"Uşaqların və yeniyetmələrin idmana cəlb olunması dövlət siyasətinin mühüm istiqamətidir" - DEPUTAT DANIŞDI
"İdman artıq müasir dünyada yalnız fiziki sağlamlıq və yarış meydanlarında qazanılan medallarla ölçülmür. İdman həm də dövlətin gücünü, beynəlxalq nüfuzunu, gənc nəslin sağlam gələcəyini və milli birliyini nümayiş etdirən mühüm strateji sahəyə çevrilib. Azərbaycan da məhz bu yanaşmadan çıxış edərək idmanı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Prezident İlham Əliyevin idmana və idmançılara göstərdiyi diqqət, ölkəmizdə müasir idman infrastrukturunun yaradılması və beynəlxalq yarışların təşkili bu siyasətin əsas istiqamətləridir".
Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Azərbaycanın son illərdə mötəbər beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi təsadüfi deyil. Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları, dünya və qitə yarışları və digər nüfuzlu idman tədbirləri ölkəmizin təşkilatçılıq imkanlarını, təhlükəsizliyini və müasir infrastrukturunu beynəlxalq ictimaiyyətə nümayiş etdirib. Bu tədbirlər təkcə idman hadisəsi deyil, həm də Azərbaycanın dünyada tanıdılması, turizm imkanlarının genişləndirilməsi və beynəlxalq əlaqələrinin inkişafı baxımından əhəmiyyətli platformalardır:
"Prezident İlham Əliyevin idmançılarla mütəmadi görüşləri, onların uğurlarını yüksək qiymətləndirməsi və dövlət səviyyəsində mükafatlandırılması gənclər üçün mühüm mənəvi stimuldur. Dövlət başçısının bu sahəyə münasibəti göstərir ki, Azərbaycan üçün idmançı yalnız medal qazanan şəxs deyil, həm də ölkəmizin bayrağını beynəlxalq arenalarda yüksəldən, dövlətimizi təmsil edən milli qürur mənbəyidir.
Digər mühüm məsələ idmanın paytaxtla məhdudlaşmamasıdır. Regionlarda Olimpiya idman komplekslərinin, müasir idman qurğularının yaradılması gənclərin idmana çıxış imkanlarını genişləndirir. Xüsusilə uşaqların və yeniyetmələrin idmana cəlb olunması sağlam həyat tərzinin təşviqi ilə yanaşı, onların zərərli vərdişlərdən uzaqlaşdırılması, intizamlı və vətənpərvər ruhda yetişməsi baxımından böyük əhəmiyyət daşıyır.
Hesab edirəm ki, qarşıdakı dövrdə əsas hədəflərdən biri kütləvi idmanın daha da genişləndirilməsi, məktəb idmanının gücləndirilməsi və regionlarda istedadlı gənclərin aşkar olunması üçün imkanların artırılması olmalıdır. Çünki böyük idman uğurları məhz geniş və sağlam idman mühitindən başlayır.
Bir mühüm məqamı da xüsusi vurğulamaq istəyirəm: İdmanda qazanılan qələbə yalnız bir idmançının şəxsi uğuru deyil, həm də ölkənin beynəlxalq imicinə qoyulan sərmayədir. Azərbaycan himninin beynəlxalq arenalarda səslənməsi, üçrəngli bayrağımızın yüksəlməsi xalqımızda milli qürur hissini gücləndirir.
Bu baxımdan dövlətin idman siyasətinin strateji əhəmiyyəti yalnız bugünkü nəticələrlə deyil, gələcək nəsillərə yaradılan imkanlarla ölçülməlidir. Güclü idman infrastrukturu, sağlam gənclik və beynəlxalq arenalarda uğurlu təmsilçilik Azərbaycanın uzunmüddətli inkişafına xidmət edən bir-biri ilə bağlı istiqamətlərdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB