlarımızda həyatın yenidən bərpasına yol açdı. Bu gün Qubadlıda aparılan quruculuq işləri həmin qələbənin real nəticələrini nümayiş etdirir. Şəhərin yenidən qurulması istiqamətində atılan mühüm addımlardan biri ilk yaşayış məhəlləsinin inşasıdır. Layihənin təməli 2023-cü il mayın 4-də Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Müasir şəhərsalma prinsipləri əsasında nəzərdə tutulan yaşayış məhəlləsi sakinlərin rahat və təhlükəsiz yaşayışının təmin edilməsinə xidmət edir. Burada yeni yaşayış binaları ilə yanaşı, abadlıq işlərinin aparılması, yaşıllıq sahələrinin, istirahət və uşaq oyun zonalarının yaradılması planlaşdırılıb. Məqsəd yalnız binalar inşa etmək deyil, insanların doğma şəhərlərində rahat həyat sürmələri üçün müasir yaşayış mühiti formalaşdırmaqdır.​​​Qubadlıda ilk yaşayış məhəlləsinin yaradılması Böyük Qayıdış proqramının mühüm istiqamətlərindən biridir. Doğma yurda qayıdış insanların öz evlərinə dönməsi ilə yanaşı, onların həyatlarını yenidən qurması, ailə ənənələrini yaşatması və gələcəyə inamla baxması deməkdir. Uzun illər doğma torpaqlarından uzaqda yaşayan qubadlılılar üçün yeni yaşayış məhəlləsi illərlə gözlənilən arzuların gerçəkləşməsinə doğru atılan əhəmiyyətli addımdır.​​​​​​​​​​Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri Azərbaycanın gücünü, iqtisadi imkanlarını və gələcəyə yönəlmiş inkişaf strategiyasını əks etdirir. Qubadlıda yeni yaşayış sahələrinin salınması, infrastrukturun qurulması və şəhərin mərhələli şəkildə yenidən dirçəldilməsi bölgənin sosial-iqtisadi inkişafına da töhfə verəcək. Doğma sakinlərin qayıdışı ilə şəhərdə həyat canlanacaq, yeni imkanlar yaranacaq və Qubadlı yenidən inkişaf edən yaşayış məkanına çevriləcək.​​​25 Oktyabr – Qubadlı Şəhəri Günü xalqımızın qəhrəmanlığını, birliyini və tarixi ədalətin bərpasını təcəssüm etdirir. Bu əlamətdar gün həm də azad edilmiş torpaqlarda qurulan yeni həyatın əhəmiyyətini bir daha xatırladır. Qubadlıda ilk yaşayış məhəlləsinin inşası sübut edir ki, Azərbaycan qazandığı Zəfəri quruculuq və inkişafla möhkəmləndirir. Doğma torpaqlarında yenidən həyat quracaq qubadlılıları qarşıda firavan günlər gözləyir. Qubadlı azadlığın, dirçəlişin və Böyük Qayıdışın rəmzi kimi gələcəyə inamla addımlayır.

YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov

Bütün xəbərlər Facebook səhifəmizdə