“Turizm xalqlar arasında qarşılıqlı anlaşma və sülhün möhkəmlənməsinə töhfə verir”

“Turizm xalqlar arasında qarşılıqlı anlaşma və sülhün möhkəmlənməsinə töhfə verir”

Turizm mədəniyyətlərarası anlaşmanın gücləndirilməsi, yerli icmaların inkişafı və daha inklüziv cəmiyyətin qurulması baxımından mühüm rol oynayır.

SİA xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dövlət Turizm Agentliyi və BMT Turizmin birgə təşkilatçılığı ilə keçirilən “Ortaq gələcək naminə turizm: inklüzivlik, bərabərlik və icma liderliyi sülhün qurulmasına necə töhfə verir” adlı panel sessiyasında deyib.

O bildirib ki, turizm müxtəlif ölkələrdən olan insanları bir araya gətirərək onların fərqli mədəniyyətləri və ənənələri daha yaxından tanımasına imkan yaradır. Bu sahə qarşılıqlı hörmətin, tolerantlığın və xalqlar arasında əməkdaşlığın inkişafına töhfə verir.

F.Nağıyev qeyd edib ki, Azərbaycan COP29 çərçivəsində 2024-cü ildə BMT-nin Turizm Təşkilatı və COP29 sədrliyi ilə birlikdə iqlim konfransları tarixində ilk dəfə Turizm Gününü təşkil edib. Həmin tədbir turizmin iqlim dəyişikliyi ilə mübarizədə roluna diqqəti artırıb.

Agentliyin sədri vurğulayıb ki, COP29-un nəticələrindən biri turizm sahəsində iqlim fəaliyyətinin gücləndirilməsinə dair Bakı Bəyannaməsi olub. Sənəd turizm sektorunda emissiyaların azaldılması və iqlim dəyişikliyinə uyğunlaşma istiqamətində birgə fəaliyyət üçün çərçivə yaradıb.

O, həmçinin turizmdə inklüzivliyin, gender bərabərliyinin və bərabər imkanların təmin edilməsinin vacibliyini diqqətə çatdırıb. Bildirib ki, əlilliyi olan şəxslər, qadınlar və yerli icmalar turizm imkanlarından yararlanarkən müxtəlif maneələrlə üzləşə bilirlər.

F.Nağıyevin sözlərinə görə, səyahətin daha əlçatan olması, qadınların turizm sektorunda dəstəklənməsi və yerli icmaların qərarların qəbulunda iştirakının genişləndirilməsi bu sahənin faydalarının daha geniş insan qruplarına çatmasına imkan verəcək.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə