“Turizmdən əldə olunan gəlirlərin 20 faizi Uqandada yerli icmalara yönəldilir” - A.Kalembe

“Turizmdən əldə olunan gəlirlərin 20 faizi Uqandada yerli icmalara yönəldilir” - A.Kalembe

Turizm Uqandada məşğulluğun artırılması, qadın sahibkarlığının inkişafı və yerli icmaların rifahının yüksəldilməsi baxımından mühüm iqtisadi sahələrdən biridir.

SİA xəbər verir ki, bunu “Women in Hospitality Uganda” təşkilatının təsisçisi, “Gazelle Safaris DMC” şirkətinin baş icraçı direktoru Ann Kalembe VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dövlət Turizm Agentliyi və BMT Turizmin birgə təşkilatçılığı ilə keçirilən “Ortaq gələcək naminə turizm: inklüzivlik, bərabərlik və icma liderliyi sülhün qurulmasına necə töhfə verir” adlı panel sessiyasında deyib.

O bildirib ki, pandemiyadan əvvəlki dövrlə müqayisədə Uqandaya gələn turistlərin sayı iki dəfədən çox artıb. Turizm sektoru ölkədə təxminən bir milyon iş yeri ilə əlaqəlidir və əhalinin əhəmiyyətli bir hissəsinin dolanışıq mənbəyidir.

A.Kalembe qeyd edib ki, Uqanda hökuməti 2040-cı ilədək ölkə iqtisadiyyatını əhəmiyyətli dərəcədə böyütməyi hədəfləyir. Bu məqsədə çatmaq üçün turizm kənd təsərrüfatı, faydalı qazıntılar, elm və texnologiya ilə yanaşı, prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib.

Onun sözlərinə görə, ölkədə ondan çox milli park və qoruq fəaliyyət göstərir və turizm əsasən vəhşi təbiətə söykənir. Bununla belə, təbii ehtiyatların qorunması ilə yanaşı, turizmdən əldə olunan gəlirlərin yerli əhali arasında bölüşdürülməsi də vacibdir.

A.Kalembe vurğulayıb ki, bu məqsədlə Uqandada turizm gəlirlərinin 20 faizinin yerli icmalara yönəldilməsini nəzərdə tutan mexanizm tətbiq olunur. Həmin vəsaitlər yerli məktəblərin və icma layihələrinin dəstəklənməsinə, milli parkların ətrafında yaşayan insanların dolanışıq imkanlarının yaxşılaşdırılmasına xidmət edir.

O əlavə edib ki, turizmin inkişafı qadınların iqtisadi müstəqilliyinin gücləndirilməsi və sahibkarlıq fəaliyyətinə cəlb olunması baxımından da əhəmiyyətlidir. Qadınlara biznes qurmaq imkanı yaradıldıqda, bunun müsbət təsiri yalnız onların özləri ilə məhdudlaşmır, ailələrə və bütövlükdə yerli icmalara da yayılır.

A.Kalembenin sözlərinə görə, turizm geniş iqtisadi dəyər zənciri yaradır. Səyahət xidmətlərindən yanacaqdoldurma məntəqələrinə, hava limanı xidmətlərindən yerli bələdçilərin fəaliyyətinə qədər bir çox sahə bu sektordan faydalanır. Buna görə də yerli əhalinin, xüsusilə qadınların və həssas qrupların turizm zəncirində iştirakına mane olan baryerlərin aradan qaldırılması vacibdir.

O bildirib ki, turizmin əsas məqsədi yalnız ölkəyə gəlir gətirmək deyil, həm də məşğulluğu artırmaq, yerli icmaların inkişafını dəstəkləmək və sülhün möhkəmlənməsinə töhfə verməkdir. Bu sahədə imkanların hamı üçün əlçatan olması xüsusi əhəmiyyət daşıyır.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə