Təbiət qoynunda salınan uzun məsafəli yürüyüş marşrutları müxtəlif ölkələrdən olan insanları bir araya gətirir, yerli icmaların inkişafına və mədəni irsin qorunmasına töhfə verir.
SİA xəbər verir ki, bunu "Transcaucasian Trail" təşkilatının Bakı üzrə layihə rəhbəri Günay Mürşüdova VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dövlət Turizm Agentliyi və BMT Turizmin birgə təşkilatçılığı ilə keçirilən "Ortaq gələcək naminə turizm: inklüzivlik, bərabərlik və icma liderliyi sülhün qurulmasına necə töhfə verir" adlı panel sessiyasında deyib.
O bildirib ki, təbiəti və yürüyüş marşrutlarını insanlar üçün daha əlçatan etmək məqsədilə başlayan təşəbbüs zamanla dünyanın müxtəlif yerlərindən olan insanları səyahət vasitəsilə birləşdirən, yerli əhalinin imkanlarını genişləndirən və onların öz bizneslərini qurmasına dəstək verən platformaya çevrilib. Hazırda bu baxış Xəzər dənizindən Qara dənizə qədər Cənubi Qafqaz boyunca uzanan dünya səviyyəli səyahət marşrutunun yaradılmasına istiqamətlənib.
G.Mürşüdovanın sözlərinə görə, təkcə bu il yürüyüş yollarının salınması üzrə düşərgələrə 90-dan çox könüllü qoşulub. Son on il ərzində könüllülər 30 mindən artıq saat sərf edərək yolların salınmasına, xəritələşdirilməsinə və ictimai istifadəyə açılmasına kömək ediblər.
O qeyd edib ki, müxtəlif ölkələrdən gələn, fərqli dillərdə danışan gənclərin təbiətdə birgə çalışması onların ortaq dəyərlərini bölüşməsinə, təcrübə mübadiləsi aparmasına və qarşılıqlı anlaşma qurmasına şərait yaradır.
Layihə rəhbəri vurğulayıb ki, yürüyüş marşrutları boyunca yerli icmalarla qurulan əlaqələr də xüsusi əhəmiyyət daşıyır. Sakinlər öz hekayələrini bölüşür, səyahətçiləri qəbul edir, yerli irsin yaşadılmasına və mədəniyyətlərarası ünsiyyətin güclənməsinə töhfə verirlər.
Onun sözlərinə görə, bu il 50-dən çox yerli tərəfdaş və qonaq evi sahibi ilə birbaşa əməkdaşlıq edilib, xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə praktiki təlimlər keçirilib və standartlaşdırılmış xidmət çərçivələri təqdim olunub. Bu əməkdaşlıq yerli sakinlərin turizmdən faydalanması, xüsusilə qadınların və gənclərin iqtisadi fəaliyyətlərdə iştirak imkanlarının genişlənməsi baxımından əhəmiyyətlidir.
G.Mürşüdova bildirib ki, uzun məsafəli yürüyüş marşrutları yalnız fiziki yollar deyil, həm də insanlar arasında mənalı ünsiyyət, birlik və qarşılıqlı anlaşma üçün davamlı məkan yaradır. Müxtəlif icmaların nümayəndələrinin birgə fəaliyyəti təbiətə çıxışın əlçatanlığının ortaq gələcəyin qurulmasına töhfə verdiyini göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB