“Əldə etdiyimiz müstəqilliyimiz bundan sonra da əbədi və möhkəm olacaq” - ŞƏRH

“Əldə etdiyimiz müstəqilliyimiz bundan sonra da əbədi və möhkəm olacaq” - ŞƏRH

“Prezident cənab İlham Əliyevin rəhbərliyi Azərbaycanın dövlətçiliyini qoruyub saxlamış, onun bünövrəsini möhkəm qurmuş Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamıdır. Bu siyasi kurs uğurla davam etdirilmiş, zamanın tələblərinə uyğun olaraq daha da zənginləşdirilmiş və Azərbaycanın böyük uğurlar qazanmasına imkan yaratmışdır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, ən böyük nəticə müstəqilliyimizin qorunub saxlanılması, ərazi bütövlüyümüzün bərpa edilməsi və Azərbaycanın möhkəm dayanmasının təmin olunmasıdır:

“Sovet quruluşundan demokratik bazar münasibətlərinə söykənən quruluşa keçid təmin edilmişdir. Bu gün Azərbaycan bütün sahələrdə uğurlar əldə edə bilmişdir. Azərbaycan vətəndaşı hüquqlarının qorunduğunun və azad vətəndaş kimi yaşamasının təmin edildiyinin şahididir.

Bu gün Azərbaycan vətəndaşı öz problemlərinin həllinin dövlətin diqqətində olduğunu və təhlükəsizliyinin təmin edildiyini dərk edir.

Azərbaycanda iqtisadi quruluş dəyişmiş, neft sektorunun monopoliyaya əsaslandığı iqtisadi modeldən digər sahələrin də geniş inkişaf etdiyi bir sistemə keçid baş vermişdir. Azərbaycan mədəniyyəti və incəsənəti qorunub saxlanılmış, zənginləşdirilmişdir. Azərbaycanın tarixi obyektivliklə yenidən öyrənilmişdir.

Beynəlxalq birlikdə Azərbaycanın nüfuzu durmadan artmışdır. Eyni zamanda, Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi də ölkəmizin qazandığı nüfuzun göstəricisi hesab edilə bilər.

Cənab Prezidentin siyasi kursu cəmiyyətdə böyük dəstəyə malikdir. Seçkilərdə seçicilərin ona səs verməsi bu kursa göstərilən etimadın ifadəsidir.

Ölkə qarşısında duran məsələlərin həllinə ciddi yanaşılır, müsbət nəticələr əldə edilir və bundan sonra da ölkəmizin güclü və nüfuzlu olması üçün bütün addımlar atılır.

Cənab Prezidentimiz həmişə xalqın yanındadır, xalqı dinləyir, görülən işlər barədə hesabat verir. Bütün bunlar bir daha göstərir ki, tarixin müəyyən bir mərhələsində əldə etdiyimiz müstəqilliyimiz bundan sonra da əbədi və möhkəm olacaq”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə