“Xınalığın qorunması yerli mədəni irsin və dilin yaşadılması deməkdir” - Leyla Musayeva

“Xınalığın qorunması yerli mədəni irsin və dilin yaşadılması deməkdir” - Leyla Musayeva

Xınalıqda mədəni irsin qorunması, ənənəvi memarlığın yaşadılması və davamlı turizmin inkişafı yerli icmanın gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır.

SİA xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Mədəni İrsin İnkişafı şöbəsinin müdiri Leyla Musayeva VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dövlət Turizm Agentliyi və BMT Turizmin birgə təşkilatçılığı ilə keçirilən “Ortaq gələcək naminə turizm: inklüzivlik, bərabərlik və icma liderliyi sülhün qurulmasına necə töhfə verir” adlı panel sessiyasında deyib.

O bildirib ki, 2007-ci ildə Prezidentin xüsusi sərəncamı ilə Xınalıq dövlət tarix-mədəniyyət və etnoqrafiya qoruğu elan edilib. 2023-cü ildə isə Xınalıq və Köç yolu mədəni landşaftı UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olunub.

L.Musayeva qeyd edib ki, bu ərazinin əhəmiyyəti yalnız kəndin özü ilə məhdudlaşmır. Xınalıq və Köç yolu mədəni landşaftı yaylaq və qışlaqları birləşdirən mövsümi köç marşrutunu, eləcə də Azərbaycanın zəngin mədəni irsini özündə ehtiva edir. 2021–2024-cü illərdə ərazidə aparılan bərpa və konservasiya işləri də irsin qorunmasına xidmət edib.

Şöbə müdiri vurğulayıb ki, turizmin inkişafı yerli qadınların sənətkarlıq və digər turizmlə əlaqəli fəaliyyətlərdə iştirak imkanlarını genişləndirir. Bununla yanaşı, ənənəvi memarlığın, yerli dilin və mədəni ənənələrin qorunması, gənc nəslin öz irsi ilə əlaqəsinin möhkəmləndirilməsi vacibdir.

Onun sözlərinə görə, davamlı turizm yerli icma üçün yeni iqtisadi imkanlar yaratmaqla yanaşı, mədəni irs haqqında məlumatlılığın artmasına və kəndin qorunmasında sakinlərin iştirakının güclənməsinə də töhfə verə bilər.

L.Musayeva əlavə edib ki, turizm həm imkanlar, həm də müəyyən çətinliklər yaratsa da, Xınalığın özünəməxsus yaşayış məskəni və onun sakinlərinin mədəni irsinin qorunması istiqamətində mühüm işlər görülüb.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə